Uçot dərəcəsinin artırılması hansı məqsədi güdür? - TƏHLİL
7-03-2016, 15:54
Azərbaycan Mərkəzi Bankı martın 4-dən etibarən ölkədə uçot dərəcəsini 5%-dən 7%-ə qaldırıb. Bu, 2016-cı ildə faizlərdə baş verən ikinci artımdır. Bu o deməkdir ki, AMB ölkədə baş verənləri son dərəcədə ciddi qiymətləndirir və makroiqtisadi sabitliyini qorumaq istiqamətində tədbirləri gücləndirir. Çünki uçot dərəcəsinin qaldırılması bir neçə makroiqtisadi təsirə malikdir.
Ümumiyyətlə, uçot dərəcəsi anlayışı Azərbaycanda daha çox yenidən maliyyələşdirmənin faiz dərəcəsi kimi qəbul edilməlidir. Çünki uçot dərəcəsi həmçinin banklar tərəfindən veksellərin alınma prosesində vekselin uçotu zamanı qəbul edilən faiz dərəcəsidir. Azərbaycanda isə bu proses olmadığına görə uçot dərəcəsi yalnız Mərkəzi Bank tərəfindən kommersiya banklarına verilən kreditlərin faiz dərəcəsini ifadə edir. Bu isə yenidən maliyyələşdirmə prosesidir. Beləliklə, anlayış geniş olsa da, uçot dərəcəsi mahiyyət etibarilə banklara verilən kreditlərin faiz dərəcəsidir. Bununla da kifayətlənək, çünki uçot dərəcəsi (və ya mərkəzləşdirilmiş kreditlərin faiz dərəcəsi) bir sıra makroiqtisadi proseslərdə iştirak edir və monetar təsirə malikdir.
Mərkəzi Bank öz qərarını konkret səbəb və ya məqsədlə izah etmir, məlumatda yalnız bildirilir ki, bu addım makroiqtisadi sabitliyin təmin olunması hədəflərini və pul-maliyyə bazarlarındakı yeni meylləri nəzərə alaraq atılıb. Konkretləşdirmək isə bizə qalır. Uçot dərəcəsinin qaldırılması ilk növbədə o zaman həyata keçirilir ki, ölkədə inflyasiya səviyyəsini aşağı salmağa ehtiyac duyulur. Ümumiyyətlə, uçot dərəcəsinin təsir zənciri belədir: qaldırılma nəticəsində banklar daha az mərkəzləşdirilmiş kredit alır, ölkədə pul təklifi azalır, bankların təklif etdiyi kreditlər üzrə faizlər qalxır, son kredit alanlar üçün (müəssisələr, fiziki şəxslər və sair) kredit daha baha olur, istehsal və ümumi işgüzar fəallıq müəyyən dərəcədə azalır və bunun nəticəsində iqtisadiyyatda daralma yaranır ki, bu da inflyasiyanın azalmasına gətirib çıxarır. Göründüyü kimi, məqsədə çatmaq məqsədilə iqtisadiyyat üçün neqativ proseslər yaradılır. Faktiki olaraq, uçot dərəcəsinin qaldırılması (və ya pul-kredit siyasətinin sərtləşdirilməsi) iqtisadiyyatın inkişafına, yumşaq desək, dəstək olmur. Əksinə, kəmiyyət baxımından geriləməyə səbəb olur. Buna görə, uçot dərəcəsinin qaldırılması 10 haldan 9-da məcburi addımdır və ölkələr buna çox həvəssiz gedirlər. Və yalnız o zaman bu üsula əl atılır ki, ölkədə inflyasiyanın nəzarətdən çıxması və bunun makroiqtisadi sabitliyini sarsılda biləcəyi ehtimalı var. Belə olan halda hökumətlər iqtisadiyyatın darlaşması, işgüzar fəallığın azaldılması hesabına makroiqtisadi sabitliyi qoruyub saxlayırlar.
