Zəhərli vərəqə, “Nazran” şüşəsi – Stalinin ölümü ilə bağlı ŞOK FAKTLAR – ARAŞDIRMA/FOTOLAR
5-03-2016, 00:04
1953-cü ilin 5 martı SSRİ rəhbəri İosif Stalinin vəfatı kimi tarixə düşdü. Yüz minlərlə insan dəstə-dəstə Kremlə, İosif Vissarionoviçlə vidalaşmağa axışdı. Vida mərasiminə gələnlərin sayı o qədər çox idi ki, yaranan izdiham nəticəsində yüzlərlə insan həlak oldu. Diktatorun saysız-hesabsız cinayətlərindən xəbərsiz olan yüz minlərlə sadəlövh insan onu göz yaşları ilə yola salırdı.
Stalinlə vida mərasiminə qatılanlar arasında SSRİ rəhbərinin oğlu Vasili Stalin və qızı Svetlana Alliluyeva da vardı. Atasıyla vidalaşmağa hərbi formada, general rütbəsində gələn Vasili tez-tez “əclaflar, sevinin, atamı öldürdünüz” – deyərək ağlayır, göz yaşlarını dəsmalla silir, ayaqüstə çətinliklə dayanırdı. Onun SSRİ rəhbərliyinə ünvanlanmış ittihamlarını dövlət rəsmilərdən Nikita Xruşşov, Lavrenti Beriya, Lazar Kaqanoviç, Georgi Malenkov və digərləri çox yaxşı eşidir, lakin susmağa üstünlük verirdilər.
Onilliklər sonra üzə çıxdı ki, diktatorun oğlu əslində həqiqəti söyləyirmiş. SSRİ ictimaiyyəti Stalinin ölümünün geniş təfərrüatları barədə heç vaxt məlumatlı olmadı. Kreml həkimlərinin rəsmi nəticələrində Stalinin insult keçirməsi açıqlandı. Onilliklər sonra – imperiya süquta uğrayanda məlum oldu ki, Stalini zəhərləyib öldürüblər. Rusiya və dünya mediasının vurğuladığı sui-qəsdlə bağlı bir sıra maraqlı faktlar, versiyalar ortaya çıxıb.
Publika.az müxtəlif mənbələrə istinadən həmin faktları təqdim edir:
SSRİ-nin sui-qəsdçiləri – Beriya, Xruşşov
Stalinin Kuntsevadakı bağ evində uzun müddət həyat əlamətinin olmadığını görən keşikçilər həyəcanla diktatorun otağına daxil olduqda SSRİ rəhbərinin döşəmədə uzandığını gördülər. Beyninə qan sızmış diktator hərəkətsiz idi. Lakin heç kimin İosif Vissarionoviçə toxunmaq hüququ yox idi. Beriyanın şəxsi icazəsi lazım idi. Saatlarla axtarılan Lavrenti Stalinin otağına daxil olduqda “Yoldaş Stalin dincəlir” – deyə rəhbərin “istirahət” etdiyini bildirdi. Beləcə, Stalin 12 saat tibbi yardımdan məhrum olundu.
Beriyanın Stalinin ölümündə maraqlı olmasını Nikita Xruşşovun “Xatirələr”i də sübut edir: “O, huşunu itirmiş Stalinin ətrafında gəzişir, İosif Vissarionoviçi söyür, təhqir edirdi. Elə ki, Stalinin huşu özünə qayıtdı, Beriya onun qarşısında diz çöküb İosif Vissarionoviçin əllərini öpməyə başladı. Az sonra Stalin yenə huşunu itirdi. Lavrenti ayağa qalxıb tüpürdü” (“Xəzinə”).
Stalinin övladlığa götürdüyü Artyom Sergeyev, qızı Svetlana Alliluyeva, nəvələri Aleksandr Burdonski və Qalina Yakovlevna, habelə digər şəxslər birmənalı olaraq iddia edirlər ki, diktatorun ölümünün səbəkarı Beriyadır. Onlar iddialarını Lavrentinin beyninə qan sızmış Stalini saatlarla həkim köməyindən məhrum etməklə, bəziləri isə zəhərləyib öldürməklə əsaslandırırlar.
Stalinin nəticəsi Yakov Cuqaşvili iddia edir ki, SSRİ rəhbərini zəhərləyiblər.
