Şadlıq sarayları Məhərrəmlikdə də toy edəcək, əgər... - "Toy edənə də kimsə deyə bilməz ki, niyə toy edirsən?"
3-08-2021, 18:30
Avqustun 10-dan etibarən Məhərrəmlik ayı başlayır.
Ənənəyə görə, bu ayda Azərbaycanda toyların keçirilməsi doğru hesab edilmir. 2 il yaxın bir müddətdə pandemiya səbəbindən karantin olduğunu, toylara qadağa qoyulduğunu nəzərə alsaq, “Məhərrəm ayında toy etmək olarmı?” yenidən başlaması təbii görünür. Qarşıdakı dövrdə toy etmək üçün şadlıq saraylarına müraciət edənlər varmı? Cebhe.info suala cavab tapmaq üçün bəzi şadlıq sarayları ilə əlaqə saxlayıb.
“Gilavar” şadlıq sarayından Məhərrəmlik ayında hələlik sifarişin olmadığını deyilib: “Birinci növbədə biz sifariş qəbul etməmişik, amma toylar olur. 30-40 ildir bu belədir. Azərbaycanda Məhərrəmlik ayında da toy edənlər olur. Əksəriyyəti toy etmir, amma etmək istəyənlər də olacaq”.
“Çıraq Palas”dan bildirilib ki, müraciət edən olsa, toy edəcəklər: “Müraciət edən yoxdur, amma olsa, toy edəcəyik. İnanmıram ki, bundan sonra kimsə müraciət edər”.
“İnci” şadlıq sarayından sifariş qəbul etmədikləri bildirilib: “Bu ay biz sifariş qəbul etmirik. Məhərrəmlik ayında da müraciət edənlərə yox cavabı veririk ”.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Məhərrəmlik ayında toy etməklə bağlı dində yasaq yoxdur:
“Hicri- qəməri təqvimi ilə Məhərrəmlik ayı ilin ilk ayı olsa da, sevgili peyğəmbərimizə və onun əhli-beytinə Azərbaycan xalqında böyük sevgi, sayğı, ehtiram var. İslamın təməl qaydalarından məlumatı olan hər kəs bilir ki, Məhərrəm ayında toy etməməklə bağlı qanun və ya yasaq yoxdur. Monitorinq aparsaq, bu aylarda barmaqla sayılacaq adamların toy etdiyini görmüşük. Toy edənə də kimsə deyə bilməz ki, niyə toy edirsən?”