Polisə vətəndaş dəstəyi: köhnə Sovet ənənəsi, yoxsa islahatçı Qərb modeli? - ARAŞDIRMA

7-03-2016, 23:35           
Polisə vətəndaş dəstəyi: köhnə Sovet ənənəsi, yoxsa islahatçı Qərb modeli? - ARAŞDIRMA
Son günlər sosial şəbəkələrdə və müxtəlif media resurslarında Prezident İlham Əliyevin 2 mart 2015-ci il tarixdə imzaladığı “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” fərmanı və bu fərmanla təsdiqlənmiş “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydaları” geniş müzakirəyə çıxarılıb. Məsələnin mahiyyəti hələlik cəmiyyətə doğru-dürüst izah edilmədiyindən və üstəlik, bəzi maraqlı şəxslər də məqsədli şəklidə hədəfi yayındırdığından, çoxlarında elə təəssürat yaranıb ki, Prezidentin bu fərmanı sovetlər vaxtı mövcud olan “xalq drujinaları”nın təkrarı olmaqla, hakimiyyətin hüquq-mühafizə orqanlarını, xüsusən də polisi gücləndirmək və ondan müxalifətə qarşı istifadə etmək niyyətindən qaynaqlanır.

teref.az yazır ki, “Strateq”in Araşdırma Qrupu müxalifətin hansı durumda olduğu, hökumətin özünüqoruma üçün hansısa əlavə strukturlar yaratmasına və ya “yenilik” etməsinə ehtiyacının olub-olmadığı mövzusuna toxunmadan, aşağıda prezidentin bu Fərmanının hansı zərurətdən qaynaqlandığı məsələsini araşdırıb.

***

…Hələ ötən əsrin 80-90-cı illərində hüquq-mühafizə orqanlarının əhaliylə iş prinsiplərinə yenidən baxılması, bu sahədə fəaliyyətin informasiya-kommunikasiya texnologiyalarının və urbanizasiya proseslərinin yüksək inkişafı ilə xarakterizə olunan müasir dövrün tələbləri səviyyəsində qurulmasının zəruriliyi haqda müzakirələr sonda strategiya dəyişikliyinə səbəb oldu. Xüsusən də əhali ilə sıx təmasda olan polis orqanları üçün bu dəyişikliklər daha aktual sayılırdı. Məhz polisin insan hüquq və azadlıqlarının, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə yeri və rolunun müasir dövrün tələbləri səviyyəsində qurulması, adaptasiya olunması üçün yeni yanaşmalar meydana gəldi. ABŞ və Qərbi Avropa ölkələrində cəmiyyət dəstəkli polis – “Community policing” (“İctimai polis”), “problem-oriented policing” (“problemlərin həllinə yönəlmiş polis”) stategiyaları işləndi və geniş tətbiq olunmağa başlandı.

Yeni yanaşmanın əsas hədəfi isə əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı etimad mühitinin yaradılması, vətəndaşların polislə əməkdaşlığa cəlb edilməsi, asayişin qorunması, cinayətkarlığa qarşı mübarizədə geniş vətəndaş iştirakçılığına nail olunmasıdır.

Bu strategiyaların ATƏT-ə üz ölkələrdə (ATƏT məkanında) geniş tətbiqi və polis sistemində müvafiq islahatların aparılması üçünsə 2008-ci ildə təşkilatın Baş Katibinin polis məsələləri üzrə Baş Müşaviri tərəfindən “Polis və cəmiyyət arasında tərəfdaşlığın qurulmasının ən yaxşı praktikası” adlı tədqiqat hazırlandı və nəşr olundu. Eyni zamanda, ATƏT Baş Katibinin polis məsələləri üzrə Baş Müşaviri tərəfindən “Polis fəaliyyətinin demokratik əsasları üzrə rəhbərlik” sənədi də hazırlandı və nəşr olundu.

