Əli Həsənovun rəis kürəkəninin istefa səbəbi – Olayın icra başçısının oğurlanan milyonları ilə bağlılığı varmı?

9-06-2021, 22:30           
Əli Həsənovun rəis kürəkəninin istefa səbəbi –
Daxili işlər naziri Vilayət Eyvazovun müvafiq əmri ilə Qaradağ Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev vəzifəsindən azad olunub. Məlumata görə, polis polkovniki öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib. Lakin bununla bağlı artıq sosial şəbəkələrdə söz-söhbətlər dolaşır, Mehbalıyevin istefa səbəbləri istiqamətində müxtəlif ehtimallar səsləndirilir.

Sfera.az bildirir ki, səslənən fikirlər arasında Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun adı da çəklib. İddialara görə, bu günlərdə sürücüsü icra başçısının bir neçə mülkünü sataraq qaçıb. Mehbalıyevin polis rəisi olduğu rayonda icra başçısına qarşı belə bir hərəkətin edilməsi isə onun vəzifəsini itirməsi ilə nəticələnib. Polis rəisinin istefasının bu olayla əlaqələndirilməsinin həqiqəti nə dərəcədə əks etdirdiyi haqda qəti iddiamız yoxdur. Amma qeyd edək ki, sonuncu olaya qədər də Mehbalıyevin polis orqanlarında kifayət qədər nöqsanları olub.

Təkcə bir faktı xatırladaq ki, İsfəndiyar Mehbalıyevə bu yaxınlarda nazir tərəfindən töhmət elan edilmişdi. Həmin vaxt İ.Mehbalıyev işdə yol verdiyi nöqsanlara görə cəzalandırılmışdı.

Faktlar isə təkcə bununla da bitmir. Mehbalıyevin iş karyerası bu və digər neqativ yüklü olaylarla zəngindir.

Xatırladaq ki, 2006-cı ildə Yasamal rayon ərazisində İsfəndiyar mehbalıyev Ədliyyə nazirinin oğlunu döyərək, onun çənəsini sındırmışdı. O zamanlar o, Nərimanov rayonunda prokurorun müavini vəzifəsində çalışırdı. Bu əhvalata görə,

Mehbalıyevi prokurorluq orqanlarından azad edib, həbs etmişdilər. Lakin daha sonra İsfəndiyarın atası Səttar Mehbaliyev Ramil Usubovun vasitəsi ilə Fikrət Məmmədovla barışıq əldə etmiş və oğlunu həbsdən qurtarmışdı.

Üstündən 3 il müddət keçdikdən sonra, yəni, 2009-cu ildə keçmiş daxili işlər naziri Ramil Usubov İsfəndiyar Mehbalıyevi Daxili İşlər Orqanlarına qəbul edərək, birbaşa 34-cü Polis Bölməsinə rəis təyin edib. Bundan az bir müddət keçdikdən sonra Pirallahı rayon Polis Şöbəsində, daha sonra Bakı şəhəri Yasamal rayon Polis İdarəsində rəis vəzifəsini icra edib. 2019-cu ildə isə İsfəndiyar Mehbalıyev vəzifəsindən azad olunaraq Xəzər Rayon Polis İdarəsinin, 2020-ci ildə Qaradağ rayon Polis İdarəsinin rəisi təyin olunub.

Vəzifəsini icra etdiyi müddətdə polis polkovniki haqqında xoşagələn fikirlər səsləndirilmirdi. Hətta vətəndaşlar da Mehbalıyevin işindən narazı olub. Zaman-zaman qeyd edilən məlumatlara əsasən, İsfəndiyar Mehbalıyev dəfələrlə izahat almaq üçün idarəyə dəvət etdiyi şəxslərə fiziki zor tətbiq edib, şiddət göstərib. İddialara görə, onun vəzifədən azad edilmə səbəblərindən biri də xəbərdarlıqlara, töhmətə rəğmən oxşar davranışını davam etdirməsi olub.

Qeyd edək ki, İsfəndiyar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğlu, Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun kürəkənidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.