Sui-qəsddə Çerçil faktoru
İrlandiyalı araşdırmaçı Qlen Midd “Qar canavarı” əsərində Stalinin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşları tərəfindən öldürülməsinə dair iddialar var. Faktlara müraciət etdikdə araşdırmaçının bəzi şübhələrinin həqiqətə yaxınlığı məlum olur.
SSRİ-nin Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş əməkdaşları Qlen Middlə söhbətlərində də İosif Vissarionoviçin MKİ tərəfindən öldürülməsini istisna etməyiblər. Bütün bunlar bir yana, 1953-cü ilin yanvarından 1961-ci ilin əvvəlinədək ABŞ-ın 34-cü prezidenti olmuş Duayt Eyzenhauer gündəlik xatirələrini qeydə alırdı. Şübhəli məqam bundan ibarətdir ki, Stalin vəfat etdiyi dövrdə Eyzenhauer 20 gün ərzində gündəliyinə heç nə yazmayıb. Onun başı “başqa” məsələlərə qarışmışdı. Bu, həmin dövr idi ki, amerikalılar SSRİ rəhbərinin ABŞ-a hidrogen bombasını atacağı barədə tez-tez təlaş keçirirdilər.
Digər faktı da dıqqətdən qaçıra bilmərik: - Stalin ölümündən 14-15 gün əvvəl Hindistanın SSRİ-dəki səfiri ilə söhbətində gözlənilmədən: “Canavar mənim qanıma susayıb. Ətrafımda dolaşır. Canavarı öldürmək lazımdır” – demişdi (“Xəzinə”).
Diktatorun sözləri ilə ölümü arasındakı zaman məsafəsinin qısalığı şübhəli məqamlara işarədir.
Əslində çoxları bilmir ki, Stalin canavarları həddən çox sevirdi. Diktatorun qızı Svetlana Alliliyeva isə öz xatirələrində vurğulayır ki, atası ömrünün son günlərində yazı masasının üzərindəki kağızlara canavar şəkilləri çəkirdi. Eyni zamanda Stalin bağ evindəki xidmətçilərə tapşırmışdı ki, sobaları qızarana qədər alovlandırsınlar. Bu, canavarlardan qaçan ovçuların ehtiyatkarlığını bənzədirdi.
Svetlana Alliluyeva atasının həyatının son anlarını belə təsəvvür edir: “Onun can verməsi çox dəhşətli idi. Sanki hansısa qüvvə atamı gizli şəkildə boğurdu. O, hansısa məqamda sakitləşdi. Sol əlini yuxarı qaldırıb, nəyəsə işarə etdi. Bilmədik ki, bu hədə idi, yoxsa başqa şey..? Qəzəb dolu gözlərilə bizə baxdı, az sonra huşunu itirdi”.
Bəzi araşdırmaçılar diktatorun müəmmalı ölümündə vaxtilə Reynhard Qeydrixə qarşı uğurlu sui-qəsdin ideoloqlarından olmuş Britaniyanın baş naziri Uinston Çerçilin (o, 1951-ci ildə ikinci dəfə baş nazir vəzifəsini icra edirdi) də adını vurğulayırlar. Məsələ burasındadır ki, Çerçilə “Cəngavər” rütbəsi Stalinin ölümündən cəmi 2 həftə sonra verildi. Halbuki bu mükafat ona heç İngiltərə üçün ölüm-dirim savaşı sayılan İkinci Dünya Müharibəsi illərində mükafat verilməmişdi. Bir çoxları Leninin “Sovet Rusiyasının ən böyük qənimi” adlandırdığı Çerçilin Stalinin ölümündən sonra ali mükafata layiq görülməsinin heç də təsadüfi olmadığını vurğulayırlar.
Faktlar, sənədlər, ölüm məktubu
SSRİ-nin keçmiş dövlət xadimi Mixail Poltoraninin araşdırmaları diktatorun zəhərlənərək öldürülməsi iddialarının təkzib edilməsi imkanlarını alt-üst edir. Hər şey Poltoraninin Stalinin sui-qəsdlə öldürülməsini əks etdirən gizli qovluğu tapmasından sonra başladı. Məlum oldu ki, Krelm həkimlərinin 1953-cü ilin martında rəhbərin vəfatı ilə bağlı açıqladıqları rəsmi tibbi nəticə saxta imiş.
