“RNQ Group” MMC qanunsuz şəkildə binanı söküb... - GİLEY
3-05-2021, 10:28
Bakı sakini, əslən Xankəndindən olan Məmişova Xalimə Qəhrəman qızı obyektinin sökülməsi ilə bağlı redaksiyamıza müraciət edib. Xalimə Məmişovanın sözlərinə görə, Bakı şəhəri Ə.Əlizadə 30 ünvanında yerləşən binada ona məxsus obyektlər heç bir əsası olmadan sökülüb: “3 ildir ki, ”RNQ Group" MMC həmin ünvanda yerləşən mülkiyyət toxunulmazlığına dair obyektlərimin yerləşdiyi binanı razılığım olmadan söküb. Adıçəkilən MMC binanı sökərək, dəmir və taxta materialları daşıyaraq satır.
Qeyd edim ki, rəsmi surətdə həmin binada yerləşən obyektlərimin mülkiyyət toxunumazlığına dair 2 şəhadətnamə və 2 texpasportum var. MMC isə obyektlərimi qəzalı vəziyyətə gətirərək, mənə külli miqdarda maddi və mənəvi ziyan vurub. 3 ildir ki, sahibkarlıq fəaliyyətimdən və hüquqlarımdan məhrumam.
Bir neçə gün öncə sökülən binaya gedərək, obyektlərimin son vəziyyəti ilə maraqlanmaq istədim. Lakin məlum oldu ki, obyektlərim dağıntılar altındadır. Onların hansı vəziyyətdə olduğunu görmək mümkün deyil.
“RNQ Group” MMC qanunsuz şəkildə binanı söküb, oradakı vətəndaşlara və eyni zamanda mənim obyektlərimizə ciddi ziyan vurmaqla yanaşı, binanın həyətindəki yaşıllığı da məhv edib, xeyli sayda ağacları kəsib".
Şikayətçi məsələ ilə bağlı aidiyyəti qurumlardan köməklik istəyib: “Aidiyyəti qurumlardan xahiş edirəm, mənim pozulan hüquqlarımın bərpa edilməsi, qanunsuz şəkildə fəaliyyət göstərən ”RNQ Group" MMC-nin cəzalandırılması üçün hüquqi köməklik göstərsinlər".
Məsələ ilə bağlı qarşı tərəfin, “RNQ Group” MMC-nin mövqeyini öyrənməyə çalışdıq. Özünü qurumun hüquqşünası kimi təqdim edən Vahid adlı şəxs qeyd etdi ki, məsələ ilə bağlı hazırda məhkəmə prosesi aparılır: “Ə.Əlizadə 30 ünvanında yerləşən binada Xalimə Məmişovanın obyektinə toxunmadan söküntü işi aparmışıq. Bununla bağlı məhkəmə prosesi də aparılıb və məhkəmənin çıxardığı qətnaməyə əsasən sahibkarın obyektinə toxunmamışıq. Apelyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb. Binada X.Məmişovaya məxsus 88 kvadratlıq obyekt var. Biz ona 106 kvadratlıq ərazi verməyi təklif etdik. Həmçinin qiymətləndirmə aparılıb və biz həmin məbləği ödəməyi təklif etmişik, lakin o, bizimlə razılaşmayıb.
Qeyd edim ki, X.Məmişovanın obyektləri dağıntılar altında qalmayıb. Məsələ ilə bağlı Ali Məhkəmənin son qərarını gözləyirik. Məhkəmə hansı qərarı qəbul etsə, onun əsasında hərəkət edəcəyik".
Hüquqşünas binanın həyətində yaşıllığın məhv edilməsi, ağacların kəsilməsi iddiasına da cavab verib: “Həyətdə heç bir yaşıllıq məhv edilməyib. ”RNQ Group" MMC rayon icra hakimiyyətinə, eləcə də Ekologiya Nazirliyinə müraciət edib və ağaclar ərazidən köçürülüb."