Sumqayıtdan gələn üfunət qoxusunun səbəbi nədir?

11-08-2021, 16:10           
Sumqayıtdan gələn üfunət qoxusunun səbəbi nədir?
Hər gecə hava qaralandan sonra Sumqayıtı tüstü basır, üstəlik də, aramsız üfunət qoxusu insanların nəfəs almasında çətinlik yaradır.

Sumqayıt sakini Müşfiq Cabbar bizə deyir ki, bu vəziyyət illərdir davam edir. "İnsanlar narahatdır... Belə davam etsə xəstəliklər yarana bilər,"- o əlavə edir.

Sumqayıt sakinləri dəfələrlə yerli icra orqanlarına müraciət etsələr də, nəticəsi olmayıb. Eko-fəallar bir neçə dəfə Sumqayıt İcra Hakimiyyətinin qarşısında etiraz ediblər.

Zavodlardırmı?

Sumqayıt sakinləri əvvəllər üfunətin və tüstünün mənbəyinin şəhərdəki məişət tullantıları poliqonunda - həm Sumqayıtın, həm də Xırdalan və Abşeron ərazilənrindən gətirilən tullantıların yandırılmasında olduğunu düşünüblər. Lakin indi onlar günahı şəhərdəki bəzi zavodlarda da görürlər.

Eko-fəallar da Sumqayıtdakı məişət tullantıları poliqonundakı yanğınla əlaqələndirirdi, lakin sonradan poliqondakı yanğının söndürülməsi xəbəri yayıldı. Yanğın söndürülsə də, üfunət qoxusu və tüstü çəkilmədi və hazırda da olduğu kimi qalmaqda davam edir.

Müşfiq Cabbar deyir ki, Sumqayıtda gecələr yayılan tüstü və üfunət səhər saatlarına qədər davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də vəziyyətdən xəbərdardır və hesab edir ki, son günlər Sumqaytda yayılan tüstü və qoxu halları "artıq xroniki hala" keçib.

Bir neçə gün nazirlik işçiləri eko-fəallarla birlikdə şəhərdəki zavodlara - Sumqayıt Texnologiyalar Parkının müəssisələrinə və Sumqayıt Kimya Sənaye Parkına baxış keçirməyə cəhd ediblər.

"Ekologiya nazirliyinin işçiləri ilə zavoda baxış keçirdik, zavod işlək deyildi, az tüstü çıxırdı. Ekologiya nazirliyinin işçiləri dedi ki, əlimizdə sənəd yoxdur ki, yoxlama aparaq. Sahibkarlığın yoxlanılması ilə bağlı qanunlar və məhdudiyyətlər var. Və onlar yalnız vizual baxış edə bilərlər," , Sumqayıt Kimya Sənaye Parkında yerləşən bir zavodla bağlı danışan ətraf mühit və ekologiya fəalı Cavid Qara deyir.

Söhbət Sumqayıt Kimya Sənaye Parkında yerləşən "Baku Non Ferrous and Foundry Company" adlı şirkətdən gedir. Cavid Qara iddia edir ki, bu zavod gündüz işləmir, amma axşamlar gücləndirilmiş rejimdə işləyir və filtirlər gücü çatmadığı üçün şəhəri çirkləndirir.

Onun fikrincə, zavodda yoxlanış aparılmalıdır və zavodun qurğuları yoxlanmalıdır. Zavodun yerləşdiyi Kimya parkı İqtisadiyyat Nazirliyinin tabeçiliyindədir və nazirlik, barəsində şikayət olunan bu zavod barədə müsbət fikirdədir.

Zavodlar deyilmi?

Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Baku Non Ferrous and Foundry Company" MMC tərəfindən havaya buraxılan tüstünün ekologiyanı çirkləndirləndirməsinə dair yayılmış iddialar "doğru deyil", İqtisadiyyat Nazirliyindən BBC Azərbaycancaya bildiriblər.

Sumqayıt Texnologiyalar Parkı da eko fəalların ittihamlarını qəbul etmir.

Qurumdan BBC-yə bildiriblər ki, "müəssisələr Sumqayıt şəhərində havanı çirkləndirəcək və ya duman yaranmasına təsir edəcək həcmdə deyil".

Nazirlik deyir ki, ETSN zavodda monitorinqlər aparıb, havaya buraxılan tozun miqdarı araşdırılıb və zavoddan havaya boz və qara rəngli iysiz tüstünün buraxıldığı müəyyən edilib.

"...xammal sobaya yığılarkən ilk olaraq borudan qara tüstü çıxır və qısa zamanda qara tüstü boz (adi) tüstüyə çevrilir. Araşdırmanın nəticələrinə əsasən havanın tərkibi ətraf mühit üçün yol verilən hədd norması daxilində olmuşdur",- məlumatda deyilir.

