Yoluxma dəhşətli həddə -

28-08-2021, 12:19           
Yoluxma dəhşətli həddə -
“Restoranların maddi marağını deyil, insanların sağlamlığını düşünmək lazımdır”

3351, 3069, 3583, 3794, 3714... Bu rəqəmlər son 1 həftədə gündəlik virusa yoluxma sayını göstərir. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanan rəsmi rəqəmlərdə yoluxma sayında artım müşahidə edilir.

Açıqlanan rəqəmlərdən də bəlli olur ki, gündəlik yoluxma sayı artmaqda davam edir. Təəssüf ki, virusdan vəfat edənlərin də sayı artır.

Koronavirus daşıyıcılarının sayının günü-gündən artmasının əsas səbəbinin toyların keçirilməsi olduğu bildirilir. Araşdırmalara görə, son aylar virusa yoluxmalar əsasən toylarda baş verir. Bu yaxınlarda nənə ilə baba nəvələrinin toy mərasimində koronavirus infeksiyasına yoluxdular. Vəziyyətləri ağır olduğundan xəstəxanaya yerləşdirsələr də, nənə ilə babanın həyatını xilas etmək mümkün olmayıb. Bu kimi faktlar yetərincədir. Bu səbəbdən də toy, xeyir məclislərinin yenidən qadağan olunması təklif olunur. Maraqlıdır, yas mərasimləri kimi restoran toylarına da qadağa qoymaq olarmı? Restoran sahiblərinin maddi marağı önəmlidir, yoxsa əhalinin sağlığı...

“Toylarda kişilər arasında görüşmələr, qadınlar arasında öpüşmələr çoxdur, bu da virusun sürətlə artması üçün əlverişli şərait deməkdir”

Həkim ekspert Pərvanə Mustafayeva bildirdi ki, son zamanlar virusa yoluxanların sayı sürətlə artır: “Yoluxma müxtəlif formada yayılır. Yoluxma toy vasitəsilə daha sürətlə yayılır. Hava sərhədinin açılması da yoluxma sayına təsir edir. Məlumat üçün bildirim ki, yas mərasimləri daha lokal şəkildə keçirilir. Təəssüf ki, bəzi şəxslər hələ də dəbdəbəli yas mərasimləri keçirir. Ancaq bu az saydadır. Toyların keçirilməsinə icazə verildikdən sonra insanlar xəstəliyin vahiməsini unutdular. Kütləvi tədbirlərin keçirilməsi maksimum dərəcədə azaldılmalıdır. Bildiyimiz kimi, yoluxmaların əksəriyyəti toy şənliklərində olub. Bunun səbəbi həmin şənliklərdə maskanın taxılmaması, sosial məsafəyə əməl olunmamasıdır. Toylarda kişilər arasında görüşmələr, qadınlar arasında öpüşmələr çoxdur. Bu da virusun sürətlə artması üçün əlverişli şərait deməkdir”.

Həmsöhbətimiz hesab edir ki, yoluxma dinamikasında artım belə davam etsə, payız mövsümündə çox çətin olacaq: “Baxmayaraq, Məhərrəmlik ayıdır. Əvvəllər bu ayda restoran və şadlıq evlərində toylar keçirilməzdi. Ancaq indi restoranlarda hər gün toydur. Əhalinin sağlığı üçün toylara virus tam yox olana qədər qadağa qoyulmalıdır. Restoranların maddi marağını deyil, insanların sağlamlığını düşünmək lazımdır”.

Günel CƏLİLOVA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.