İsfəndiyar Vahabzadəyə cinayət işi açıla bilərmi? – Hüquqşünas rəyi
11-08-2021, 21:25
Etnik mənsubiyyətə görə nifrət aşılamaq beynəlxalq hüquqla qadağandır”.
Bu sözləri Yenisabah.az-a "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib.
O, rusiyalılar və Dövlət Dumasının deputatı Vladimir Jirinovski haqqında təhqiramiz ifadələr eks-səfir İsfəndiyar Vahabzadə ilə bağlı qalmaqalı şərh edib.
Hüquqşünas bildirib ki, istənilən xalq haqqında təhqiramiz ifadələr işlətmək yolverilməzdir:
“Xalqlar haqqında hər hansı mənfi fikirlərin söylənilməsinin tamamilə əleyhinəyəm. Bir adama görə bütövlükdə xalqı qiymətləndirmək yanlış yanaşmadır. Düzdür, bəzi hallarda xalqlar da “xəstələnirlər”. Məsələn, erməni xalqı ifrat millətçilik xəstəliyinə tutulub. Amma bu bütün xalqlara aid deyil”.
Əliməmməd Nuriyev xatırladıb ki, Azərbaycan dövləti biz bir sıra beynəlxalq konvensiyalarla öhdəliklər götürüb. Həmçinin Azərbaycan Konstitusiyasında da insanın şərəf və ləyaqətinə hörmət, etnik mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsi kimi məsələlər var. “Bu baxımdan əgər kiminsə fikirlərində bu yöndə nifrətə çağırışlar varsa, həmin şəxs məsuliyyətə cəlb edilə bilər. Azərbaycan qanunvericiliyi ilə belə hallar qadağandır”.
Hüquqşünas hər şeyin situasiyaya uyğun qiymətləndirilə biləcəyini vurğulayıb:
“İsfəndiyar Vahabzadə böyük şairimizin övladıdır və uzun müddət diplomat olaraq çalışıb. Düşünmürəm ki, o bütövlükdə hansısa xalqa qarşı nifrət doğuran fikir səsləndirsin. Amma bir reallıq da var ki, Jirinovski deyilən məxluq Azərbaycan xalqına qarşı həmişə həqarətlər yağdıran biridir. Ona görə də bu siyasətçini ciddi qəbul etmək lazım deyil. Heç Rusiyada da o, ciddi şəxs kimi tanınmır. Onu “təlxək” adlandırırlar. Azərbaycan XİN-i də Jirinovskinin xoşagəlməz çıxışı ilə bağlı nota verib. Bu baxımdan o məxluqun dedikləri bizim üçün əhəmiyyət daşımır. Onun İlham Əliyevə müraciət etməyə nə mənəvi, nə də hüquqi haqqı var. Vaxtilə Prezidentin ardınca qaçan bu şəxs Azərbaycanın dövlət başçısı haqqında da uyğunsuz ifadə işlədib. Ondan istifadə edilir, çünki Rusiya millətçi dairələri tərəfindən ortaya atılan şəxsdir. Onun çıxışlarının hamısında xalqlara qarşı təhqirlər vardır, düşünməlidir ki, bunlar bir gün bumeranq olub ona qayıdacaqdır. Xalqları böyük övladları ilə qiymətləndirmək lazımdır”.