"Qafqazinfo" ittihamlara cavab verdi: Kim kimə rəzillik edir?.. - Qazi şousu!

7-06-2021, 08:31           
"Qafqazinfo" ittihamlara cavab verdi:
Dünən "Qafqazinfo"da "Videosu ilə gündəm olan şəxs qazi deyil" başlıqda material dərc olunub. Həmin materialda özünü illərdir I Qarabağ müharibəsi qazisi kimi təqdim edən və buna görə bir sıra imtiyazlardan yararlanan Elnur Əfəndiyevdən bəhs olunub. Yazının əvvəlində qeyd olunub ki, son günlər bir sıra şəxslər həssas dönəmdən istifadə edərək uydurma sənədlərlə özünü Qarabağ qazisi kimi təqdim edir, Vətən uğrunda sağlamlığından keçən şəxslərə dövlət tərəfindən olunan güzəştlərdən yararlanmağa çalışırlar.

Buna baxmayaraq, Baku TV-də özünü Qarabağ qazisi kimi təqdim edən Elnur Əfəndiyevin həyatından bəhs edilən material yayımlandı. Həmin materialda onun həyat hekayəsindən, döyüş yolundan bəhs edilən təsirli anlar lentə alınıb. Nəticədə süjet ciddi şəkildə paylaşılmağa başlanıldı, təxminən yarım milyon izləyici topladı. Həmin materiala gələn reaksiyalarda Elnurun əslində qazi olmadığı, fırıldağa əl atdığı, uzun illərdir mediaya müxtəlif səpgilərdə müsahibə verdiyi bildirildi. Qeyd olundu ki, o, dilənçilik edərək bu yolla özünə müəyyən maddi şərait qurub və onun dilənçilik etməsiylə bağlı xeyli sayda şərhlər də paylaşıldı. Həmin an dərhal belə bir sual yarandı. Əcəba, Azərbaycanda qazi nə vaxtdan dilənçilik edib? Dilənçi qaziyə necə yiyə duran olmayıb? Olduqca şübhəli görünən bu məqamı biz də araşdırmağa başladıq.

"Qafqazinfo" xəbər saytı bu cür mövzuları daim diqqətdə saxlayan media qurumu kimi, eyni zamanda dövlət maraqlarının da tələb etdiyi qaydada mövzunun izinə düşdü.

Cəmi bir neçə dəqiqəlik araşdırmadan sonra məlum oldu ki, adıçəkilən şəxslə bağlı Qarabağ Əlillər Cəmiyyətinin və "Qarabağ qaziləri" İctimai Birliyinin mərhum sədri Etimad Əsədovun da araşdırması olub. O bildirib ki, Elnur Qarabağ qazisi adından istifadə edərək özünə maşın, ev, obyekt alıb. Etimad Əsədov zamanında heç kimi ona inanmamağa çağırıb. İnternet resusları da Əfəndiyevin fəaliyyətindən bəhs edən materiallarla zəngindir.

Biz redaksiya olaraq bir daha dünən Qarabağ qazisi Rey Kərimoğlu ilə əlaqə saxlayıb onun fikirlərini öyrəndik. Rey Kərimoğlu da bütün deyilənləri təsdiqləyərək elə bir qazi olmadığını bildirdi. O qeyd etdi ki, Elnur kökü olmayan sənədlərlə özünə qazilik sənədi düzəldib. Onun iddia etdiyi kimi Milli Qəhrəman Şirin Mirzəyevin batolyonunda rolu olmayıb. Müxtəlif dövrlərdə məhkumluq həyatı yaşayıb.

"Qafqazinfo" ötən gün mövzu ilə bağlı eyni zamanda Müdafiə Nazirliyinə də sorğu verib, qurumdan sorğuya cavab olaraq bildirilib ki, belə bir qazi nazirliyin arxivində yoxdur. Ona nazirlik tərəfindən heç bir rəsmi sənəd təqdim olunmayıb. Bu gün də eyni sorğunu təkrar göndərdik və eyni cavabı aldıq.

Nəticədə redaksiya qazilik adından sui-istifadə ilə bağlı son günlər qeyd olunan mövzunu işıqlandırıb. Yazıda bir daha media etikasına uyğun olaraq, heç bir saytın adını çəkilmədən, o cümlədən Baku TV-nin adı işıqlandırılmadan sözügedən şəxsin saxta qazi kimi təqdim olunması vurğulanıb.

Onun saxta Qarabağ qazisi olması ilə bağlı bir neçə gün əvvəl digər media qurumlarında da materiallar dərc olunub. Məhz "Saxta əlillərlə necə mübarizə aparmaq lazımdır?" başlıqlı materialda saxta Qarabağ qazisi kimi təqdim olunanlardan biri də Elnur Əfəndiyevdir.

"Qafqazinfo"da material yayımlandıqdan sonra "Global media Group"a daxil olan, Baku TV-nin də üzvü olduğu bütün saytlarda və sosial şəbəkə hesablarında "Videosu ilə gündəm olan qazi ilə bağlı "Qafqazinfo"dan rəzillik" başlıqlı yazı yayımlandı. Qeyd olunub ki, "Qafqazinfo"nun hazırladığı sözügedən material kimlərinsə sifarişi əsasında ərsəyə gəlib. Guya "Qafqazinfo" Qarabağ qazisi ilə nalayiq davranıb, Baku TV-nin hazırladığı reportajı qəsdən yalanlamağa çalışıb.

