Psixoloq başı kəsilən qadın haqqında: “Bunun üçün adamı qınamamalıdırlar”
4-08-2021, 11:55
Bir müddət əvvəl əri tərəfindən döyüldüyü deyilən Sevinc Məhərrəmovanın başı kəsilərək öldürüldüyü iddia olunur.
Onun bədənində qançır izlərini göstərən fotosu bir müddət əvvəl sosial mediada yayılmışdı.
Fotonu təqdim edirik:
Bu caniliyi bir insan hansı hallarda edə bilər?
Psixoloq Elnur Rüstəmov Bakıvaxtı.az-a bildirib ki, insanın yaradılışından aqressiya hissi onda var: “Bunun ən bariz nümunəsi müharibələr, konfliktlər, mübahisələrdir. Sadəcə bizim bu gün informasiya əsrində, dəyişən dünyada, dəyərlərlə müasirliyin savaşdığı cəmiyyətdə yaşamağımız daha çox cinslərarası və ər-arvad münasibətlərdə özünü göstərir. Bu niyə belədir? Çünki dünənə qədər ailədaxili münasibətlər adət-ənənələrlə idarə olunurdu”.
Elnur Rüstəmov qeyd edib ki, bu gün ailədaxili münasibətlərdə adət-ənənə deyil, hüquq, gender bərabərliyi önə keçir: “Bunu qəbul edən və etməyən kişi var. Bəzən bunu qəbul edən kişi var, amma atası, anası qəbul eləmir. Bu gün Azərbaycanda ailə müasirliklə mentalitetin döyüş poliqonuna çevrilib. Bütün bu prosseslər orda dövr edir. Həmin bu aqressiya da özünü işdə, kimləsə münasibətdə yansıtır. Ona görə də bu istiqamətdə maarifləndirmə işi aparmaq lazımdır. Ailə daxilində konflikt varsa və özləri həll edə bilmirsə, psixoloji yardım almalıdırlar. Onların mütləq kömək üçün müraciət edəcək yerləri olmalıdır. Bunun üçün adamı qınamamalıdırlar. Yəni bunun üçün müvafiq dövlət strukturları da var. Dövlət qurumları əlaqəli şəkildə işləsələr problem olmaz”.