Hər iki tədqiqatın məqsədi ATƏT məkanında polis sistemində həyata keçirilən islahatlar və “Cəmiyyət dəstəkli polis” modelinin tətbiqi ilə bağlı ümumi prinsiplərin və çərçivənin hazlanması, tövsiyələrin verilməsi idi. Buna qədərsə artıq ATƏT bir çox dövlətlərdə “Cəmiyyət dəstəkli polis” modelinin tətbiqi ilə bağlı pilot layihələrin həyata keçirilməsini dəstəkləmişdi.

Azərbaycanda “Cəmiyyət dəstəkli polis” layihəsi necə tətbiq olundu?

ATƏT məkanında geniş vüsət alan “Cəmiyyət dəstəkli polis” modelinin tətbiqi bu istiqamətdə islahatların təşviq olunması və dəstəklənməsini tələb edirdi. Üstəlik, ATƏT özü də üzv ölkələrə ciddi şəkildə müxtəlif layihələrlə “cəmiyyət dəstəkli polis” modelinin tətbiqini tövsiyə edirdi. Elə Azərbaycanda da bu təşəbbüsə məhz ATƏT-in Bakı ofisinin dəstəyi ilə 2006-cı ildən Mingəçevir şəhərində “İctimai dəstəkli polis” layihəsiylə start verildi.

2007-ci ildən isə Daxili İşlər Naizrliyinin (DİN) təşəbbüsü ilə Nərimanov, Binəqədi, Gəncə, Mingəçevir, Xaçmaz, Şirvan və Lənkəran şəhər, rayon polis orqanlarında polis sahə inspektorlarının xidməti eksperiment qaydasında “inzibati ərazinin rəisi” statusunda təşkil olundu.

Layihənin əsas məqsədi inzibati ərazidə cinayətkarlığın vəziyyətinin dərindən öyrənilməsi, neqativ təmayüllərin səbəb və şəraitinin vaxtında müəyyən edilib aradan qaldırılması, hüquqpozmaların qarşısının alınması üzrə işlərin daha da intensivləşdirilməsi, polis sahə inspektorlarının digər maraqlı xidmətlərlə, ictimaiyyətlə qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi, qanun pozuntularına, münaqişəli vəziyyətlərə əməli və çevik reaksiya verməsi, ictimaiyyət nümayəndələrinin hüquqi maarifləndirmə və tərbiyəvi işə yaxından cəlb edilməsi idi.

Bu layihənin uğurla icrası, əldə olunan nəticələr və təcrübə ona gətirib çıxardı ki, Azərbaycanda “Polis haqqında” qanuna əlavə və dəyişiklik üçün zərurət yarandı. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edildi, polis yanında “İctimai şuralar haqqında” əsasnamə hazırlandı.

ATƏT-lə birgə “Cəmiyyət dəstəkli polis” layihəsi həyata keçirilən zaman ilkin olaraq Mingəçevir şəhərində, daha sonra Şirvanda, onun ardınca Bakının Nərimanov rayonunda, Gəncə, Yevlax, Quba, Qazax, Dəvəçi və Tərtərdə İctimai Şuralar yaradıldı.

İctimai Şuralar ATƏT-in təşviq etdiyi prinsiplərə uyğun olaraq polis-cəmiyyət əlaqələrinin möhkəmləndirilməsi, ictimai asayişin, insan hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa qarşı mübarizədə vətəndaşların daha fəal cəb olunması məqsədi ilə yaradıldı. Polislə cəmiyyət arasında “körpü” rolunu oynamaqla cinayətkarlığa qarşı mübarizədə insanların könüllü olaraq polisə yardım etməsinin təşviqi, ictimaiyyətlə qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi, ictimaiyyətin hüquqi maarifləndirmə işinə yaxından cəlb edilməsi İctimai Şuraların əsas vəzifəsi olaraq müəyyənləşdirildi…

İndi geniş müzakirə olunan məsələ – Prezident İlham Əliyevi tərəfindən 2 mart 2015-ci il tarixdə “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Fərmanın imzalanması, “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası”nın təsdiq edilməsi də əslində Qərbdə geniş yayılmış “Cəmiyyət dəstəkli polis” modelinin Azərbaycanda tətbiqinin yeni mərhələsi kimi qiymətləndirilməlidir.

