Şəhid Həsən Həsənovun qardaşı Dilqəmlə Şahbazdan GİLEYLƏNDİ

12-07-2021, 11:41           
Şəhid Həsən Həsənovun qardaşı Dilqəmlə Şahbazdan GİLEYLƏNDİ
Dünən – 11 iyul tarixi hələ Kəlbəcər işğaldaykən qismətinə orada şəhid olmaq yazılan cəbrayıllı gənc Həsən Həsənovun anım günüydü.

Həsənin qardaşı Nail Həsənov 2014-cü ildə qardaşı ilə birgə Kəlbəcərə getsələr də, ölümdən qurtulmağı bacaran Dilqəm Əsgərov və Şahbaz Quliyevdən gileyini dilə gətirib:

“Gözləyirdim ki, anım günündə Həsənlə 18-20 gün bir yerdə olmuş Dilqəm və Şahbaz onun məzarını yad edəcək və qardaşımla bağlı son xatirələrini bizimlə bölüşəcəklər. Əfsuslar olsun ki, gözlədiyimin tam əksi oldu. Nə gəldilər, nə də Allahın bir zəngini etdilər. Niyə? Axı Həsən sizə güvənib getmişdi ora. Budurmu sizin etibarınız, vəfalı dostluğunuz? Girovluqdan qayıtdıqdan sonra bir dəfə də olsun Həsənin ailəsini, valideynlərini arayıb-axtarmamısınız. Hələ üstəlik girovluqdan qayıtdıqdan sonra bir-birinizi ittiham edirsiniz, satqın adlandıraraq bütün qəhrəmanlıqlarınızı heçə endirdiniz. Bəlkə elə Həsəni də sataraq siz öldürtmüsünüz? Niyə siz sağ-salamat gəldiniz, amma Həsən tabutda gəldi?! İstəməzdim vəziyyəti bu qədər ictimailəşdirim. Bu günə qədər də susurdum. Amma məni buna vadar etdiniz. Eh Həsən… Bəziləri sənin halal 11000 manat sığorta pulunu mənimsəyib, yeyib artıq. Haramxoşları olsun! Və ən sonda dar günündə tanınan dostlarına xitabən demək istəyirəm, heyif səndən yaraşıqlı, boy-buxunlu, mərd, cəsur qardaşım. Heyif sənin Vətən sevgindən.Çox heyif!”.

Həsən Fərman oğlu Həsənov 1978-cı i aprelin 12-də Cəbrayıl rayonunun Mehdili kəndində dünyaya gəlib. Həsən doğma kəndində 7-ci sinfi bitirib. Daha sonra Qarabağı işğal edən düşməni məhv etmək arzusu ilə sənədlərini C.Naxçıvanski adına hərbi liseyə verib və burada təhsil alıb.

Həsən Həsənov 2014-cü ilin iyulunda Dilqəm Əsgərov və Şahbaz Quliyevlə Kəlbəcərə gedib. O, öz ata-baba yurdlarını ziyarət etmək istəyən kəlbəcərli dostlarını müşayiət edib. Lakin Ermənistan Silahlı Qüvvələri onların izinə düşərək, girov götürüblər. Girov götürülən zaman ermənilər Həsən Həsənovu güllələyərək, öldürüblər. Mərhumun nəşi 2 oktyabr 2014-cü ildə düşmən tərəfdən alınıb.

Şəhid Bakıda dəfn edilib. O, ailəli idi, iki qızı qalıb.

Allah rəhmət eləsin…
Turkustan.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.