Qısa olaraq bildiririk, "Qafqazinfo" xəbər portalı peşəkar media qurumu olaraq, bu cür mövzulara daim həssas yanaşır, ümumiyyətlə, əvvəlki dövrlərdə, xüsusən də ikinci Qarabağ savaşından sonra demək olar ki, hər gün qazilərlə bağlı mövzularda müəyyən araşdırma yazılar dərc edir, müxtəlif sorğular verməklə problemi işıqlandırır. Bu yazılarda əks olunan problemlər dərhal həllini tapır. Çünki "Qafqazinfo" digər mövzulara olduğu kimi, məhz Qarabağ mövzusuna da xüsusi həssaslıq nümayiş etdirir. Baku TV-dəki həmin reportajdan fərqli olaraq, mövzunun həssaslığından uzaqlaşmır, şou elementinə yol vermir, yersiz emosiyalar yaratmır, qurama səhnələrlə izləyici kütləsi toplamır.

"Qafqazinfo"nun belə yanaşmasını sifariş hesab etmək olarmı? Bəli, olar! Ancaq dövlət maraqlarının sifarişi...

"Qafqazinfo"ya qarşı dərc olunan media etikasından uzaq materialı hətta iki media orqanının yaradıcılıq rəqabəti kimi qəbul etmək istəsək belə, burada da qaydalar qorunmayıb. Xəbər savaşının da bir standartı, çərçivəsi var. "Qafqazinfo"ya qarşı sərgilənən bu qeyri-peşəkar və tərbiyəsiz münasibət Azərbaycan mətbuatına bir ilk kimi düşdü desək yanılmarıq. Belə bir cavab var idisə belə, bunu təkcə Baku TV-də dərc etmək olardı. Bəlkə, bu, ölkədə həyata keçirilən yeni media siyasətinin təzahürüdür. Belədirsə, sifarişi harada axtarmaq lazımdır?

Skrinlərini təqdim etdiyimiz irili-xırdalı, onlarla saytda və onların sosial şəbəkə hesablarında eyni vaxtda dərc etdirilərək, sanki "Qafqazinfo"ya savaş elan olunub. Maraqlıdır, bu media şəbəkəsi hansı məqsədlə yaradılıb? Bu şəbəkəni idarə edən şəxslərə medialararası savaşmı göstərişi verilib? Qarşıya dövlətə, cəmiyyətə, milli maraqlara xidmət etmək qayəsi qoyulub, yoxsa ölkənin ciddi hesab olunan media resusları arasında şou-biznes mahiyyəti yaratmaq durur? Bu saytları ona görə bir yerə yığıblar ki, Azərbaycan mətbuatını gözdən salıb, çaşqınlıq yaradıb, hörmətsiz və parakəndə koordinasiya olunmayan, yalnız qrup maraqları ilə hərəkət edən, bir-birini vurmaqda istifadə olunan alət görüntüsü yaratsınlar? Budurmu Azərbaycan mətbuatının reallığı?

Müəllif belə olmayan, ömründə bir yazı yazmayan uşaqlar sükan arxasına keçəndə avtoş təsəvvürü yarada bilərlər. Belə avtolu və avtosuz xuliqanlara qarşı mübarizənin yolları var. Ya dövlət özü bu xuliqanlara qarşı ölçü götürməlidir, ya da cavabı digər qaydalara uyğun verilməlidir. Bu arada "Qafqazinfo"nun təkzib edilməyə çalışılan materialına cavab olaraq, guya ortaya qoyulmuş sübutlar da, əks olunan sənədlər də araşdırılmalıdır. Necə ki, hazırda əlilliyin təyinatı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində dövlət komissiyası yaradılıb.

Reallıq budur ki, bu günə qədər yüzlərlə saxta əlillik dərəcələri ləğv olunaraq dövlətdən oğurlanan vəsaitlər büdcəyə qaytarılıb. Hətta Elnur Əfəndiyev 1994-cü ildə başa çatan birinci Qarabağ savaşının iştirakçısı olubsa belə, necə olub ki, 25 il sonra özünə qazi kimi sənəd düzəltdirə bilib? Baxmayaraq ki, Müdafiə Nazirliyinin Müharibə Veteranları siyahısında bu şəxsin ad və soyadı yoxdur, nazirlik tərəfindən ona heç bir rəsmi sənəd verilməyib. Elnurun özü də müəyyən vaxtlarda verdiyi müsahibələrdə dəfələrlə rədd cavabı aldığını təsdiqləyib. Hər halda bu dövlət qurumlarının araşdırma mövzusudur və nəticəsi barədə ictimaiyyətə geniş açıqlama verilməlidir.

Sadə peşəkarlıq şərtləri ilə yanaşsaq həmin şəxsin haqqında reportaj hazırlanarkən onun adını axtarışa vermək kifayət idi və nəticədə ortalığa çıxan onlarla ziddiyətli materialı görüb hansı ciddi media qurumu belə bir şounu düzəltməyi özünə rəva görərdi? Bütün fəaliyyəti boyu mahnı janrında işləyənlər oynadıqları havanın ağırlığına da diqqət etməlidirlər, birdən musiqi kəsilər və əlləriniz havada qalar!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.