Saxta COVİD pasportu iddiaları: “Elə əcaib şeylər baş verir ki...“

7-07-2021, 19:04           
Saxta COVİD pasportu iddiaları:
Son günlər nəinki sosial şəbəkələrdə, hətta yaxın çevrəmizdə də insanlar vaksin pasportunun satılması barədə müzakirələr aparır. Deyilənə görə, bəzi poliklinikalar vaksinin birinci dozası vurulduqdan sonra ikinci dozanı vurdurmaq istəməyən vətəndaşa 50 manat qarşılığında peyvənd sertifikatı verir.

Maraqlıdır, bu iddialar nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən terapevt Rasif Bağırov qeyd edib ki, camaat arasında bu kimi söz-söhbətlər dolaşsa da, özü belə bir halın şahidi olmayıb:

“Düzü, mən çalışıram ki, belə şeylərlə maraqlanmayım. Bəli, insanlar arasında bu barədə söz-söhbət dolaşır, ancaq mən elə şeyə inanmıram, çünki şahidi olmamışam. Bu mənim öz gümanımdır, bəlkə də, səhv edirəm. Çünki Azərbaycanda bu günədək o qədər əcaib proseslər baş verib ki, hamısında da insanlar nə danışsa, düz çıxıb. Bu gün bir nəfər heç kəsin eşitmədiyi bir şeyi deyir, sabah görürsən ki, deyilən, həqiqətən də, doğrudur”.

Həkim bildirib ki, bu işin həm mənəvi, həm də hüquqi tərəfi var:

“Əgər belə bir yola əl atırlarsa, bu, cinayət məsuliyyəti daşıyır. Tibb işçisi rüşvət alarkən tutulsa, ona dərhal cinayət işi açılacaq. Məsələnin mənəvi tərəfi də var. Belə ki, vətəndaşı vaksinasiyadan yayındırır, yoluxmanı süni şəkildə artırırlar”.

Rasif Bağırov ikinci dozanın daha ağrılı olması haqqında səsləndirilən fikirlərə də aydınlıq gətirib:

“Birinci dozanı vurduran adama ikinci dozanı vuranda heç vaxt nəticə pis olmur, əksinə, insan daha rahat olur, çünki birinci doza vurulduqdan sonra bədən vaksinə öyrəşir və ikincidə heç nə hiss etmir. Ona görə də ikinci dozanın ağırlığı ilə bağlı deyilən sözlərin hamısı şayiədir”.

Sayad HƏSƏNLİ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.