“Alimlər şəhərciyi” niyə tikilib təhvil verilmir? - FOTOLAR

4-08-2021, 18:41           
“Alimlər şəhərciyi” niyə tikilib təhvil verilmir? - FOTOLAR
“Abşeron rayonunun Saray qəsəbəsində elm və təhsil işçiləri üçün nəzərdə tutulmuş “Alimlər şəhərciyi” (“Science City”) yaşayış kompleksinin bir binası 3 ildən çoxdur ki, tikilib hazır olsa da, hələ də öz evimizə köçə bilmirik. Buna səbəb binanın kanalizasiya sisteminin hazır olmamasıdır. Mənzillərin pulu ödənib, açarları bizə veriblər, amma icazə vermirlər ki, girib təmirə başlayaq”.

Bu şikayətlə “Qafqazinfo”ya “Alimlər şəhərciyi”ndə mənzil alan şəxslərdən birinin ailə üzvü Yaşar Mustafayev müraciət edib. Onun sözlərinə görə, 7 hektarlıq ərazidə reallaşdırılmalı olan bu layihə çərçivəsində ümumilikdə 10 binanın tikilməsi və 1928 mənzilin istifadəyə verilməsi, ictimai iaşə, məişət, poliklinika, məktəb, uşaq bağçası və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin istifadəyə verilməsi nəzərdə tutulub. Lakin 4 ilə yaxın vaxt keçsə də, kompleksdə yalnız bir bina tikilib. İkinci binanın isə cəmi 3 mərtəbəsi inşa olunub.

“Bir müddət əvvəl şikayət etdik, ondan sonra AMEA-nın, həmçinin binaları inşa edən “Sahil A” və “Campus” MTK-nın nümayəndələrinin və sakinlərin iştirakı ilə iclas keçirildi. İclasdan sonra 1-ci binanın sakinlərinə açarlar verildi. Lakin açar verilsə də, mənzili anbar kimi istifadə edilməyə, heç bir təmir işi görməmək üçün müqaviləyə imza atmağa məcbur olduq. Çox mənzil sahibi bu şərtlərlə açar almaqdan imtina etdi. Hər dəfə növbəti aydan kanalizasiya üçün qazıntı işləri başlanacaq deyilir. Kanalizasiya üçün də ayrıca olaraq büdcə ayrılıb və AMEA-nın hesabına köçürülüb. Sonuncu dəfə isə kanalizasiyanın sentyabr ayı üçün hazır olacağı deyilib”.


Sakinlərin bildirdiyinə görə, ikinci binada vəziyyət daha acınacaqlıdır. 2019-cu ildə bünövrəsi qoyulan binanın iki il ərzində tikilib təhvil veriləcəyi bildirilsə də, bu müddətin bitməsinə baxmayaraq hələ də cəmi 2 mərtəbə inşa olunub. Üçüncü mərtəbə isə yarımçıqdır.

“AMEA-dan bizə “yeni MTK axtarırıq, binanı köhnə MTK-dan təhvil alıb yenisinə təhvil verək ki, binanı tikib bitirə bilsinlər” – deyirlər. Amma MTK tapılmır. 1-ci binanın bütün mənzilləri satılıb və ödənişlər 95 faiz tam ödənilib. İkinci binadan isə 78-80 mənzil satılıb və sakinlər 50 faizə qədər ödəniş ediblər. Sakinlərin, təhsil işçilərinin çox hissəsinin kirayədə qalmasına baxmayaraq bu ödənişləri hər kəs öz aylıq məvacibindən gecikdirmədən, vaxtlı-vaxtında ödəyib. Hər kəs kompleksə, aldıqları mənzillərə və ödədikləri məbləğə görə olduqca narahatdır”.

AMEA-nın İşlər İdarəsinin müdir müavini Natiq Allahverdiyev “Science City” yaşayış kompleksi ilə bağlı yaranan problemlərə aydınlıq gətirib. O etiraf edib ki, müqaviləyə əsasən, binaların 2 il ərzində təhvil verilməsi nəzərdə tutulsa da, kompleksdə yalnız bir binanın tikintisi yekunlaşıb. AMEA rəsmisinin sözlərinə görə, “Sahil A” MTK ilə müqavilə imzalanıb və müqaviləyə əsasən, həmin şirkət korporativ yaşayış kompleksinin tikintisini həyata keçirmək öhdəliyini öz üzərinə götürüb. Lakin bu müqavilə məqsədyönlü şəkildə, “Sahil A” MTK-nın maraqlarını təmin etmək məqsədilə AMEA-nın mənafelərinə zidd formada tərtib olunub:


“Belə ki, bu torpaq sahəsi AMEA-nın ərazisi olduğundan binaların birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri, eləcə də mansard bölməsi də AMEA-nın balansına verilməli, şirkət yalnız tikdiyi mənzillərin güzəştli şərtlərlə AMEA əməkdaşlarına təqdim olunmasını həyata keçirməli idi. Əfsuslar olsun ki, ölkə rəhbərliyinin AMEA-ya göstərdiyi diqqət və qayğıdan sui-istifadə edilərək bu qurumun nüfuzuna xələl gətirilməsinə şərait yaradılıb. “Science City”də işlər nəzərdə tutulduğu kimi getməyib. Sonralar isə AMEA-nın İşlər İdarəsinin “Sahil A” MTK ilə bağladığı müqavilə ləğv olunub, ikinci binanın tikintisi üçün “Campus of Scientist” MTK ilə müqavilə bağlanıb. Bu şirkət tərəfindən 2 bloklu, 16 mərtəbəli 240 mənzilli ikinci binadan artıq 65 mənzilin satışı həyata keçirilib”.

N. Allahverdiyevin sözlərinə görə, AMEA rəhbərliyi kompleksdə mövcud olan bütün problemlərin aradan qaldırılması, o cümlədən kanalizasiya xətləri və digər infrastruktur layihələrinin reallaşdırılması üçün göstəriş verib. O bildirib ki, bu günlərdə kanalizasiya sisteminin bərpa olunması, su və işıq xətlərinin çəkilməsi istiqamətində işlərin yekunlaşdırılması planlaşdırılır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.