Kökü "MTN işi"nə uzanan qalmaqallı proses - "Pul verib obyekt almışıq, amma "Xalq Bank" bizi içəri buraxmır"
3-05-2021, 19:27
“Yasmin” biznes mərkəzindən illər öncə obyekt alan sahibkarlar çıxılmaz vəziyyətdə qalıblar. Pul verib aldıqları obyektlərdən istifadə edə, qapısına yaxınlaşa bilmirlər.
Buna səbəb isə biznes mərkəzinin bankda girov qoyulmasıdır. Biznes mərkəzinin sahibi Mərhəmət Bəşirov obyekti 2015-ci ildə “Xalq Bank”a girov qoyaraq kredit götürüb. Kredit ödənilmədiyi üçün də bank məhkəməyə müraciət edib və əmlakın üzərinə həbs qoyulub. İllər əvvəl pul verib obyekt alan sahibkarlar hazırda duruma düşüblər.
Məlumat üçün qeyd edək ki, Mərhəmət Bəşirov “Mars-M” firmasının rəhbəri, Texniki Universitetin prorektoru Bəşir Bəşirovun oğludur. Mərhəmət Bəşirov bir zamanlar Eldar Mahmudovun ən sadiq adamlarından biri, hazırda “İnterpol” xətti ilə axtarışda olan “Akula Akif” ləqəbli Akif Mustafayevin şəriki olub.
Mərhəmət Bəşirov uzun illər bizneslə məşğul olub. Onun həbsinin kökü "MTN işi"nə bağlanır. Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra bu firma ətrafında da qalmaqallı proseslər gündəmə gəldi.
“Akula Akif” ləqəbli Akif Mustafayevin “Mars-M” şirkətinə qarşı iddiası ilə məhkəmə çəkişmələri başladı. Akif Mustafayevin “Mars-M” şirkətində 25 faizlik paya hansı şərtlər daxilində sahib olduğu bilinmir. Belə məlumatlar var ki, Akif Mustafayev “Mars-M” şirkətinin təsisçiləri olan Bəşirov qardaşlarının qaynıdır.
Narazı vətəndaşlar deyir ki, mülkiyyət hüquqları məhkəmə qərarı ilə tanınsa da “Xalq Bank” rəhbərliyi məhkəmələrə təzyiqlər göstərirlər.
Qeyd edək ki, Mərhəmət Bəşirov Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və dələduzluq maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Sahibkarların narazılığı ilə bağlı “Xalq Bank”dan bildirildi ki, məsələ ilə bağlı açıqlama veriləcək.