Azərbaycanda yanvar ayında illik inflyasiya 13,6% təşkil edib ki, bu da ölkə iqtisadiyyatının müasir tarixində misli görünməmiş göstəricidir. Azərbaycanda inflyasiya ehtimal deyil, artıq faktla mübarizə aparmaq lazımdır və bu baxımından uçot dərəcəsinin qaldırılması tam izah olunandır. Aydındır ki, inflyasiyanın bu dərəcədə yüksək olması dekabrda keçirilmiş devalvasiya ilə bağlıdır, çünki bundan sonra həm idxal olunan, həm də yerli malların qiymətləri kəskin artıb. Hökumətin bütün səylərinə baxmayaraq, bu prosesi inzibati yolla dayandırmaq mümkün olmayıb, amma monetar alətlərin tətbiqi bir qədər vaxt tələb edən olsa da, daha effektivdir. Əgər Mərkəzi Bankın hesablamaları və proqnozları inflyasiyanın yüksək qalması ssenarisini və ya hətta onun daha da yüksəlməsi ehtimalını göstərirsə, uçot dərəcəsinin artırılmasının necə deyərlər, əsl vaxtıdır. Qeyd edək ki, Azərbaycanın üzləşdiyi problemlər inqilabi deyil, əksinə makroiqtisadi nəzəriyyəsinə tam uyğundur. Belə ki, devalvasiya keçirən ölkələrdə inflyasiya əksər hallarda artır (gözlənilməyən devalvasiya hallarında isə həmişə), və bütün bu ölkələrdə devalvasiyadan sonra uçot dərəcəsinin qaldırılması baş verir. Bu addımla hökumətlər iqtisadiyyatda pul təklifini azaldır və nəticədə inflyasiyanın monetar amillərini azaldır.
Amma uçot dərəcəsinin təsiri tək bununla kifayətlənmir, onun bir neçə əlavə təsiri var. Birinci təsir valyuta məzənnəsi ilə bağlıdır. İllərlə, ölkələrlə, faktlarla sübut olunmuş və artıq makroiqtisadi aksiomaya çevrilmiş bir qanunauyğunluq var - uçot dərəcəsinin qaldırılması, pul-kredit siyasətinin sərtləşdirilməsi milli valyutasının möhkəmləndirilməsinə səbəb olur. Azərbaycana bu məhz indi çox lazımdır, çünki manat son zamanlar xoşa gəlməz tendensiyanı göstərir:
Devalvasiyadan sonrakı dinamika onu göstərir ki, yanvarın 25-26-dək dolların məzənnəsinin daimi artımı müşahidə olunub və nəticədə məzənnə 1,6054 manata çatıb, sonra isə tədricən azalma baş verib. Lakin fevralın sonunda artım yenidən bərpa edilib və cəmi 4 gün ərzində əvvəlki bir aylıq azalma “məhv” edilib - məzənnə devalvasiyadan sonrakı dövrdəki maksimum göstəricilərə yaxınlaşır. Belə olan halda, hər hansı bir tədbirin görülməsi zəruridir və uçot dərəcəsi manatın möhkəmlənməsinə xidmət etməlidir. Əlbəttə ki, bu, dərhal baş verməyəcək, amma pul-kredit siyasətini sərtləşdirmə addımlarının ilk real təsirləri, yeni faizlə veriləcək ilk mərkəzləşdirilmiş kreditlərin təsiri manatın məzənnəsini yuxarı salmalıdır. Qeyd edək ki, manatın möhkəmlənməsi ikili təsirlənmə gücünə malikdir. Belə ki, bu ixracı manat ifadəsində azaldacaq. Həmin proses Azərbaycanın büdcəyə müəyyən dərəcədə mənfi təsir etməlidir, çünki büdcə əsasən neft gəlirlərindən asılıdır, neft gəlirlərinin isə manat dəyəri azalacaq. Amma digər tərəfdən manatın möhkəmlənməsi birbaşa olaraq inflyasiyaya azaldıcı təsir etməlidir. Bu iki əks istiqamətli olan nəticədən ölkə rəhbərliyi ikincini daha vacib hesab edərək kredit siyasətini sərtləşdirməyi qərara alıb, çünki indiki vəziyyətdə inflyasiya ilə mübarizə bütün digər amillərdən daha vacibdir. Bunu o cümlədən də sosial sabitlik tələb edir. Beləliklə, uçot dərəcəsinin qaldırılması həmçinin manatın möhkəmlənməsi məqsədini daşıyır.
