Dövlət başçıları da peyvəndlə qorunur: Siyahıda kimlər var?

31-08-2021, 00:09           
Dövlət başçıları da peyvəndlə qorunur:
2019-cu ilin sonlarında dünyada aşkarlanan koronavirus martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Yeni dünya nizamnaməsi gətirən bu virusla mübarizədə hələlik ən effektiv üsul vaksinasiyadır. Belə ki, sosial məsafə, gigiyena qaydalarına əməl etmək, qapalı məkanda maska taxmaq da virusla mübarizədə peyvəndlənmədən sonrakı ən effektiv üsullardan hesab olunur. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin vaksinasiyası prosesi davam edir.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb. Son statistikaya əsasən, ölkədə vurulan vaksinlərin ümumi sayı 6 687 806, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 042 976, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 644 830 təşkil edir.

Məlumdur ki, dünyada vaksin olunanlar arasında dövlət başçıları da var. Maraqlıdır, hansı dövlət başçıları vaksin olunub?

Cebhe.info mövzu ilə bağlı araşdırmanı təqdim edir.

*Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vaksin olunan dövlət başçıları arasındadır. Prezident Ərdoğan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı “SinoVac” vaksini ilə peyvənd olunub. Dövlət başçısı Ankara Şəhər Xəstəxanasında “Sinovac” vaksini vurdurub. Müəyyən edilmiş qaydaya əsasən prezident vaksinin ikinci dozasını 28 gün sonra qəbul edib.

*İlk peyvənd olunan dövlət başçılarından biri də Rusiya Prezidenti Vladimir Putin olub. 23 mart tarixində peyvəndin ilk dozasını qəbul edən dövlət başçısının “Sputnik V” vurdurduğu deyilib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ölkə başçısı peyvənddən sonra özünü yaxşı hiss edib və növbəti gün tam iş günündə çalışıb. O əlavə edib ki, Kreml Prezidentin peyvənd olunması ilə bağlı foto və video yaymayacaq. Bu gün isə Putin peyvənddən sonra antillerin yarandığını və onları yaxşı qoruduğunu deyib.
*Fransa Prezidenti Emmanuel Makron da koronavirusa qarşı peyvənd olunub. E.Makron bu barədə özünün "Twitter" səhifəsində yazıb. May ayında peyvənd olunan Fransa Prezidentinin hansı vaksindən istifadə etdiyi məlum deyil.

*ABŞ Prezident Cozef Bayden də koronavirus əleyhinə peyvənd olunub. Peyvənd proseduru Delaver ştatında, Nyuarkdakı "ChristianaCare" klinikasında baş tutub. Baydenin peyvənd edilməsini mətbuat nümayəndələri də izləyiblər. Demokrat Partiyasının üzvü prosedur zamanı qoruyucu maskada olub. O, klinikanın işçi heyətinə təşəkkür edib. ABŞ-ın yeni rəhbərinə "Pfizer" şirkətinin istehsalı olan vaksin vurulub. Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir.

*Perunun dövlət başçısı Fransisko Saqasti də koronavirusa qarşı vaksin olunub. F.Saqasti Çinin dərman şirkəti olan "Sinopharm"ın istehsal etdiyi COVID-19-a qarşı vaksindən istifadə edib. "Bu gün ən yaxşı qalxan, qoruyucu olan vaksinlərin güvənli və həyat qurtaran olduğunu dəstəkləmək üçün vaksin olundum. Hər zaman xalqla çiyin-çiyinəyəm", - deyə Peru Prezidenti söyləyib.

*Rumıniya Prezidenti Klaus Yohannes də canlı yayımda koronavirus əleyhinə vaksinasiyadan keçib. Prezidentin vaksinasiya prosesi "Doktor Karil Davil" adına hərbi hospitalda gerçəkləşdirilib. Prezidentin vaksin olunması zamanı "Pfizer/BioNTech" vaksinlərindən istifadə olunub. Qeyd edək ki, Rumıniya Prezidenti ikinci vaksin dozasını 21 gün sonra qəbul edib.

Semra Ələkbərli
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.