Dəvələr niyə COVID-19-a yoluxmur? - Dubayda alimlərin tədqiqatının nəticələri açıqlanıb
3-05-2021, 22:00
Birləşmiş Ərəb Əmirliklərində alimlər COVID-19-un dəvələrin immun sisteminə təsirini araşdırıblar. Alman professoru Ulrix Vernerin rəhbərlik etdiyi Dubay Baytarlıq Tədqiqatları Mərkəzində bu heyvanların bədəninə süni yolla yeni növ koronavirus yeridilib. Alimlər dəvələrin orqanizmində yaranan anticisimi araşdıraraq maraqlı nəticələr əldə ediblər.
Teref.Az bildirir ki, AZƏRTAC "Alarabia" telekanalının reportajına istinadla xəbər verir ki, Yaxın Şərq Respirator Sistemi (MERS) adlanan nəfəsalma üstünlüyünə malik olan dəvələrdə COVID-19-un insanda, pişikkimilərdə və digər canlılarda törətdiyi nəfəs darlığı, qastrointenstinal problemlər, böyrək çatışmazlığı və bütün bunların nəticəsində baş verən ölüm halları aşkar edilməyib. Alimlər müəyyən ediblər ki, "səhra gəmisi" adlanan bu heyvanlarda virus reseptoru yoxdur. Bu səbəbdən COVID-19 onların mukosa hüceyrələrinə hücum edə bilmir və ağciyərə keçmədən məhv olur. Bundan başqa, orqanizminə virus yeridilmiş dəvələr bunu digər canlılara yoluxdurmur.
Ulrix Verner bildirib ki, bundan əvvəl ABŞ-da və Böyük Britaniyadakı zooparklarda qorilla, pələng və bəbirin COVID-19-a yoluxduğu və virusun digər heyvanlar üçün də yoluxdurucu olduğu müəyyən edilib. Danimarkada isə minkdə mutant virus aşkarlanıb. Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatı heyvanların COVID-19-u yayması riskinin çox az olduğunu bəyan edib.
Alman professor əlavə edib ki, dəvələr üzərində aparılan tədqiqatlar COVID-19-un müalicəsində yeni perspektiv aça bilər. O hesab edir ki, bu heyvanların orqanizmində yeni növ koronavirusa qarşı yaranan anticisim insanların müalicəsində faydalı olacaq.