5382 media qurumu: Sayın çox olması əhəmiyyət kəsb edirmi? - Ekspert
11-08-2021, 23:25
"Önəmli olan ölkədə medianın sayının nə qədər olması yox, effektiv olub-olmamsıdır. Azərbaycanda aktiv media sayı çox azdır”.
Bunu açıqlamasında media eksperti Ələsgər Məmmədli Ədliyyə Nazirliyinin Azərbaycanda uçota alınmış mətbu nəşrlərinin sayı ilə bağlı açıqlamasına aydınlıq gətirərkən deyib. Media eksperti hesab edir ki, aktiv media sayının yanına bir də effektiv iş məsələsi gələndə, ümumiyyətlə, bu, daha da azdır:
"Statistika göstərir ki, əhalinin böyük əksəriyyəti Azərbaycan deyil, Rusiya, Türkiyə televiziyalarına baxır. Xəbər mənbəyi olaraq isə nəinki media, daha çox sosial şəbəkələrdən istifadə edirlər.
Belə olan halda desək ki, Azərbaycanda 5382 media qeydə alınıb, yalan olar. Bunlar sadəcə hüquqi şəxs statusu alanlardır. Hüquqi şəxs statusu almaq dövlət nəzdində onun identifikasiya olunması və vergi ödəyicisi kimi qeydə alınmasıdır. Amma fəaliyyət o zaman müəyyən olunur ki, onun auditoriyası var. Bu gün auditoriyası olan media çox azdır".
Ələsgər Məmmədli qeydiyyata alınan media qurumlarının bir çoxunun onlayn formada fəaliyyət göstərdiyini vurğulayıb: "Bəzi dövlət mediası da var. Hökumətin birbaşa və dolayı yolla maliyyələşdirdiyi media da var. Amma onların əhatəsi çox dardır. Azərbaycanda faktiki olaraq onlayn media və bir az da alternativ fikirlərə yer verən mıtbuat orqanlarının kiçik bir hissəsi Azərbaycanda, bir hissəsi xaricdə fəaliyyət göstərsə də, onların aditoriyası var.
Bu təhlükədirmi? Ölkə mediasının zəif olması, kənarda olan mediadan əhalinin informasiya alması müəyyən mənada ölkənin milli təhlükəsizliyinə zərər ola bilər. Jurnalist qərəzsiz və tərəfsiz olmalıdır. Amma jurnalist tərəflidir, ev növbəsinə durur, dövlətdən ev istəyir. Belə olan halda onlara obyektiv jurnalist deyə bilmirik, bu, jurnalistika prinsiplərinə uyğun gəlmir”.
Media eksperti hesab edir ki, 5382 media qurumun qeydə aınması, sayın çox olması heç bir əhəmiyyət kəsb eləmir: "Əsas olan ictimai rəyi və aditoriyanı yönləndirməkdir. Təəssülər olsun ki, media bundan çox geridir, sosial media isə müəyyən rol oynayır.
Gündəmi sosial media saxlayır. Sosial media istifadəçiləri isə peşəkar deyil, onlar cəmiyyətdə olan hər kəsdir. Onlar ictimai rəyin formalaşmasında rol oynayırlar. Sayın çox olması və bununla mübarizə də lazım deyil. Mübarizəni cəmiyyət aparır. Oxumur və auditoriyası olmayan nəşr zamanla əriyib gedir”.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsi Azərbaycanda uçota alınmış mətbu nəşrlərinin sayını açıqlayıb. Ümumi mətbu nəşrlərin sayı 5382-dir. Eyni zamanda bu il 21 mətbu nəşr uçota alınıb.