Bundan əlavə uçot dərəcəsinin başqa bir məqama da təsiri olmalıdır. Söhbət investisiyalardan gedir. Daha bir sınamış aksioma: uçot dərəcəsinin qaldırılması xarici investisiyaların ölkəyə axının artımına xidmət edir. Burada səbəb-nəticə əlaqəsi çox sadədir. Belə ki, uçot dərəcəsinin qaldırılması bankların faiz dərəcələrinin qalxmasına gətirib çıxarır, ümumiyyətlə ölkədə bütün faiz dərəcələri qalxır və dolayı yolla investisiyalarının gəlirliyini artırır. Əgər primitiv paralel aparsaq, vəziyyət belə görünür: ölkəni maliyyə qurum kimi təsəvvür etsək, pullar (investisiyalar, depozitlər və sair) daha yüksək faizləri təklif edən quruma istiqamətlənəcək. Buna görə, xarici investisiyalarda maraqlı olan ölkələr uçot dərəcəsini və bununla bütün maliyyə dərəcələrini “rəqiblərdən” daha yüksək səviyyədə saxlayır.
Son hadisələri nəzərə alaraq, neftin kəskin ucuzlaşması, strateji ehtiyatların azalması, büdcənin sekvestr edilməsi məcburiyyəti kimi amillər Azərbaycanı yenidən xarici investisiyalardan maraqlı olmağa “məcbur” edib. “Yenidən” o səbəbdən ki, bahalı neft dövründə ölkənin maliyyə imkanları kəskin artmışdı və bütün sənaye, infrasktruktur, sosial və digər layihələrin maliyyələşməsini öz imkanlarımız hesabına reallaşdırmaq mümkün idi. İndi isə vəsaitə qənaət edilir, layihələrin reallaşdırılması üçün, iqtisadiyyatı diversifikasiya edilməsi üçün xarici investorlara ehtiyac yaranır. Ölkə rəhbərliyi bunu başa düşərək, son zaman bu istiqamətdə bir neçə mühüm qərarlar qəbul edib ki, ölkədə iqtisadi mühit, o cümlədən gömrük, vergi rejimləri xarici investorlar üçün əlverişli olsun. Bu addımların sırasına investisiya meylli mallar idxal olunan texnologiya avadanlığının gömrük rüsumlarından və ƏDV-dən azad edilməsi, investisiya təşviqi sənədinə malik olan sahibkarlara vergi güzəştlərin tətbiqi, gömrük proseduralarının maksimal sadələşdirilməsi barədə qərarların qəbulunu aid etmək lazımdır. Bundan əlavə qeyd etmək lazımdır ki, Azərbaycan ölkədən il ərzində 50 min dollardan artıq pul köçürmə (o cümlədən bank köçürmələri) zamanı artıq olan məbləğdən 20%-lik dövlət büdcəsinə məcburi köçürməsini nəzərdə tutan qanun layihəsinin qəbulundan imtina edib. Xatırladaq ki, bu yenilik xarici investorların maraqlarına zərbə kimi qiymətləndirilirdi, çünki faktiki olaraq onlar üçün əlavə rüsum ola bilərdi. Amma ölkə başçısı hesab edib ki, bu yenilik indi qəbuledilməzdir. Göründüyü kimi, xarici investorların Azərbaycana cəlb edilməsi istiqamətində bütün “sərhədlər” üzrə iş aparılır. Bu baxımından uçot dərəcəsinin qaldırılması da öz töhfəsini verməlidir, ölkənin daha da cəlbedici etməsində öz rolunu oynamalıdır.
Vahab Rzayev, APA Analitik Mərkəzi