Metroda gedişhaqqı – 50 qəpik, yoxsa 1 manat?

21-05-2021, 17:21           
Metroda gedişhaqqı –
Son günlər sosial şəbəkələrdə Bakı Metropolitenində gediş haqqının 97 qəpik – 1 manata qədər qaldırılacağı ilə bağlı çox saylı söz-söhbətlər dolaşır. Hətta bəzi vətəndaşlar hesab edir ki, bu gün metropolitenin fəaliyyətinin dayandırılmasına əsas səbəb pandemiya yox məhz elə gediş haqqı məsələsidir.

Müzakirələr vətəndaşlar arasında narahatlıq yaradıb və onların narazılığına səbəb olub. Bəs görəsən sözü gedən məsələ hazırkı vəziyyətdə nə dərəcədə realdır? Həqiqətənmi metroda bir nəfərin gediş-gəlişi üçün maya dəyəri 30 qəpikdən çoxdur? Ümumiyyətlə “maya dəyəri” anlayışı hansı əsaslarla hesablanır?

Hafta.az-ın əməkdaşı məsələ ilə bağlı olaraq mütəxəssislərə müraciət etdi. İlk olaraq suallarımızı iqtisadçı ekspert Natiq Cəfərli cavablandırdı. O bildirdi ki, birdən-birə metroda gediş haqqı böyük məbləğlərdə artırılacağını güman etmir. Ancaq hər bir halda dəfələrlə metropoliten rəhbərliyi qiymətlə bağlı açıqlamalar verib və bu hal gözləniləndir:

“Bundan öncəki rəhbərlik də 1 sərnişin üçün gediş haqqının maya dəyərinin çox yüksək olduğunu söyləmişdi. Ona görə də fikrimcə yaxın gələcəkdə metroda gediş haqqının artırılması ilə bağlı qərar verilə bilər. Ehtimal kifayət qədər yüksəkdir. Məbləğin 50 qəpik civarında ola biləcəyini güman edirəm”.

Ekpert təəssüf hissi ilə söylədi ki, maya dəyərinin necə hesablanması ilə bağlı heç bir məlumatı yoxdur. Onun nəyə əsasən götürülməsi ictimayət üçün başdan-sona müəmmadır:

“Açığını desəm bu mövzu mənimçün də maraqlıdır. Biz dəfələrlə metropoliten rəhbərliyinə rəsmi sual ünvanlamışıq ki maya dəyərinin nə cür hesablandığı barədə ictimayətə məlumat verilsin. Məntiq bunu deyir ki 1 sərnişinin daşınma qiymətinin maya dəyəri, “Elmlər Akademiyası” stansiyasından, “İnşaatçılar” stansiyasına gedişi ilə, “Elmlər Akademiyası”ndan “Koroğlu”ya qədərki gedişə bərabər ola bilməz. Yəni, 1 dayanacaq getməklə, 10-15 dayanacaq getmək eyni xərclə başa gəlməz. Ona görə də yaxşı olardı ki, metropoliten rəhbərliyi maya dəyərinin əsaslandığı istiqamətlə bağlı ictimayəti bilgiləndirsin. Biz mütəxəssislər də öz hesablamalarımızı apara bilək. Gediş haqqının maya dəyərinə metropoliten işçilərinin maaşı, elektrik enerjisi sərfiyyatı, təhlükəsizlik, təmir-tikinti məsələləri daxil olmalıdır. Ancaq maraqlı məqam ondan ibarətdir ki, dövlət büdcəsindən hər il bura vəsait ayrılır. Həmçinin təmir-tikinti işləri, vaqonların alınması kimi məsələlər də dövlət hesabına başa gəlir. Ona görə də metropolitendə maya dəyəri anlayışı və onun hesablanması bu günki reallığı əks etdirmir. Təəssüflər olsun ki bunu sübut edəcək açıqlamalar və rəsmi məlumatlar yoxdur”.

Daha sonra nəqliyyat üzrə ekspert Aslan Əsədov da məsələyə münasibət bildirdi. Onun sözlərinə görə hazırki vəziyyətdə gediş haqqının artırılması heç də real görünmür:

“Bu gün daha çox danışılan mövzudan biri metroda qiymət artımının olacağı məsələsidir. Məncə məsələ vətəndaşlar tərəfindən bir qədər düzgün anlaşılmayıb.

Bakı Metrosu daha çox sosial və maddi cəhətdən həssas qurup vətəndaşlarımızın istifadə etdiyi nəqliyyat vasitəsidir. Burada dövlət qiymətləndirilməsində xüsusi ilə nəzərə alınır.

Daşınma xərcləri və sərfiyyat baxımından hesabladıqda müəyyən gəlirlərdə azalmalar pandemiya vaxtında qabarıq şəkildə görünə bilər. Lakin sözü gedən məbləğ trafiki ilə daşıma da bahalı sayılar. Fikrimcə yaranmış fərqlər şəhərimizə daha çox turist axını və kütləvi tədbirlərin keçirilmə müddətində kompensasiya olunacaqdır. Yeri gəlmişkən 8 Noyabr stansiyasının istismara verilməsi, digər stansiyaların təmirdən qayıtması və tikintisi aparılan xətlərin inkişafı növbəti illərdə Bakı Metrosuna xüsusi rəng qatacaq”.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 1-dən Bakı metrosunda sərnişindaşımanın bərpa edilməsinə qərar verəcəyi təqdirdə, qərarın icrasında heç bir problemin olmadığını söyləyib. O həmçinin hazırda metronun "Elmlər Akademiyası" stansiyasında gedən təmir işlərinin də iyunun 1-nə qədər başa çatdırılacağını vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.