Almaniya və Fransa Afrikada genosid törətdiyini etiraf edir
6-06-2021, 16:11
Böyük Britaniya, İspaniya, Portuqaliya, İtaliya, Belçika... isə hələ də susur
Hər şey ondan başladı ki, 1933-cü il 1 aprel tarixində Adolf Hitler alman xalqını yəhudi dükanlarına qarşı boykota dəvət etdi. Bu boykot yəhudi dükanlarının sökülməsi, qarət edilməsi və sahiblərinin döyülməsi ilə nəticələndi. Yəhudilərə qarşı baş qaldıran bu şiddət getdikcə daha çox vüsət aldı. Nəticə də bəllidir.
Yəhudi soyqırımı dünya miqyasında Holokost (yunanca yanıb kül olmuş mənasını verir) kimi tanınır. Faşist Almaniyası "yəhudi probleminə son həll" üçün Avropada yaşayan yəhudilərin üçdə ikisini-6 milyon nəfəri ən qəddar üsullarla məhv etdi. Alman irqçilərin yəhudilərə nifrəti o həddi idi ki, kökünü İbrahim peyğəmbərdən götürən bu xalq "yaşamaq haqqı olmayan aşağı irqlər" sırasında (qaraçılarla yanaşı) başda gəlirdi. Avropada tarixi minilliklə ölçülən yəhudi düşmənçiliyi hökm sürüb. "Yəhudi probleminə son həll" üçün tökülən qanlar sadəcə faşistlərin istəyi deyildi. Bu faktdır ki, Avropanın bu və ya digər guşəsində hər 20-25 ildən bir yəhudi "poqrom"ları və qətlləri baş verib. Yəhudilər gecə ilə yurd-yuvalarını, mal-mülklərini tərk edib qaçmalı olurdular.
Yəhudi tarixçiləri yazır ki, yəhudilər hal-hazırda dünyanın ən ağıllı xalqı hesab olunur. Bu keyfiyyətin ortaya çıxmasında Avropada yəhudilərə olan hücumların xüsusi rolu var. Belə ki, yəhudilər görürdülər ki, mal-mülk olaraq əllərində olan hər şeyi bir anın içində itirə bilərlər.
Çıxış yolu kimi onlar elmə üz tutdular. Elmi bilikləri özləri üçün mal-mülk etdilər. Və yəhudilər öz mal-mülklərini, yəni elmi biliklərini başlarında gəzdirməyə başladılar. Belə daha rahat idi. Yəhudilər bir yerdən başqa bir yerə qaçır və orada aşırı bilgiləri hesabına yenidən var-dövlət sahibi olurdular. Bu da avropalıların xoşuna gəlmirdi. Ona görə də faşistlər "Yəhudi probleminə son həll" üçün çırmalanıb ortaya düşdükdə Avropadan səs çıxmadı. Yəhudi xalqı bəşər tarixinə qanla yazılmış faciələr yaşadı.
Hələ orası da var ki, yəhudi qırğınları almanların törətdiyi ilk soyqırım deyildi. Belə ki, Afrikada müstəmləkəyə sahib olmaq eşqinə düşən Almaniya 1904-1908-ci illərdə Namibiyada kütləvi qətllər törədib. Herero və Nama xalqına divan tutub. Bügünlərdə (28 may) Almaniyanın xarici işlər naziri Heiko Maas “Almaniyanın müstəmləkə idarəçiliyinin törətdiyi cinayətləri” genosid kimi xarakterizə edib: “Bu gündən etibarən biz həmin hadisələri rəsmi olaraq genosid adlandıracağıq”.
Törədilmiş qətliama görə Almaniya Namibiya dövlətinə 1.3 milyard dollar ödəyəcək. Düşünün ki, müstəmləkə siyasəti yeridən almanlar Namibiyada 80 min nəfər öldürüblər. Bunun əvəzində isə Namibiyaya qəpik-quruş verməklə problemi həll etmək istəyirlər.
Almaniya mediası yazır ki, Almaniya prezidenti Franq-Valter Steinmeyer bu münasibətlə Namibiya parlamentində çıxış edəcək və Almaniya dövləti adına rəsmən üzr istəyəcək.
Xatırladaq ki, ötən həftə Fransa prezidenti Emmanuel Makron Ruandada oldu. Fransanın keçmiş müstəmləkəsi olan Ruanda ilə diplomatik əlaqələrin bərpasına nail olmaq üçün növbəti addım atdı. Bəllidir ki, 1994-cü ildə Şərqi Afrikada yerləşən Ruandada genosid törədilib. Nəticədə 800 min tutsi tayfasından olan insan öldürülüb. Bu qətllərdə Fransa uzun müddətdir ki, ittiham olunur. 2010-cu ildə isə Fransa prezidenti Nikola Sarkozi ölkəsinin Ruandada törətdiyi qətliamı qismən etiraf etmişdi.
Fransada bu ölkənin Əlcəzairdə törətdiyi vəhşiliklər haqqında da tez-tez müzakirələr gedir. Əminliklə demək olar ki, yaxın illərdə Fransa Əlcəzairdə törətdiyi soyqırımı da etiraf etmək zorunda qalacaq.
Heç şübhəsiz ki, Böyük Britaniya, İspaniya, Portuqaliya, İtaliya, Belçika... kimi ölkələr də dünyanın müxtəlif bölgələrində soyqırım aktları həyata keçiriblər. Bu ölkələr də tezliklə bəşəriyyətə qarşı törətdikləri cinayətləri etiraf etməli olacaqlar. Bu, qaçılmaz bir prosesdir. Təbii ki, bu kimi etiraflar alqışa layiqdir və təqdir olunmalıdır(musavat.com).