Poltoraninin əlinə keçən qovluqda tibb elmləri doktoru, anatompatoloq Arseni Rusakovun məktubu da üzə çıxdı. Məktubda Stalinin öldürülməsi faktı açıq-aydın əks olunmuşdu. Anatompatoloq,qeydlərini prokurora göndərdikdən cəmi 3 saat sonra güllələndi. Onun “cinayət”i bu müdhiş sirri üzə çıxarması idi.
Bir nüans da diqqət çəkir: - Mixail Poltoraninin tapdığı sənəddən fərqli olaraq, Rusakovun məktubu bu günə kimi ictimaiyyətə açıqlanmayıb. Rusakovun Stalinin zəhərlənməsi hada məktubu bu günə kimi Kreml divarlarının arxasında saxlanılır.
O ki qaldı SSRİ rəhbərinin hansı üsulla aradan götürülməsinə, bununla bağlı bir sıra versiyalar gündəmə gəlib. Araşdırmaçılar bildirirlər ki, Stalin tərkibinə zəhər qatılmış mineral su ilə zəhərlənib. Diktator adətən “Narzan” mineral sularından istifadə edirdi. O, öl(dürül)ən gün rəhbərin Kuntsevadakı bağ evinin mətbəxində 3 butılka vardı. Şüşə qabları tarix muzeyinə verildi. Maraqlı məqam bundan ibarətdir ki, muzeyə cəmi 2 butılka təqdim edilib. Üçüncü butulka isə yoxa çıxıb. Bu, Stalinin həyatının son günündə onun iş stolunun üstündəki şüşə qab idi.
Stalinin öldürülməsi ilə bağlı digər versiya onun sənədlər, kitablar vasitəsilə zəhərlənməsidir. Kreml rəsmiləri çox yaxşı bilirdi ki, Stalin sənədlərin, kitabların vərəqlərini barmağını dili ilə tez-tez isladaraq çevirirdi. Ehtimala görə, rəhbərin iş planınını çox yaxşı bilən Kremldəki suiqəsdçilər onu vərəqlərinə zəhər hopdurulmuş sənədlər, ya da kitablar vasitəsilə zəhərləyiblər.
Son vaxtlar məlum olub ki, Kremldəki əleyhdarları SSRİ rəhbərini düz 3 dəfə zəhərləyiblər. İlk dəfə 1946-cı ildə baş tutmuş əməliyyat nisbətən uğurlu olsa da, diktator sağalıb. İkinci zəhərlənmə hadisəsi 1949-cu ildə qeydə alınıb. Martın 29-da Stalində dezinteriya aşkarlanıb və xəstəlik 31 iyuladək davam edib. Üçüncü, uğurlu sui-qəsd isə 1953-cü ilin martında baş verib.
Daha bir neçə maraqlı faktı da təqdim etmək yerinə düşür: - Bu, Stalinin ölümündən az əvvəl Kremlin komendantının həbs edilməsidir. O, diktatora sadiqliyi ilə seçilirdi. 1952-ci ilin dekabrında DTK-nın əməkdaşı, 1931-1952-ci illərdə, 21 il Stalinin şəxsi mühafizəsinin rəhbəri olmuş general-leytenant Nikolay Vlasik həbs edildi. Diktatorun müəmmalı ölümündən 3 ay əvvəl Beriya tərəfindən aradan götürülən bu əsas fiqur bildirdi ki, tezliklə Stalin də yox olacaq.
Sonda: - yazımızın girişində Stalinin oğlu Vasili Cuqaşvilinin “əclaflar, sevinin, atamı öldürdünüz” ittihamını təsadüfi olaraq qeyd etmədik. Beriya-Xruşşov cütlüyü Stalinin müəmmalı ölümündən cəmi 53 gün sonra oğlunu da zərərsizləşdirdilər. 1953-cü ilin 27 aprelində onu Lyubyankaya gətirilən ölkənin ən gənc aviasiya generalı gülməli də olsa, Vətənə “xəyanətdə” ittiham olunurdu. Lakin general-leytenanta qarşı ittihamlar sonradan antisovet təbliğatı ittihamıyla əvəzləndi. Həyat göstərdi ki, Vasili Cuqaşvili atasının zəhərlənməsi iddiasında haqlı imiş.