"Beşbarmaq"da peyğəmbər möhürü olan qəbir daşı tapılıb - FOTOLAR
11-07-2021, 17:29
"Beşbarmaq"da Süleyman peyğəmbərin möhürü və ya yəhudi Davud ulduzuna bənzər ornament ilə bəzədilmiş sənduqə tipli qəbir daşı aşkar edilib.
Dövlət Turizm Agentliyinin sifarişi ilə "Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılan arxeoloji qazıntılar və elmi tədqiqat işləri zamanı orta əsrlərə aid bir çox maraqlı maddi-mədəniyyət nümunəsi, orta əsrlərə aid qala divarları, qalanın bir neçə bürcü, yaşayış və digər təyinatlı tikililər aşkar edilib.
Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan arxeoloji və elmi-tədqiqat işləri zamanı tapılmış orta əsrlərə aid bəzi sanduqə tipli qəbir daşları üzərindəki ornamentlər diqqət çəkir. Sanduqələrdən birinin üzərində Azərbaycan milli xalçalarına aid ornament, digərinin üzərində isə Süleyman Peyğəmbər möhürü və ya yəhudi Davud ulduzu simvolu əks olunub. Hazırda tamamilə tərk edilmiş və ancaq xarabalıqları qalmış keçmiş Qalaşıxı kəndinin yerində yaşayış evlərinin tikilməsi zamanı (XIX-XX əsrin əvvəllərinə aid tikililərində) yerli əhali tərəfindən bu sanduqə tipli qəbir daşları hörgüdə istifadə edilib. Sanduqələrin orta əsrlərə (XIV-XVI əsrlər) aid olduğu güman edilir, lakin epiqrafik tədqiqatlardan sonra alimlər bu məsələ ilə bağlı qəti fikir söyləyə biləcəklər.
Bundan əlavə, 2020-ci ildə aparılmış elmi tədqiqat işlərinin davam etdirilməsininin nəticəsi olaraq, Beşbarmaq qalasının müdafiə divarları, bürcləri, Beşbarmaq qayası ətrafında bir sıra yaşayış evləri üzə çıxarılıb. Müdafiə məqsədi ilə istifadə olunan Beşbarmaq qalasının hələlik yalnız 3 bürcü aşkar olunub.
Qazıntı ərazisində bir sıra maddi-mədəniyyət nümunələri, 18-ci əsrə aid qəlyan başlığı, şirli və şirsiz saxsı nümunələri, çıraqlar və s. aşkarlanıb. Qalanın daxilində həmçinin bir neçə qədim yaşayış evinin qalıqları təmizlənmişdir. Bu da orta əsrlərdə Beşbarmaqda intensiv yaşayışın olduğunu sübut edən faktlardan sayıla bilər.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin mədəni irs və araşdırmalar şöbəsinin müdiri Elşən Mustafayev Lent.az-a açıqlamasında orta əsrlərə aid bir müsəlman qəbir daşında "Davud ulduzu” və ya "Süleyman peyğəmbərin möhürü” adlanan simvolunun tapılmasını normal hal sayır. Onun sözlərinə görə, Süleyman Peyğəmbərin möhürü və Davud ulduzu İslam dünyasında çox istifadə edilmiş ornamentlərdən biridir: "Düzdür, Beşbarmaq dağının yaxınlığında yerləşən orta əsrlər Şabran şəhərində vaxtilə yəhudi məhəlləsi olub. Osmanlı donanmasının bayrağında və ya Anadoluda mövcud olmuş orta əsrlər dövləti olan Qaraman bəyliyi kimi dövlətdə də bu simvoldan istifadə edilib. O dövrdəki adətlərə uyğun olaraq müsəlman qəbrləri üzərində Orta əsr İslam incəsənətində mövcud olan müxtəlif nəbati və həndəsi ornamentlərə, müxtəlif dini simvollara rast gəlinir. Ümumiyyətlə, "Beşbarmaq” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisində dövlət mühafizəsinə götürülmüş dünya, ölkə və yerli əhəmiyyətli abidə yerləşir".
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin sifarişi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları bu ilin 12 iyun tarixindən abidədə arxeoloji-tədqiqat işlərinə başlayıblar. Ekspedisiya rəhbəri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Sevinc Hüseynova bildirir ki, qısa bir müddətdə aparılan elmi-arxeoloji tədqiqatlar Azərbaycan tarixi üçün çox önəmli tapıntıları üzə çıxarmışdır.
"Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu Dövlət Turzim Agentliyinin tabeliyində olan qoruqlardan biridir və Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2020-ci ilin iyun ayında yaradılıb. Ərazi Azərbaycanda müqəddəs ziyarətgahlardan biri sayılır və hər il on minlərlə yerli və xarici vətəndaşlar tərəfindən ziyarət edilir. (lent.az)