Azərbaycanlıların “Taliban”a qoşulmaq təhlükəsi: - “Bir medalın iki üzü...”

26-08-2021, 11:06           
Azərbaycanlıların “Taliban”a qoşulmaq təhlükəsi: -
"Azərbaycanlıların "Taliban”a qoşulması, qruplaşmanın onları qəbul edəcəyi hələlik heç bir halda müşahidə olunmayıb. Amma bunu tam olaraq inkar da etmək olmaz”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli vaxtilə bəzi azərbaycanlıların radikal terrorçu təşkilat olan İŞİD-ə cəlb edilmələri fonunda, belələrinin indi də "Taliban”a qoşulması təhlükəsindən danışarkən deyib.

Politoloqun fikrincə, "Taliban” hərəkatına müxtəlif ölkələrdən muzdlu döyüşçülər lazım olarsa, yəqin ki, belə bir təhlükə baş verəcək:

"Taliban” hərəkatı sırf radikal islami hərəkatdır. Hələ ki, onlar Əfqanıstanın özündə yaşayan milli azlıqların nümayəndələrini belə öz sıralarına qəbul etmir. Azərbaycanlıların "Taliban”a qoşulması faktı hələlik yoxdur. Amma bunu inkar etmək də olmaz. İŞİD-lə "Taliban” mahiyyət etibarı ilə bir medalın iki üzüdür. İŞİD özünə qoşulanlara pul ödəyirdi. "Taliban”ın da bu metoddan istifadə edib-etməyəcəyini hələlik bilmirəm. Ümumiyyətlə, qruplaşmaya müxtəlif ölkələrdən gələn muzdluların lazım olub-olmayacağnı söyləmək də mümkün deyil”.

Həmsöhbətimiz Azərbaycanda da radikal hərəkatlara qoşulmaq istəyənlərin olduğunu istisna etməyib:

"Hazırda Azərbaycan ərazisində "vəhabilik” kifayət qədər yayılıb. Onunla mübarizə hələlik arzuedilən səmərəni verməyib”.

Q. Hüseynli qeyd etdi ki, sözügedən təhlükənin qarşısını almaq üçün bu istiqamətdə Azərbaycanın hakimiyyət orqanları işlərini daha da gücləndirməlidir:
"Məsələn, Qafqaz Müsəlmanları İdarəsi və Dini İşlər üzrə Dövlət Komitəsinin fəal işlər həyata keçirmələrinə, qabaqlayıcı praqmatik tədbirlər görmələrinə ciddi ehtiyac duyulur. Radikal dini təşkilatlar şirnikləndirici, cəlbedici şüarlarla bəzi insanları öz tərəfinə cəlb edə bilir. Bu fonda müasir texnologiya və internetin imkanlarından geniş istifadə edirlər. Zənnimcə, "Taliban”ın mahiyyətinin açılması, onun haqqında ölkədə düzgün ictimai rəyin formalaşmasına böyük ehtiyac duyulur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.