Ramiz Rzayev niyə hələ də Ali məhkəmənin sədridir? - MƏHKƏMƏ-HÜQUQ ŞURASININ CAVABI
7-07-2021, 18:08
Haqqin.az saytının Milli Məclisin iclasından son reportajı dövlət orqanlarının diqqətini cəlb edib. Belə ki, Məhkəmə-Hüquq Şurası deputat Qüdrət Həsənquliyevin Milli Məclisin iyulun 2-də keçirilmiş iclası zamanı bəzi məmurlar tərəfindən yaş senzinin pozulması barədə çıxışına münasibət bildirib.
Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov haqqın.az-a açıqlamasında bildirib ki, «Məhkəmələr və hakimlər haqqında» Qanuna uyğun olaraq hakimlərin son yaş həddi 65 yaş müəyyən edilib. Lakin onların peşəkarlıq səviyyəsindən istifadə ehtiyacı olduqda, Məhkəmə-Hüquq Şurasının təklifi ilə səlahiyyət müddətlərinin 70 yaşadək artırılması nəzərdə tutulub. Hazırda 90 hakim 65 yaşına çatıb və onlardan 25 nəfərinin peşəkarlığından istifadə ilə bağlı səlahiyyət müddətləri 70 yaşınadək uzadılıb.
“Ali Məhkəmənin sədrinə gəldikdə isə, qeyd etmək istəyirəm ki, məhz bu əsaslarla Milli Məclisin 13 fevral 2018-ci il tarixli Qərarı ilə Ramiz Rzayevin hakim səlahiyyətləri 70 yaşına qədər – 25.02.2023-cü ilədək uzadılıb və ölkə Prezidentinin 15 fevral 2018-ci il tarixli Sərəncamı ilə o, növbəti 5 il müddətinə Ali Məhkəmənin sədri təyin edilib. Yuxarıda göstərilən hala aidiyyəti olmasa belə, aydınlıq üçün bildiririk ki, 30 dekabr 2014-cü ildə qəbul edilmiş qanuna əsasən 1 yanvar 2015-ci il tarixdən sonra təyinat almış ali məhkəmənin hakimlərinə münasibətdə son yaş həddi 68, birinci və apellyasiya məhkəmələrinin hakimlərinə münasibətdə isə 66 yaş müəyyən edilib”,-Cavid Hüseynov deyib.
O əlavə edb ki, qanunvericiliyə uyğun olaraq Milli Məclisin təmsilçiləri Məhkəmə-Hüquq Şurasının bütün fəaliyyəti dövründə onun üzvü olmaqla, Şuranın işində, o cümlədən hakimlərin fəaliyyətinin qiymətləndirilməsində, səlahiyyət müddətlərinin uzadılması və təyinatları üzrə təkliflərin verilməsində daim iştirak edirlər.
virtualaz.org