Sərt karantin toylardan başlayacaq? - İnfeksionist deyir ki, qadağan edilməlidir...
28-07-2021, 15:46
Sərt karantin toylardan başlayacaq?
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ötən gün Azərbaycanda koronavirusa 468 yeni yoluxma faktı qeydə alınıb.
Yoluxmanın bu templə artması qapanmalar mövzsunu yenidən gündəmə gətirir.
Bununla bağlı Cebhe.info-ya infeksionist- hepotoloq Mərdan Əliyev danışıb. O, karantin qaydaları yumşaldılandan, toylara icazə veriləndən sonra yoluxmaların sayının sürətlə artmağa başladığını deyib:
"Sonuncu brifinqdə də gördük ki, COVİD-19 pasportları ilə bağlı fikirlər səsləndirildi. Yəni passportların daha da vacib olması vurğulandı. İki variant var: Vətəndaşlar ya COVİD-19 pasportu ilə toylara, ticarət mərkəzlərinə buraxılmalı, ya da tamam bağlanmaya gedilməlidir. Hazırda ölkəmizdə maska istifadə etməyə çox biganə yanaşma var. Hansı qapalı məkanlara girsəniz, orada maskaların taxılmamasına şahid olarsınız. Vətəndaşlar ya maskaları taxmır, ya da düzgün istifadə etmirlər. İnsanlar maskanı çənəyə taxır, ağız və burun boşluğu yenə də bayırda qalır. Bu da yoluxmanı sürətləndirir, artıma səbəb olur".
Mərdan Əliyev bildirib ki, maskaların taxılmasında biganəlik var. Buna həm insanlar, həm də lazımı qurumlar tərəfindən nəzarət zəifdir:
"Ona görə də yoluxmada dinamikanın artması normaldır. Yəqin ki, yaxın gələcəkdə daha çox artımın şahidi olacağıq. Bütün bunları düşünsək, yenidən qapanmalara gedilə bilər. Əvvəlki kimi sərt karantinin olmasın demirəm, amma toylar qadağan olunmalı, maskalara nəzarət gücləndirilməlidir. İri ticarət mərkəzləri, insanların kütləvi toplaşdığı yerlərdə maskalara mütləq nəzarət artırılmalıdır".