ABŞ-ın borc böhranının dollara təsiri olacaqmı? - Ekspertlər danışır

5-08-2021, 09:38           
ABŞ-ın borc böhranının dollara təsiri olacaqmı? - Ekspertlər danışır
ABŞ-da baş verın proseslər dünyada bu ölkənin valyutası olan dolların taleyi ilə bağlı müzakirələri gücləndirib. Belə ki, ABŞ-ın dövlət borcunun həcmi Konqres tərəfindən müəyyən olunan 22 trilyon dollarlıq limitə çatıb.

Ölkənin Maliyyə Nazirliyi avqustun əvvəlində qanunverici orqana müraciət edərək limitin yuxarı həddinin artırılmasını xahiş edib. Maliyyə naziri Cenet Yellen Konqres rəhbərliyinə məktubla müraciət edərək rəhbərlik etdiyi qurumun qanunverici orqanın razılığını gözləmədən müvəqqəti borclanma ilə bağlı ekstraordinar tədbirlərə getməli olduğunu bəyan edib.

Analitik mərkəzlər Konqresin Maliyyə Nazirliyinin borc limitini artırmaq təklifini dəstəkləyən qərar qəbul edəcəyini gözləyirlər. Bunun əksi olarsa, ABŞ-da borclar üzrə defolt yarana bilər ki, bu da yalnız ölkə üçün deyil, bütün dünya üçün böyük böhrana səbəb ola bilər. Çünki dollar hazırda yalnız ABŞ deyil, dünya iqtisadiyyatının əsas dönərli valyutasıdır. Borclanma limitinin artırılmaması dolların dünya valyutası rolunun kəskin azalmasına gətirib çıxara bilər ki, bu da ABŞ üçün qətiyyən arzuolunan deyil.

Maraqlıdır ki, borc probleminə baxmayaraq, son 6 ay ərzində dolların bütün dünyada bahalaşması prosesi gedir. Bu proses iyun-iyul aylarında xüsusilə güclənib. Borc limiti ilə bağlı müzakirələr ötən həftədən etibarən prosesi dayandırıb. Buna görə də bəzi analitik mərkəzlər, ekspertlər investorları digər valyutalara investisiya etməyə çağırırlar. Məsələn, rusiyalı iqtisadçı Anna Zaytseva deyib ki, hazırda dollara ən yaxşı alternativ avro, Kanada dolları, Britaniya funtu, İsveçrə frankı, yapon yeni və İsveç kronundan ibarət diversifikasiya olunmuş səbətdir. Onun fikrincə, investorlar xüsusən Yapon yeni və İsveçrə frankına daha çox etibar edə bilərlər. Avro isə fərqli pul-kredit siyasətinə görə yaxın zamanlarda dollar qarşısında zəifləyə bilər. Çin yuanına gəlincə, ekspertin fikrincə, bu ölkənin korporativ seqmentində yüksək borc yükünün xarakterik olması yuana etimadı azaldır.

Qeyd edək ki, Azərbaycanın əsas investoru olan Dövlət Neft Fondu öz vəsaitlərinin valyuta tərkibinə bir qədər dəyişiklik edib. Fondun açıqladığı məlumata görə, bu il iyulun 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 44 milyard 104 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il iyulun 1-i ilə müqayisədə 3,4 faiz çoxdur. Hazırda fondun investisiyalarının 68,6 faizi ABŞ dollarındadır. Bu isə bir il əvvələ nisbətən 0,2 faiz bəndi çoxdur.

Əvəzində investisiya portfelində avronun payı 0,4 faiz bəndi azalaraq 20,3 faizdən 19,9 faizə düşüb. Hesabat dövründə investisiya portfelində ingilis funt sterlinqinin payı dəyişməyərək 4,9 faiz qalıb, Avstraliya dollarının payı 0,5 faizdən 0,6 faizə, türk lirəsinin payı 0,7 faizdən 0,6 faizə, Rusiya rublunun payı 0,6 faizdən 0,7 faizə, Çin yuanının payı 1,2 faizdən 1,3 faizə, yapon yeninin payı 1,5 faizdən 1,4 faizə, digər xarici valyutaların payı isə 1,4 faizdən 2 faizə dəyişib.

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun dediyinə görə, ABŞ dolları son vaxtlar bütün valyutalara nisbətdə dəyər qazanmaqdadır: “Ona görə də suveren fondların investisiya siyasətində ABŞ dollarına investisiyalar mühüm yer tutur. Bu da əsassız deyil: 2021-ci ildə ABŞ iqtisadiyyatında artım qeydə alınacağı gözlənilir, iqtisadiyyatın pandemiyadan sonrakı bərpası sürətlə gedir. Məhz bu səbəbdən suverən fondların əksəriyyəti valyutalardakı ehtiyatlarının 70 faizə yaxınını dollarda saxlayırlar. Dövlət Neft Fondunun dollarda saxladığı aktivlərdə ciddi artım yoxdur. Dollarla olan aktivlərin payı suveren fondlar üzrə qeydə alınan 70 faizlik həddən aşağıdır. Bu baxımdan, fondun dolların payını artırmaq imkanları var və hesab edirəm ki, bu imkandan istifadə olunmalıdır. Dollar hələ uzun müddət dünyanın əsas valyutası olaraq qalacaq. Bu baxımdan, ona investisiya etmək uğursuzluq gətirə bilməz”.

İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, dollardan hər hansı formada imtina hazırkı şərtlərdə mümkün deyil: “Rusiyada dollardan imtinaya dair müzakirələrin dəbdə olmasına baxmayaraq, bu ölkənin özünün belə ABŞ valyutasından imtina imkanı yoxdur. Hətta Rusiya öz ehtiyatlarını digər valyutalara keçirsə belə, müxtəlif ölkələrlə qarşılıqlı ticarətdə dollardan kənarlaşmaq mümkün deyil. Hələlik heç bir ölkə Rusiya ilə ticarətini sırf rubl üzərindən reallaşdırmır, bu, mümkün də deyil. Bu baxımdan, Rusiyada dollardan uzaqlaşmaya dair müzakirələr siyasi proseslərdən qaynaqlanan, iqtisadi əsası olmayan müzakirələrdir. İndiyədək Rusiya ilə yanaşı, Çin, İran, Türkiyə və sair dövlətlər də dollardan itmina etməklə bağlı planlar qurublar, lakin real nəticə əldə olunmayıb”.

Ekspertə görə, dollarsızlaşma ilə bağlı müxtəlif ölkələrdə baş verən proseslərin Azərbaycan manatına hər hansı təsiri olmayacaq: “Ümumiyyətlə, manatın məzənnəsinin hökumət tərəfindən tənzimlənməsi şəraitində hətta dolların dünya üzrə məzənnəsindəki dəyişikliklər belə Azərbaycanda hiss olunmur. Bu baxımdan, dollarla bağlı dünyanın müxtəlif ölkələrində gedən proseslər milli valyutaya zərər gətirəcək amil kimi çıxış etmir”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.