Başlıbel qətliamı: Birinci Qarabağ müharibəsinin faciəli anlarından biri
22-05-2021, 06:14
THEJ.CA, Kanada
Müəllif: Vasif Hüseynov
Vadidə, sıldırımlı, mənzərəli dağların əhatəsində ucqar bir kənd təsəvvür edin. Bu sakit, çiçəklənən kənddə 2 min əhali ideal təbii şəraitdə yaşayır. Qonşu kəndlərdəki kimi, burada da əhalinin əksəriyyəti kənd təsərrüfatı və arıçılıqla məşğul olur, becərdikləri məhsulların bir hissəsini ölkənin başqa rayonlarına ixrac edirlər...
Kəndlilər şeir oxumağı çox sevir. Şeirlərin çoxunu elə özləri qələmə alır. Bu kəndin insanları bölgənin ən böyük məktəblərdən birində təhsil alır və məktəblərinin nailiyyəti ilə də fəxr edirlər. Onlar gənclərin ölkə paytaxtında və ya ümumiyyətlə, ölkədən kənarda ali təhsil almasına da can atırlar. Bəli, Azərbaycanın Kəlbəcər rayonunun cənub-şərqində yerləşən Başlıbel kəndi məhz belə kənd idi...
Bu gün bu gözəl kənd haqda keçmiş zamanda danışmağa məcburuq. Çünki o, Kəlbəcərin yüzlərlə digər kəndi kimi, Ermənistanın 1990-cı illərdə başlatdığı genişmiqyaslı müharibənin qurbanı olub. Başlıbel qısa zaman kəsiyində praktiki olaraq, yer üzündən silinib.
Başlıbel kəndinin işğal tarixi haqda danışmaq xüsusilə mənim üçün çox çətin və kədərlidir. Çünki mən 1989-cu ildə məhz bu kənddə anadan olmuş, Ermənistan silahlı qüvvələrinin 1993-cü ildə kəndə soxulmasınadək orada xoşbəxt həyat yaşamışam.
1993-cü ilin apreli. Ermənistan silahlıları kəndimizə hücuma keçir. Bu, digər sakinlər kimi, mənim valideynlərim üçün də gözlənilməz idi. Çünki 1992-ci ilin yanvarında ermənilər rayonun elektrik təchizatını dayandırmışdı və nəticədə əhali ətrafda yaşananlardan məlumatsız qalmışdı. İnsanların əfratla sabit rabitə əlaqəsi yox idi. Üstəlik, kəndlilər qonşu ermənilərin əllərinə silah götürəcəyinə, müharibəyə başlayacağına, onları doğma evlərindən zorla qovacaqlarına inanmırdılar. Bu, yerli azərbaycanlıların həmin dönəmdə Kəlbəcərdə heç nə olmamış kimi yaşamağa davam etmələrinin səbəblərindən biri idi.
Ermənistan 1992-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini və Şuşa ilə Laçın şəhərlərini işğal etmişdi. Nəticədə Kələbəcər rayonu blokadaya düşmüşdü. Amma buna baxmayaraq, əhalisi Başlıbeldə yaşamağa davam edirdi.
Nəhayət, 1993-cü il aprelin 2-də Kəlbəcər rayonunun əhalisi dəhşət içində oyanır. Ermənistan silahlı qüvvələri onları mühasirəyə almışdı. Həmin vaxt Kəlbəcər rayonunda 60 min insan yaşayırdı. Amma ermənilər bu qədər əhaliyə Kəlbəcəri tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Bunun alternativi ölüm, yaxud girov düşmək idi. Ermənistan silahlı qüvvələrini azərbaycanlıların Kəlbəcəri necə tərk edəcəyi maraqlandırmırdı. Həmin vaxt onların işğal etmədiyi yeganə yol rayonun şimalından, qarlı Murovdağdan keçirdi. Oraya isə təxminən 20 düym qalınlığında qar yağmışdı. Yerli əhalinin əksəriyyəti üçün əlçatan yeganə nəqliyyat vasitəsi at idi. Amma atlar qarlı dağları tez aşmaq iqtidarında deyildi. O anda artıq Kəlbəcər əhalisində olan avtomobillər, həmçinin hökumətun təşkil etdiyi məhdud vertolyot uçuşları çox az sayda insanın həyatını xilas edə bilərdi...
