ABŞ dövlət katibinin “dünya düzəninə xələl gətirmişik” etirafı

9-05-2021, 09:26           
ABŞ dövlət katibinin “dünya düzəninə xələl gətirmişik” etirafı
Politoloq: “Amerikanın xarici siyasətində sanki ardıcıllıq yoxdur”
ABŞ dövlət katibi Entoni Blinken xarici siyasətinə rəhbərlik etdiyi dövlətin mövcud dünya düzəninə xələl gətirəcək hərəkətlərə yol verdiyini bildirib. O, bu etirafı BMT Təhlükəsizlik Şurasının iclasında səsləndirib. Onun sözlərinə görə, müasir dövrdə hər kəs üzərinə düşdüyü öhdəliklərə könüllü şəkildə sadiq qalmağa görə məsuliyyəti öz üzərinə götürməlidir. “Bu, Birləşmiş Ştatlara da aiddir. Mən bilirəm ki, bizim bəzi hərəkətlərimiz dünyada hüquqa dayanan qaydalara zərər vurub və başqalarını bizim həmin düzənə sadiq qalıb-qalmadığımızı sorğulamağa məcbur edib”, - deyə o bildirib. Entoni Blinken Co Bayden administrasiyası dövründə ABŞ-ın beynəlxalq birliklə çoxtərəfli fəaliyyətə geri dönəcəyinə söz verib.

ABŞ-ın hansı səhvlərindən söhbət gedir? Söhbət yalnız Tramp hökumətinin bir neçə təşkilatdan çıxmasından gedir, yoxsa “rəngli inqilablar”, hakimiyyət dəyişiklikləri də nəzərdə tutulur?

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Blinkenin dediklərindən çıxan nəticəni bu cür şərh etdi: “Blinkenin bölgədəki çıxışı ilk növbədə, beynəlxalq hüquq normalarına riayət edilməsini nəzərdə tutmalıdır. Ümidvaram ki, bu belədir. Bu çox mühüm amildir. Beynəlxalq təşkilatların təməl prinsiplərinə riayət etmək, beynəlxalq hüquq normalarına əməl etmək hər bir dövlətə, onun siyasətinə aid olmalıdır. Heç bir dövlət dünyada öz istədiyi kimi hərəkət edə bilməz. Həcminə, gücünə baxmayaraq hər bir ölkənin, xalqın öz hüquqları var.

Bu hüquqlara hörmətlə yanaşmaq lazımdır. Ən azından pandemiya dövrü bir çox gerçəkləri çılpaqlığı ilə göstərdi. Çox təəssüflər ki, böyük dövlətlər vaksinləri öz əllərində cəmləşdirərək ilk növbədə, öz ehtiyacları barədə düşündülər. Lakin unutmaq olmaz ki, heç kəs tək pandemiyadan qurtula bilməz. Hamı səylərini birləşdirib, birlikdə bu bəladan qurtulmalıdır. Bu digər məsələlərə də aiddir. Zənnimcə, beynəlxalq hüquq normalarına, BMT-nin özünün təməl prinsiplərinə əməl etmək dünyada haqq-ədaləti bərpa edə bilər”.

Politoloq Əhəd Məmmədli Baydenin Amerikanı ənənəvi xarici siyasətinə qaytarmaq niyyətində olduğunu söylədi: “Bu açıqlama ilə Amerika göstərmək istəyir ki, beynəlxalq xarici siyasətə qayıdırıq. Son dönəmlərdə xarici siyasətdə ABŞ-ın fəaliyyəti zəifləmişdi. Daha çox daxili siyasətə üstünlük verilirdi. Tramp deyirdi ki, biz niyə Avropaya, ərəb ölkələrinə pul xərcləməliyik, Rusiyadan Avropanı, ərəb ölkələrini İrandan qorumalıyıq. Bildirirdi ki, pul versinlər ondan sonra qoruyaq. Trampın bir qədər biznesmen yanaşması var idi. Amma indi Bayden Amerikanı ənənəvi siyasətinə qaytarmaq niyyətindədir. Bunu Blinken kimilərinin dili ilə deyir. Birləşmiş Ştatlar müttəfiqlərinə aid öhdəlikləri öz üzərinə götürür. Ola bilsin ki, bu açıqlamalarda demokratiya və bu kimi bəzi məsələlərdə Amerikanın hüququn yanında olmamaqla buraxdığı bir sıra səhvlər nəzərdə tutulur. Bir növ bu səhvlərin düzəldiləcəyi bildirilir. Bu açıqlamanı dünyaya yönəlmiş mesajlar kimi də qəbul etmək olar”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Böyük ehtimalla Blinken Tramp dövrünü və onun dövründəki xarici siyasəti nəzərdə tutaraq, tənqidi fikirlərini söyləyib. Çünki xatırlamaq yerinə düşər ki, Tramp hakimiyyətə gələndən sonra keçmiş hakimiyyətin bir sıra qərarlarını dəyişdi, NATO tənqid olunmağa başladı, birgə hərəkətlər də oldu. Blinken bunu nəzərdə tutur. Bir də ola bilsin ki, yaxın keçmişdə Amerikanın rəngli inqilablara verdiyi dəstəyi də nəzərdə tutur. Məsələn, ”Ərəb baharı" ola bilər. Dövlətlərə, millətlərə həmin proseslər xeyir gətirmədi. Əksinə, xaos, vətəndaş müharibəsi, terror hadisələrinin artması kimi hallar baş verdi. Blinken bunu da nəzərdə tuta bilər. Ən böyük problem odur ki, Blinken bunu deyərkən özünü tənqidi fikirlər söyləyir. Guya bu səhvlərdən nəticə çıxarırlar. Məsələn, səhəri gün başqa bir prezident iqtidara gəlsə, Tramp yenidən prezidentik iddiasını ortaya qoysa - necə ki, 2024-cü ildə namizəd ola bilər - nəsə dəyişəcəkmi? Bu daha çox o anlama gələ bilər. Amerikanın xarici siyasətində sanki ardıcıllıq yoxdur. Biri gəlir qurur, biri gəlir dağıdır. O biri gəlir, dağıtdığını yenidən qurmağa çalışır. Əslində böyük dövlət üçün bu çox qüsurludur. İnam yoxdur ki, gələcəkdə başqa bir prezident Amerikanın yenidən xarici siyasətini dəyişməyəcək. Belə bir təminat yoxdur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.