Mənə dəniz verin… Çimərliklər insanları qarşılamağa hazırdırmı?

10-06-2021, 07:30           
Mənə dəniz verin…
Hər kəsin səbirsizliklə gözlədiyi çimərlik mövsümü iyunun 10-dan açılır. Yəni sabahdan etibarən çimərliklər, eləcə də hovuz və attraksionlar istifadəyə veriləcək.

Bəs, hansı çimərliklər istifadə üçün yararlıdır? Çimərliklər insanları qarşılamağa hazırdırmı?

“Press Klub”un sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, çimərlik mövsümünün başlanması ilə əlaqədar Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərlik ərazilərindəki dəniz suyundan nümunələr götürülüb, mikrobioloji və fiziki-kimyəvi təhlillər aparılıb. İdarənin rəisi Nazim Mahmudov qeyd etdi ki, aparılan birgə monitorinq və analizlərin nəticələrinə əsasən Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində müəyyən edilib:
“Hazırda Xəzər dənizinin digər çimərlik ərazilərindəki dəniz suyundan götürülmüş nümunələr üzərində laborator təhlillər aparılır”.

Sahilyanı ərazilərdə tullantı sularının idarə olunması, tullantı tutumlarının yerləşdirilməsi və vaxtında düzgün daşınması üzrə də monitorinqlər aparılır. ETSN-in Ekoloji Maarifləndirmə və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova xatırlatdı ki, 2020-ci il 22 may tarixində şəhər və digər yaşayış məntəqələri ərazisində məişət tullantılarının müvəqqəti saxlanılması və daşınması qaydalarına dəyişiklik olunub və həmin dəyişikliklərdə bir sıra müddəalar öz əksini tapıb:

“Qaydalara əsasən çimərlik ərazilərində çeşidləyici konteynerlər quraşdırılmalıdır. Konteynerlərin üzərində onların plastik, kağız, şüşə və s. üçün nəzərdə tutulduğu haqda yazılar qeyd olunmalıdır. Həmin qablar üçün məlumatverici lövhələr quraşdırılmalıdır ki, insanlar ərazidə olarkən tullantıların o qablara necə atılması ilə tanış olsun. Təbii ki, quraşdırılma qaydaları da var ki, onlar Xəzər dənizinin sahilboyu ərazilərinə 20-50 metrdən az olmayan məsafədə yerləşdirilməlidir, tutumların ağzı qapalı olmalıdır və mütləq şəkildə tullantılarn dənizə atılmaması, qumda basdırılmaması, ekoloji maarifləndirməyə yönəlik digər məlumatverici lövhələr həm çimərliyin girişində, həm də ərazi boyunca quraşdırılmalıdır”.

S. Məmmədova çimərliklərdəki problemlərə toxunarkən qeyd etdi ki, çirkab suların dənizə təmizlənmədən axıdılması ən böyük problemlərdən biridir:

“Bu, həmin ərazi boyu xidmət göstərən iaşə obyektləri sahiblərinin səlahiyyətində olan bir məsələdir. Onlar çirkab suların dənizə axıdılmaması üçün ya mərkəzi kanalizasiya şəbəkəsinə qoşulmanı təmin etməlidirlər, ya da təmizləyici qurğular quraşdırmalıdırlar. Çirkab su həmin qurğulardan keçdikdən sonra dənizə axıdıla bilər. Ərazidə bununla bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən monitorinqlər aparılır. Keçən il ərzində icra hakimiyyətləri ilə birlikdə sahilboyu xidmət göstərən iaşə obyektlərinin sahibləri ilə görüşlər keçirilmiş, onlara təqdimatlar verilmiş, qanundakı dəyişiklikləri əks etdirən məlumatlar nəzərlərinə çatdırılmışdır. Bir sözlə, onların kifayət qədər zamanı olub ki, builki çimərlik mövsümündə nöqsanları aradan qaldırsınlar”.

S. Məmmədova həm çimərlik mövsümündən əvvəl, həm çimərlik mövsümü boyunca tullantıların idarə olunmasının daim nəzarətdə saxlanılmalı olduğunu vurğuladı.

Ülviyyə Şahin












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.