Bütün bunlar azmış kimi, həmin vaxt Azərbaycan hökuməti və ölkənin hərbi rəhbərliyi siyasi böhran içərisində idi. Bu, təpədən dırnağadək silahlanmış Ermənistan hərbi qüvvələrinin hücumlarına qarşı effektli müdafiəyə imkan vermirdi. Doğrudur, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı yerli əhalinin əksəriyyətini müdafiə etmək və onları ermənilərin hücumundan xilas etməyə imkan yaratdı. Amma onlar erməniləri geri otuzdura bilmədilər. Nəticədə Ermənistan əsgərləri yüzlərlə mülki şəxsi vəhşicəsinə qətlə yetirdi. Həmin vaxt girov götürülmüş yüzlərlə azərbaycanlının taleyi indiyədək məlum deyil.
Onda mənim 4 yaşım var idi. Odur ki, nələrin baş verdiyini, insanların evlərini nə üçün təşfiş içərisində tərk etdiklərini, soyuqda niyə piyada getdiyimizi anlamırdım. Ailəmin 1993-cü ildə yaşadığı bu şoku çətinliklə xatırlayıram. Lakin keçmişə nəzər salan zaman bu hadisələrin anam, hamiləliyin 7-ci ayında olan bacım və yardım olmadan gəzə bilməyən əlil nənəm üçün necə travma yaşatdığını başa düşürəm. Əhalinin vertolyotlarla daşınması mümkün deyildi. Kəndi tərk etmək üçün cəmi bir neçə avtomobil yolu var idi. Odur ki, biz Murovdağın digər hissəsinə piyada getməyə məcbur idik. Xoşbəxtlikdən, iki atımız var idi. Bu atlardan birinə anamla 1 yaşlı qardaşım, digərinə isə nənəm minmişdi. Yolun yarısında bizi Başlıbel kəndinin sakini olan sürücü Tahir Səmədov Sovet istehsalı olan avtomobilinə mindirdi. O, insanlara kömək etmək üçün Başlıbelə qayıtmışdı. Biz məhz onun sayəsində Azərbaycanın işğal edilməmiş keçmiş Xanlar rayonuna sağ-salamat çatdıq. Həmin vaxt Kəlbəcər rayonun əhalisinin əksəriyyəti, yəni artıq “məcburi köçkünlər” adlandırılan şəxslər məhz bu rayona toplaşmışdı. Məcburi köçkünlər onlar üçün müvəqqəti sığınacaqların veriləcəyini gözləyirdi. Tahir digər mülki şəxslərə yardım göstərmək üçün yenidən Başlıbelə qayıtmışdı. Bu dəfə o, geri dönmədi...
Atamla əmilərim bir neçə günə Xanlar rayonuna çatmışdılar. Onlar da digər insanlar kimi, Başlıbeldən Xanlar rayonuna piyada gəlmişdilər.
Kəlbəcərin digər hissələrində olduğu kimi, Başlıbeldə də bəzi insanlar evini tərk etmək istəmirdi. 80-dən artıq insan düşünürdü ki, Ermənistan silahlı qüvvələri yaxın zamanlarda rayonu tərk edəcək və onlar yenidən normal həyata dönəcəklər. Təəssüf ki, bu insanlar vəziyyəti və Ermənistan silahlı qüvvələrinin qəddarlığının miqyasını düzgün qiymətləndirməmişdilər.
Ermənistan silahlı qüvvələri kəndə yaxınlaşan zaman 9 yerli sakini dərhal vəhşicəsinə qətlə yetirmiş, 5 nəfəri girov götürmüşdü. Məhz bundan sonra Başlıbel əhalisi kəndi tez bir zamanda tərk etmək qərarına gəlmiş, bir neçə kilometr məsafədə yerləşən dağlardakı mağaralarda gizlənmişdi. Onlar bir neçə həftə məhz bu mağaralarda qalıblar. İnsanlar yalnız özlərini nisbətən təhlükəsizlikdə hiss etdikdən sonra Murovdağa doğru hərəkətə başlamışdılar.
