Kəlağayı: qadınlara gözəllik verən yaylıq VİDEO

25-05-2021, 06:10           
Kəlağayı: qadınlara gözəllik verən yaylıq VİDEOp
Euronews, Aİ

Tarixi İpək yolunun üzərində yerləşən Azərğbaycanın Şəki şəhəri ta qədimdən ipəkçiliyin mərkəzi olub. Şəhər xüsusilə, öz kəlağayısı ilə məşhurdur. Bu baş örtüyünün hazırlanması xüsusi ustalıq və xeyli xammal tələb edən əziyyətli prosesdir.

Zaur Yaqubov (“Azəripək” fabrikinin direktoru): “Müəssisəmiz ötən əsrin əvvəlindən mövcuddur. Bizdə xammal istehsalınadan tutmuş, kəlağayıların hazırlanmasına qədər bütün istehsal prosesi həyata keçirilir. Bir baramadan min metrə yaxın ipək sap alırıq. Bir kəlağayının istehsalına isə mindən artıq barama sərf edilir”.

Baramalar yumşalması və ipək sapları birləşdirən zülalın əriməsi üçün qaynar suya salınır. Bu, istehsal prosesinin çox vacib hissəsidir, çünki sapların qırılmayacağına təminat verir. Sonra saplar baramadan çözülür və yumaqlanır. Proses tam avtomatlaşdırılsa da, ona əvvəlki kimi insanlar nəzarət edir.

Materialın əl ilə boyanması xüsusi ustalıq və həssaslıq tələb edir. Kəlağayı istehsalçıları təbii boyalardan istifadə edir. Bu boyalar zirinc, çölalması, zəfəran, qarağat və sumaxdan alınır.

Daha sonra yaylıqları asaraq qurudur və xüsusi naxışlarla bəzəyirlər. Bu, kəlağayının ən vacib elementidir.

Basqal qəsəbəsində yaşayan dördüncü nəsil kəlağayı ustası Abbasəli Talıbov bu sənəti qoruyub saxlayan azsaylı sənətkarlardandır.

Kəlağayıya naxışlar qəlib adlanan ağac möhürlərlə vurulur. Qəliblər armud, qoz və alma ağaclarından hazırlanır. Dəb dəyişsə də, kəlağayı motivləri əsrlərdir dəyişməz qalır: müxtəlif bitkilər, həndəsi formalar... Ən məşhuru isə peyslidir.

Həyat Xəlilova Basqaldakı mağazasında kəlağayı dizaynı və satışı ilə məşğuldur. Yaylıqların həqiqiliyini müəyyən etməyin yolların o, belə izah edir.

Həyat Xəlilova (Kəlağayı dizayneri, mağaza sahibi): “Əsl Azərbaycan kəlağayısı üzüyün gözündən keçməlidir. Gəlin birlikdə yoxlayaq və görək alınırmı. Gördüyünüz kimi, bu ipək kəlağayı üzükdən asanlıqla keçir, deməli o, həqiqidir”.

Basqalda turistlər nəinki istehsal prosesini izləyə, hətta yaylıqların hazırlanmasında iştirak da edə bilərlər. Onlar buradan nadir halda kəlağayı almadan gedirlər.

Ulduz Əkbərova (İsveçrədən gəlmiş turist): “15 ildən artıqdır ki, Cenevrədə yaşayıram. Buradan qayınanam üçün unikal hədiyyə aparmaq istəyirdim. Kəlağayı doğrudan da Azərbaycanı təmsil edir, o çox orijinal və gözəldir. Bu, ideal hədiyyədir”.

Elina Bobkina (Rusiyalı turist): “Mən Basqalda, kəlağayı istehsal edilən yerdə olmuşam. Orada gördüklərimdən heyrətə gəlmişəm. Çünki bu yaylıqları kişilər istehsal edir. Yəni kişilər qadınlara hədiyyət etdikləri bu yaylıqları öz əlləri ilə hazırlayırlar”.

Bu gözəl və praktik yaylıqların vacibliyini tanıyan UNESCO 2014-cü ildə kəlağayını Qeyri-maddi Mədəni İrs siyahısına daxil edib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.