“Rusiya quldurları Azərbaycana verməsə...” - NƏ ETMƏLİ?
15-07-2021, 15:57
Son günlər Ermənistan Azərbaycana qarşı mütəmadi olaraq təxribatlar törədir.
Son iki gündə Şuşa və Naxçıvan istiqamətində ermənilər atəşkəsi pozub.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Ardınca isə iyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri yenidən atıcı silahlardan atəşə tutulub. Atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.
Təxribatların intensiv hal alması ciddi narahatlıqlar yaradır. Nəzərə alsaq ki, ortada Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin hərbi əməliyyatların dayandırılması üçün imzaladığı 10 noyabr (2020-ci il) bəyanatı və bu bəyanatdan irəli gələn məsələlərin icrası üçün 11 yanvar (2021-ci il) razılaşması var, ermənilərin törətdiyi təxribatlar mövcud razılaşmalara əməl edilmədiyini göstərir. Digər tərəfdən, atəşin məhz sülhməramlıların yerləşdiyi ərazidən açılması Rusiyanın bu missiyanın öhtəsindən gəlmədiyini deməyə əsas verir.
Belə bir fikir formalaşır ki, ya Rusiya erməni terrorçuları ilə bacarmır, ya da elə özül bu təxribatların törədilməsinə şərait yaradır.
Deputat Bəhruz Məhərrəmov Cebhe.info-ya açıqlamasında deyib ki, son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması narahatlıq doğurur:
“Azərbaycan üçün 3-5 qulduru zərərsizləşdirmək çətin məsələ deyil. Lakin məlumdur ki, o quldur dəstələr Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdədir. 10 noyabr Bəyanatına əsasən, bu tip insidentlərin baş verməməsi üçün məsuliyyəti sülhməramlı qüvvələr daşıyır. Hər şeydən öncə çox sadə bir sual meydana çıxır: Sülhməramlıların xidmət göstərdiyi o kiçik ərazidə, erməni quldur dəstələri necə mövcud ola bilir? Belə mənzərə yaranır ki, sanki sülhməramlılar erməni quldur dəstələrini müdafiə və himayə etmək üçün oradadırlar. Sanki ermənilərə hər şey, hətta Azərbaycan əsgərinə hücum etmək də olar. Bu vəziyyət aşkar formada sülhməramlıların fəaliyyət prinsiplərinə, o cümlədən Rusiya Prezidentinin özünün dəfələrlə ifadə etdiyi ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyə, həmçinin, çoxəsrlik Azərbaycan-Rusiya münasibətlərinə daban-dabana ziddir. Rusiya sülhməramlı komandanlığı anlamalıdır ki, onlar 5 il müddətinə sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan ərazisindədirlər, missiyadan kənar istənilən mövqe və fəaliyyət ümumi işin zərərinədir və nəinki bölgədə, ümumiyyətlə, dünyada Rusiya dövlətinin nüfuzuna ciddi zərbə vurur”.
Bəhruz Məhərrəmov əlavə edib ki, ermənilərin silahlı hücum cəhdləri cinayətdir. Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs ölkə qanunvericiliyi əsasında cinayət məsuliyyətinə cəlb edilir:
“Qanunsuz erməni silahlı dəstələrinin cinayət əməllərinə hərəkətsiz qalaraq cinayətə rəvac vermədiyini və sülhyaratma missiyasına sadiqliyini göstərmək üçün sülhməramlı qüvvələrin komandanlığı dərhal həmin quldur dəstələrin üzvlərini tərkisilah edərək mühakimə olunması üçün Azərbaycana təhvil verməlidir. Əks halda hər hansı səmimi missiyadan danışmağa dəyməz. Quldur dəstələrinin bundan sonrakı fəaliyyətinə gəlincə, dislokasiya yerindən asılı olmayaraq Azərbaycana atəş açılırsa, hətta vətəndaşımız yaralanırsa, deməli, BMT Nizamnaməsinə əsasən, Azərbaycanın özünümüdafiə hüququ yaranır. Rəsmi Bakının tam hüququ var ki, istər sərhədləri daxilində, istər xaricində təhdid törədən istənilən təhlükə mənbəyini neytrallaşdırsın, yəni atəşin açıldığı nöqtəni və atəş açanları məhv etsin. Bilirsiniz ki, bir neçə ay öncə müzəffər Ali Baş Komandan da erməni tərəfə xəbərdarlıq etmişdi. Azərbaycan tərəfi bu günə qədər açılan atəşə reaksiya vermirdi, lakin Müdafiə Nazirliyinin yaydığı son məlumatdan da aydındır ki, artıq qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Hesab edirəm ki, insidentlərin davamlı hal alacağı, sülhməramlıların isə hərəkətsizlik göstərməkdə davam edəcəyi halda Azərbaycanın özünün təhlükəsizliyi, həmçinin, bölgədə davamlı sülh və sabitliyin təmini naminə həm diplomatik, həm də hərbi istiqamətdə sərt addımlar atacaq. Lakin bütün hallarda baş verənlər fonunda artıq bitmiş münaqişənin yenidən bərpası ehtimalı sıfıra bərabərdir. Azərbaycanla Ermənistan arasında münaqişə artıq tarixdə qalıb, yeni münaqişənin başlanması üçün isə Ermənistanın güc və imkanları yoxdur və hələ uzun illər də olmayacaq”.