İnternet problemi necə həll olunacaq? -“ “Azərkosmos” internet təklifinə hazırlaşır”
16-07-2021, 19:09
Bu ili iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünya ölkələri arasında 3 pillə irəliləyərək 122-ci yerdə qərarlaşıb.
“Speedtest Global Index”in verdiyi xəbərə görə, ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 25,59 MB/S olub.
Hesabatda qeyd edilir ki, ölkəmiz mobil internetin sürətinə görə də 2 pillə irəliləyib və 37,11 MB/S sürətlə 66-cı pillədə qərarlaşıb. Sabit genişzolaqlı internetin sürəti ilə bağlı siyahıda 181 ölkənin adı var. Birinci yerdə Monako (260,74 MB/S), sonuncu yerdə isə Türkmənistan (4,49 MB/S) qərarlaşıb.
Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri 193,51 MB/S sürətlə birinci, Əfqanıstan isə 7,37 MB/S sürətlə sonuncu 137-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, son günlər ölkədə internetin sürəti ilə bağlı problemlər yaşanır. Hazırda bu sahədə dünya ölkələri arasında 122-ci yerdə qərarlaşan Azərbaycan mövcud problemin öhdəsindən gələ biləcəkmi?
İKT üzrə ekspert Elvin Abbasov Cebhe.info-ya bildirib ki, ümumilikdə son bir neçə ayda ölkədə fundamental dəyişikliklər gedir:
“Təbii ki, birdən-birə bütün sistemi dəyişmək olmaz. Bu sistemi dəyişmək üçün ilk öncə gedən prosesə, yəni əhalinin istifadə etdiyi internet qalaraq mövcud dəyişikliklər aparıldığı üçün hazırda müəyyən yavaşlamalar var. Xüsusən də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəyişikliklər, yeniləmələr və keyfiyyətin yüksəldilməsi barədə genişmiqyaslı işlər aparır.
Hazırda internet müəyyən dərəcədə yavaşlasa da, bu gələcək üçün atılan bir addımdır. Yaxın gələcəkdə Azərbaycanın internet problemi böyük bir miqyasda həll olunmuş olacaq. Artıq ölkədə internet təklifləri istər qurumsal, istər korperativ olsun, daha fərqli təkliflər olacaq. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti internet təklifinə hazırlaşır. Belə ki, “Azərkosmos”un özünün internet xidməti olacaq, bu yeni bir texnologiyadır, alternativ internetdir. Bunun üçün qiymət də fərqlənir. Ancaq hər bir halda ölkədə internet səviyyəsinin yaxşılaşdırılması ilə bağlı geniş işlər gedir. Hazırda internetin yavaşlaması bir az bununla əlaqədardır. Müxtəlif dəyişikliklər, gedən proseslərlə bağlı bəzən internetdə yavaşlamlar olur. Ancaq bu yaxın bir müddətdə düzələk və keyfiyyətli internet olacaq”.
Nigar
Cebhe.info