Manatın devalvasiyasını fürsət bilib Azərbaycana can atanlar...
7-03-2016, 23:30
Türkiyə iş adamları Azərbaycanda manatın devalvasiyasının və neftin ucuzlaşması ilə bağlı yaşanan iqtisadi çətinliklərin ölkədə biznes qurmaq üçün yaxşı fürsət hesab edir.
Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Trabzon Ticarət və Sənaye Odasının məclis üzvü, MOBİAD başqanı Alper Bektaş Trabzon bölgəsinin iş adamlarını təkcə ərəb ölkələri ilə kifayətlənməyib Azərbaycanda yaranan imkanlardan istifadə etməyə çağırıb.
Bektaş deyib ki, Azərbaycanda yaşanan devalvasiya səbəbindən bu ölkəyə yatırımların maya dəyəri də aşağı düşüb. Habelə Azərbaycan hakimiyyəti idxal və ixrac əməliyyatları ilə məşğul olan şirkətlərə istər ölkə daxilində, istər gömrükdə maddi-mənəvi dəstək verir. İş adamı bu fürsətdən istifadə etmək üçün Trabzon-Bakı birbaşa təyyarə reyslərinin açılmasına çağırıb.
“Ən qısa müddətdə Bakıya Trabzondan birbaşa təyyarə səfərlərinin başladılması halında iki ölkə arasnda əhəmiyyətli ticari axış başlayacaq. Bakıya Trabzondan birbaşa təyyarə reyslərini sadəcə türk investorlar deyil, Azərbaycandakı iş adamları da istəyir. Əvvəllər Azərbaycanın hava yolları şirkəti Trabzona birbaşa reyslər həyata keçirib. “Pegasus” şirkəti Azərbaycandan Avropaya uçuşlar həyata keçirirmiş. Biz hesab edirik ki, Trabzon iqtisadiyyatına önəmli dəstək qazandıracağı üçün ya “Pegasus”, ya başqa hava yolları şirkəti Trabzondan Bakıya birbaşa reyslər təşkil etməlidir”-iş adamı deyib.
Alper Bektaş Trabzon meri Süleyman Soylunun, nəqliyyat naziri Binali Yıldırımın, Türk Hava Yolları rəhbərliyinin bu təşəbbüsə dəstək verəcəyin ümid etdiyini bildirib.
Qeyd edək ki, manatın devalvasiyasından sonra prezident İlham Əliyev xarici iş adamlarını Azərbaycana investisiya qoymağa çağırıb. Prezident bildirib ki, indi Azərbaycana yatırım qoymaq daha sərfəlidir. Çünki istehsal dollarla daha ucuz başa gəlir və iş adamları qeyri-neft sektoruna yatırımlar qoyub istehsal etdikləri malları ixrac etməklə yaxşı qazana bilərlər. Habelə bu günlərdə prezident Azərbaycandan qeyri-neft məhsulları ixrac edən iş adamlarına dövlət büdcəsindən malın gömrük dəyərinin 3 faizi həcmində ixrac təşviqi ödənilməsinə dair sərəncam verib. O cümlədən prezident gömrük sistemində liberallaşmanı təmin edən fərman imzalayıb, iqtisadi liberallaşmaya yönələn islahatların davam edəcəyi gözlənilir.