İqtisadiyyat Nazirliyi nəticələrə əsaslanaraq bildirir ki, zavodda təmizləyici boru filtrlərindən istifadə edildiyi üçün "havaya buraxılan tüstü ətraf mühit, insan orqaniziminin sağlamlığı üçün tam təhlükəsizdir".

Nazirlik qeyd edir ki, "Baku Non Ferrous and Foundry Company" MMC tərəfindən havaya buraxılan tüstünün zərərsizləşdirilməsi üçün 1700 ədəd filtr qurğusundan istifadə edilir.

"Sumqayıt Kimya Sənaye Parkının ərazisində fəaliyyət göstərən sənaye müəssisələrində istifadə edilən avadanlıqlar müasir standartlara cavab verir. Hər bir müəssisədə məhsul istehsalı zamanı əmələ gələn zərərli maddələrin havaya buraxılmasının qarşısını almaq üçün təmizləmə qurğularından (təmizləyici boru filtrlərindən) istifadə edilir", deyə nazirlik BBC-nin suallarına cavabında bildirib.

Nazirlik qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hava təmizliyinə nəzarət üçün monitorinqlər aparılır. "Müəssisələrin havanın çirklənməsinə yol verilməmələri üçün maarifləndirici görüşlər və təlimlər keçirilir,"- qurum bildirir.

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Kimya Sənaye Parkı 2011-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb.

Tullantılar poliqonu?

ETSN Dövlət Ekoloji Təhülkəsizlik xidmətinin rəisi Hikmət Əlizadə Sumqayıtda havanın tüstülü olduğunu, qoxunun yayıldığını və atmosfer çirklənməsi baş verdiyini etiraf edir.

O bu halları Sumqyıtdakı məişət tullantıları poliqonunun işinin doğru təşkil edilməməsi ilə əlaqələndirir.

O deyir ki, qurumun işçiləri ərazidə müasir cihazlarla yoxlanış aparıblar.

"Cihazların göstəriciləri bildirdi ki, hazırda poliqonda yanğın olmasa da, orada dəm qazının həddi dəfələrlə yüksəkdir,"- o deyir.

Hikmət Əlizadə BBC-yə bildirib ki, Sumqayıtda məişət tullantıları poliqonunun idarə olunmasında müşahidə olunan ciddi nöqsanlar "dəfələrlə" yerli icra orqanlarının nəzərinə çatdırılıb.

İyul ayının sonunda baş vermiş yanğından sonra Sumqayıt məişət tullantıları poliqonunun idarə edilməsinə cavabdeh "Sumqayıt şəhər Təmizlik Departamenti" MMC 4800 manat məbləğində cərimələnib.

Hikmət Əlizadə deyir ki, təkcə 2020-ci ildə də bu poliqonu idarə edən hüquqi şəxs 6800 manat cərimələnib, dəfələrlə məcburi göstəriş verilib.

İcra hakimiyyəti?

Sumqayıt Şəhər İcra Hakimiyyətindən BBC-yə bildiriblər ki, Sumqayıtda məişət tullantıları poliqonunda baş vermiş yanğın təbii şəkildə meydana gəlir.

"İllərdir toplanan tullantılar yer altında qazlaşmaya səbəb olur və nəticədə də yanğın baş verir", deyən icra hakimiyyəti bildirir ki, poliqon ərazisinə nəzarət edilir.

"Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının bununla bağlı sərəncamı var və işçi qrup yaradılıb. Ərazidə yanğın hallarının olmaması üçün mütəmadi olaraq torpaqlama və digər qabaqlayıcı tədbirlər görülür,"- icra hakimiyyətindən deyiblər.

Qurum bildirib ki, Sumqayıt şəhərində məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində müasir standartlara cavab verən sistemin yaradılması və yeni texnologiyalara əsaslanan zavodun tikilməsi ilə bağlı ilkin layihələndirmə işləri həyata keçirilib və müvafiq dövlət qurumlarına təqdim olunub.

Tüstü və qoxu aradan qalxacaqmı? ETSN rəsmisi problemin "cərimələrlə həllini tapmayacağını" deyir.

O, müasir poliqonun yaradılmasını və ərazinin müvafiq hala gətirilməsini təklif edir. O bildirir ki, yanğın, tüstü, pis qoxunun qarşısının alınmasının əsas çıxış yolu tullantıların çeşidlənməsidir.

"Necə gəldi basdırılır, torpağın altında proses gedir. Özündən yanma baş verir. Çeşidlənmə olarsa bu olmayacaq,"- o deyir.

Eko-fəal Cavid Qara deyir ki, Sumqayıda gündüz saatlarında hava normal olur. Axşam saatlarında isə küləyin istiqamətindən və surətindən asılı olaraq dəyişir, yəni şimaldan külək əsəndə şəhəri üfunət bürüyür. O, Sumqayıtda baş verənləri "ekoloji fəlakət" adlandırır.

Eko fəallar məsələni gündəmdə saxlayacaqlarını və yoxlamaların davam edəcəyini və etirazları davam etdirəcəklərini deyirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.