Kimlər torpaq vergisi ödəyicisi hesab edilir? – ŞƏRH
3-05-2021, 16:32
Müəssisələrin torpaq vergisi hesabatlarını təqdim etməsi müddətinə az qalır.
Valyuta.az xəbər verir ki, mövzunu şərh edən maliyyə mütəxəssisi Vüqar Mirheydərov, torpaq vergisinin ödəyicilərinin ölkə ərazisində, mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr olduğunu qeyd edib.
Bir məqama xüsusi diqqət yetirməyin vacib olduğunu diqqətə çatdıran mütəxəssis bildirib ki, mülkiyyətində bina və ya binanın bir hissəsi olan şəxslər də torpaq vergisi ödəyicisi hesab edilir:
“Çünki bina hansısa torpaq sahəsi üzərində dayanır və beləliklə əmlakın sahibi həmin torpaq sahəsinin istifadəçisinə çevrilir. Kənd təsərrüfatı torpaqları üçün torpaq vergisi dərəcəsi hər 100 kvadratmetr üçün 2 manat müəyyən edilib. Təyinatı üzrə istifadə olunan kənd təsərrüfatı torpaqları və ya suvarma, meliorasiya və ya digər aqrotexniki səbəblərdən istifadəsi mümkün olmayan ərazilərə verginin hesablanması 1 şərti nöqtə üçün 0,06 manat nisbətində hesablanır. Bu bəndlər, eləcə də bu növ torpaqların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənir”.
V.Mirheydərov sonda vurğulayıb ki, bütün digər hallarda, torpaq vergisi Vergi Məcəlləsinin 206.3 maddəsində qeyd olunmuş cədvələ əsasən hesablanır.