Kabul niyə partladıldı?! Həqqani qrupu kimdir?

29-08-2021, 07:03           
Kabul niyə partladıldı?!
Kabul aeroportu niyə partladıldı?!

Kabul hava limanına baş vermiş terror hücumlarında 15 ABŞ hərbçisi, onlarla Taliban döyüşçüsü həyatını itirib. Bu hücumla İŞİD qeyri-rəsmi olaraq Talibana müharibə elan etdi Aeroporta Taliban nəzarət etmirdi, beynəlxalq koalisiyanın nəzarətində idi. Amma Kabul şəhərinə təhlükəsizlik də daxil olmaqla ümumi nəzarət Talibandan, daha dəqiqi qeyri-rəsmi olaraq Taliban daxilindəki Həqqani qrupundan asılı idi.

Həqqani qrupu Taliban daxilində ən radikal və güclü fraksiya sayılır, eyni vaxtda kifayət qədər daxildə və xaricdə şaxələnmiş, böyük maliyyə resurslarına malik qrupdur. Şəhərin təhlükəsizliyinə rəhbərlik bu qrupun rəhbəri Amerikanın terrorist saydığı, başına 5 milyon dollar mükafat qoyulan Xəlil Həqqaniyə həvalə edilmişdi. Bu partlayış təkcə Əfqanıstan İslam Əmirliyinin (Taliban) deyil, eyni vaxt Həqqani qrupunun da nüfuzuna endirilmiş böyük zərbə sayıla bilər.

Hətta Pentaqon rəsmisi belə, terroristlər ilə əməkdaşlıq etmədiyini göstərmək üçün öz çıxışında Həqqani qrupu ilə Talibanı ayırmağa cəhd göstərmiş, Həqqaninin Taliban olmadığını demişdi.

Həqqani qrupu xarici əlaqələri kifayət qədər geniş toxunmuş təşkilati qrupdur. Ərəb ölkələri ilə (Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və s.) Əfqanıstan (Taliban) arasında əsas koordinasiyanı bu qrup həyata keçirir. Fundamentalist ərəb təşkilatlarından gələn döyüşçülərin yerləşdirilməsi, eyni vaxtda yarımadadan gələn maliyyənin yerbəyer edilməsi Həqqanilərin nəzarətindədir. Həqqani qrupu eyni vaxtda Pakistan kəşfiyyatı ilə də sıx əlaqələrə məşğuldur. Əfqanıstanın Hindistan ilə iqtisadi-siyasi əlaqələrinin güclənməsinə qarşı olan qrup, tez-tez Əfqanıstandakı hind kapitalına qarşı hücumlar təşkil edirdi. Hindistanın Taliban qarşı sərt mövqe tutmasının bir səbəbi də məhz, Talibanın, xüsusilə Həqqani qrupunun Pakistan kəşfiyyatı ilə olan yaxın əlaqələridir.

Kabul aeroportundakı partlayış, bir tərəfdən həqqanilərə və talibana zərbə vurdusa da, digər tərəfdən də Pakistana hələ hər şeyin bitmədiyini, Əfqanıstana nəzarət etməyin o qədər rahat olmayacağını göstərdi. Qarşıda Talibanı və Pakistanı uzun və çətin sınaq gözləyir. Artıq Əfqanıstanda asayiş və təhlükəsizlik onların öhdəliyindədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.