Şəhid jurnalistlərin yol yoldaşı: - “Onlar öndə gedirdilər, biz arxalarınca…”

4-06-2021, 20:24           
Şəhid jurnalistlərin yol yoldaşı: -
Bu gün işğaldan azad edilmiş Kəlbəcərin Susuzluq kəndinə çəkiliş aparmağa gedən jurnalistlər - AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov (Əlioğlu) minaya düşərək həlak olublar.

Çəkiliş zamanı onlarla birgə Kəlbəcərə səfər edən AZƏRTAC-ın fotomüxbiri Rəşad Mehdiyev Modern.az-a baş vermiş hadisə ilə bağlı danışıb:

“Belə bir hadisəyə şahidlik etməyim məni mənəvi cəhətdən çökdürdü. Hələ də təsirindən çıxa bilmirəm. Bir neçə dəqiqə öncə bir yerdə deyib-güldüyün, yemək yediyin insan gözlərinin qabağında şəhidlik zirvəsinə yüksəlir.

Onlar “Kamaz” markalı maşınla öndə gedirdilər, biz də arxalarınca hərəkət edirdik. Qəfil gurultulu səsi eşidildi. Bir anlığa heç birimiz nə baş verdiyini anlamadıq. Maşından düşüb hadisə baş verən tərəfə qaçanda gördüyümüzə inana bilmədik. Çox qısa zaman öncə bir yerdə olduğun həmkarını qəfildən itirmək insanı mənəvi cəhətdən çökdürür.

Biz azad olunmuş əraziləri kəndbəkənd gəzib, reportajlar hazırlayırıq. Elə Kəlbəcərin Susuzluq kəndinə də bu məqsədlə yollanmışdıq. Reportaj hazırlayacağımız əraziyə çatmağımıza az qalmış dəhşətli, ürək ağrıdan bu hadisə baş verdi. Biz azad olunmuş əraziləri çox gəzmişik. Təhlükəli olduğunu bilirdik, ancaq belə bir hadisənin baş verəcəyi ağlımızın ucundan belə keçməzdi.

Hətta öncədən qərara almışdıq ki, çəkilişdən sonra İstisuya gedib, oranı da ziyarət edək. Çox təəssüf ki, baş tutmadı…”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.