Təəssüf ki, onların çoxu qətlə yetirildi. Erməni əsgərləri Başlıbeldə axtarışa başlamışdı. Bu zaman onlar bir qrup mülki şəxsin gizləndiyi sığınacağı tapmışdılar...
İndi dərindən nəfəs alın və bir anlıq təsəvvür edin: uşaqlar, yaşlılar daxil olmaqla, silahsız insanlar dəpədən dırnağa qədər silahlanmış erməni əsgərlərinin onları öldürmək üçün yaxınlaşdıqlarını görürlər... Bu hadisənin 20-ci əsrin ortalarında baş vermiş digər bədnam vəhşiliklərlə oxşarlığı aydın görünür. Ermənilər aşkarladığı insanları yerindəcə güllələyir, qalanlarını isə girov götürərərk aparırdılar.
Mağaralarda gizlənmiş təxminən 30 nəfərin əksəriyyəti gecə saatlarında dağlardan keçərək rayonu tərk edə bilib. Uzun və iztirablı yol keçən bu insanlar Azərbaycan işğal edilməmiş ərazilərinə çatmağa nail olublar. Belə bir vəziyyətdə bir nəfər – 93 yaşlı Ələsgər Ələsgərov Başlıbeldəki sığınacağı tərk etməkdən imtina etmişdi. O, ömrünü yaşadığı kənddən çıxmayacağını demiş və insanlarla sağollaşmışdı...
1993-cü ilin aprelindən Kəlbəcər əhalisinin həyatı tamamilə dəyişdi. İndi bizim həyatımız əvvəlkindən ciddi şəkildə fərqlənirdi.
...İkinci Qarabağ müharibəsindən sonra ermənilərə Kəlbəcəri tərk etmələri üçün 15 gün vaxt verilmişdi. Bizə isə cəmi... 10 saat! Ailəm daxil olmaqla, əksəriyyətimiz gödəkçələrimizi belə, götürə bilməmişdik. Və müvəqqəti sığınacaqlarda, yoxsulluq içərisində keçən uzun illər.
Başlıbeldə yaşadığımız travma hələ də qalır. O, bizə hər gün əzab verir. Şübhəsiz, girov götürülənlərdən daha çox bəxtimiz gətirib. Həmin vaxt Ermənistana aparılmış və ya itkin düşmüş yüzlərlə azərbaycanlının taleyinin necə olduğunu heç vaxt bilməyəcəyik. Qəddarlıq və zorakılıqla üzləşmiş, lakin sağ qalmış azərbaycanlıların xatirələrinə əsasən deyə bilərik, həmin şəxslər bundan qabaqkı ölüm düşərgələrindəkinə nənzər faciələrlə üzləşiblər.
Hər halda, İkinci Qarabağ müharibəsi nəticəsində bu faciənin də baş verdiyi yer azad edilib. Amma xatirələr deyil... Azərbaycan hüquq-mühafizə orqanları bu yaxınlarda kütləvi qətliamın qurbanlarının basdırıldığı yeri aşkarlayıblar. Kəlbəcər rayonu azad edildikdən sonra isə bir zamanlar mülki insanların gizləndiyi sığınacaqların fotoları çəkilib. Bu fotolarda həmin sığınacaqlar bütün detalları ilə görünür. İnsanların həmin sığınacaqlarda necə sağ qaldığını təsəvvür etmək çox çətindir.
Beləliklə, bütün bunlara görə, biz – Ermənistan işğalından sağ qalmış şəxslər Qərb diplomatlarının və bəzi beynəlxalq təşkilatların Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra saxladığı erməni diversiya qrupunun üzvüləri ilə bağlı bəyanatlarını təəccüblə oxuyuruq. Beynəlxalq Qırmızı Xaç Komitəsi onları tez-tez ziyarət edir, üstəlik, bu şəxslərə qohumlarına zəng etmək imkanı belə, yaradılır. Birinci Qarabağ müharibəsi zamanı girov götürülmüş yüzlərlə azərbaycanlının bəxti bu qədər gətirməmişdi. Qərb siyasətçiləri onlarla bağlı narahatlıq belə, ifadə etmirdilər. Sonradan kimsə Ermənistanı bu insanları azadlığa buraxmağa da məcbur etmədi. 30 il keçir. Amma onlardan xəbər yoxdur...
(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: THEJ.CA