İcra hakimiyyətləri ləğv olunsa, NƏ OLACAQ? - "Həmin adamların əmisioğlanlarıdır da..."

25-05-2021, 09:19           
İcra hakimiyyətləri ləğv olunsa, NƏ OLACAQ?
Uzun illərdir ki, icra hakimiyyəti institutunun ləğvi məsələsi müzakirə olunur. Xüsusən də son illər ardıcıl olaraq Dövlət Təhlükəsizlik Xidmətinin, Baş Prokurorluğun bölgələrdə icra başçıları ilə bağlı apardıqları həbslər, onların korrupsiya əməllərinin ortaya çıxması bunu deməyə əsas verir. Təklif olunur ki, bu sistemin yerində seçkili orqan yaradılsın. Eyni zamanda dövlət nəzarətinin təmin edilməsi üçün bir neçə rayonun birləşdirilib, ora prezidentin xüsusi nümayəndəsi təyin olunsun.

Ekspertlər də hesab edir ki, regionların iqtisadi inkişafı üçün icra başçısı institutunun ləğvi, daha operativ idarəetməni təmin edən prezidentin xüsusi nümayəndəsinin təyini və seçkili orqan olan bələdiyyələrin səlahiyyətlərinin artırılması çox önəmli məsələlərdir. Çünki əks halda, kadr islahatları ciddi nəticə vermir, həbslər digərlərinə dərs olmur, yeni təyin olunan məmurların da effektiv fəaliyyəti nəzərə çarpmır. Azərbaycanda artıq xalq həbs olunan icra başçılarının sayını itirib, başçıların bir çoxu da vəzifədən azad edilib, bəziləri haqlı olaraq cəzalandırılıb və prosesin hələ davamlı olacağı gözlənilir. Bu isə onu göstərir ki, artıq problem şəxslərdə deyil, idarəetmə sisteminin özündədir. Yerli icra hakimiyyəti institutunun ləğvi və yerinə mərkəzləşdirilmiş iqtisadi rayonlar üzrə prezidentin nümayəndələrinin təyin olunması təklifi illərdir ki, ekspertlər tərəfindən, bəzi deputatlar tərəfindən səsləndirilir. Qeyd olunur ki, Azərbaycanda 15-16 iqtisadi rayon yaratmaq və onlara prezidentin birbaşa nümayəndəsini təyin edib bir çox məsələlərin həllində operativliyinə nail olmaq mümkündür. Rayonlarımızın idarəetməsini isə yerli idarəetmə institutları olan bələdiyyələrə vermək və bu qurumların səlahiyyətlərini, nüfuzunu artırmaq müzakirə olunur.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirdi ki, ölkə başçısının bu il aparmış olduğu islahatlar inzibati idarəetmə sisteminə də şamil ediləcək: “Çünki prosesin gedişi, məntiqi bunu göstərir. Daha çevik, daha təkmil, idarəçilik sistemində xoşagəlməz vəziyyətlərə əsas verməyən, zəmin yaratmayan bir sistemə keçə bilərik. Bu, müxtəlif şəkildə ola bilər. Cənab Prezidentin işğaldan azad olunmuş rayonlarımıza özünün səlahiyyətli nümayəndələrini təyin etməsi, bütün səlahiyyətlərin onlar tərəfindən idarə edilməsi müəyyən fikirləri dəqiqləşdirir. Belə də ola bilər, başqa formada da ola bilər. Ancaq hər bir halda indiki inzibati idarəetmə sistemi müasir çağırışlara o qədər də cavab vermir”.

Milli Məclisin deputatı Aqil Abbas isə “Yeni Müsavat”a açıqlamasında fərqli fikirlər səsləndirdi: “Rayonların birləşdirilməsi çox məntiqsiz fikirdir. Türkiyə bunu etdi və alınmadı. İdarəetmənin asanlaşdırılması üçün rayonları birləşdirmək lazım deyil, əksinə, bəlkə də təzə rayon yaratmaq lazımdır. Hərə bir söz deyir, biri deyir ordularımızı birləşdirək, biri deyir rayonları birləşdirək. Bəlkə elə bütün Azərbaycanı birləşdirək, rayonları ləğv edək, təkcə Bakı şəhəri qalsın? Bu mənasız təklifdir. İcra hakimiyyəti institunun ləğv olunmasına və səlahiyyətlərinin bələdiyyələrə verilməsinə gəlincə, Türkiyədə bələdiyyələr var, ancaq valiliklər də var. Türkiyədəki valilərin hüquqları bizdəki icra başçılarının hüquqlarından çoxdur”.

A.Abbas hesab edir ki, sadəcə, hər kəsin görəcəyi işləri dəqiq müəyyənləşdirmək və səlahiyyətlərinin sərhədini bilmək lazımdır: “O cümlədən də bələdiyyə və icra başçılarının. Guya icraları ləğv edib yerinə bələdiyyələri qoysaq, o dəqiqə hər şey düzələcək? O bələdiyyələri Amerikadan, yoxsa Yaponiyadan gətirəcəksiniz? Həmin adamların əmisioğlanlarıdır, bizim əmimiz oğlanlarıdır da. Guya icra hakimiyyətlərində olan neqativ hallar bələdiyyələrdə yoxdurmu, bu dəqiqə bələdiyyələrdə vəziyyət daha pisdir. Bələdiyyə olsa da, icra hakimiyyəti və ya valilik rayonda dövləti təmsil etməlidir, rayonun bir sahibi olmalıdır. İndi icra hakimiyyətlərinin səlahiyyətləri o qədər aşağıdır ki, mənim indiki icra başçılarına yazığım gəlir. Belə bir səlahiyyətsiz vəziyyətdə bütün rayonda baş verən hadisələri ondan soruşurlar”.

Deputatın sözlərinə görə, icra başçıları bütün rayona cavabdeh olsa da rayonda heç bir qurum ona tabe deyil: “İcra başçısı hər şeyə cavabdehlik daşıyır, ancaq rayonda su idarəsi, işıq idarəsi də ona tabe deyil, nə təhsil, nə mədəniyyət ona tabe deyil. Ancaq hamısını ondan soruşurlar. Heç bir icra başçısı o deyildiyi kimi at oynada bilmir, iki ildir heç eşşək də oynada bilmirlər. Mən rayonlardayam, icra hakimiyyətlərinin vəziyyəti ilə tanışam, gəzib görürəm. Son 10 gündə 5 rayonda olmuşam. Söhbət ondan gedir ki, hər kəsin - icranın da, bələdiyyənin də, prokurorluğun da səlahiyyət hədlərini müəyyənləşdirmək lazımdır”.

“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.