Eyni zamanda bu addım polisin insan hüquq və azadlıqlarının, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə yeri və rolunun müasir dövrün tələbləri səviyyəsində qurulması, adaptasiya olunması üçün indiyə qədər keçirilən islahatların davamı kimi xarakterizə oluna bilər.

“İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” polis orqanları tərəfindən vətəndaşların könüllülük əsasında ictimai asayişin təmin olunması işinə daha geniş cəlb edilməsinə yol açacaq.

Bu istiqamətdə fəaliyyətin institutsional və normativ əsaslarının müəyyən edilməsi vətəndaşların könüllülük əsasında ictimai asayişin təmin olunması işini daha səmərəli qurmasına yardımçı olacaq.

Şübhəsiz, bu addımlar imkan verəcək ki, vətəndaşların könüllülük əsasında ictimai asayişin təmin olunmasına cəlb edilmısi işi daha effektiv qurulsun və polis-cəmiyyət əlaqələri, cəmiyyətdə polisə inam və etibarın yaradılması işi daha səmərəli şəkildə qurulsun.

Ən vacibi isə bu, əhaliyə polis xidmətinin genişləndirilməsi və onun daha yaxşı təşkili istiqamətində həyata keçirilən tədbirdir. İctimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizənin təşkilində vətəndaşların daha geniş iştirakına yol açan bu təşəbbüslər preventiv (qabaqlayıcı) reaksiya siyasətinin ön plana çıxmasını nəzərdə tutur.

Bu bir həqiqətdir ki, narkomaniya və terrorizm kimi bütün insanlıq üçün təhlükə törədən dəhşətli bəlalara, eləcə də xüsusən mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı mübarizədə cəmiyyətin dəstəyi olmadan, polisin uğur qazanması ya həddən artıq çətindir, ya da lazımi effekt vermir.

İctimai asayişin qorunmasında geniş vətəndaş iştirakçılığı isə bir tərəfdən polisə bu problemləri dərindən öyrənmək, daha operativ və dolğun məlumat almaq imkanı yaradır ki, bu da nəticə etibarilə preventiv (qabaqlayıcı) reaksiya verməklə həm cinayətlərin törədilməsinin qarşısını vaxtında almağa və əhalinin asayişinin qorunmasına kömək edir, həm də cinayət törədilməsinə səbəb olan hal və şəraitin zamanında aradan qaldırılmasına xeyli imkanlar açır.

Digər tərəfdən isə, xüsusən əhalinin gənc təbəqəsi arasında polis-vətəndaş əməkdaşlığı, etibarlı münasibəti yaratmaqla, həm də entuziazma malik, asan təsirə düşən bu yaş kateqoriyasından olanlarda cinayətkarlığa qarşı mübarizə meyli formalaşdırmaqla, bir yandan həm onların imkanlarından yararlanılır, o biri yandan da belə gəncləri cinayətlərdən və cinayətkar qruplaşmaların təsirindən xeyli dərəcədə qorumuş olur…

Dünya təcrübəsində vətəndaşların asayişin qorunmasına cəlb edilməsi

Onu da qeyd edək ki, bu təcrübə Azərbaycan üçün yeni olsa da, artıq uzun müddətdir, bütün dünyada geniş tətbiq olunur.

Məsələn, ötən əsrin 90-cı illərindən etibarən ABŞ-da ictimaiyyətin iştirakı ilə asayişin qorunması fəlsəfəsi meydana çıxmağa başladı. Nəticədə polisin fəaliyyətində müvafiq dəyişikliklər həyata keçirildi. Uzun illərdir, ABŞ-da “Rayona nəzarət”, “Qonşuya nəzarət” kimi tərcümə edə biləcəyimiz “Neighbourhood Watch” proqramı geniş tətbiq olunur. Bu proqrama uyğun olaraq əhali sosial şəbəkələrdən geniş istifadə edərək asayişin qorunmasında polisə yardım edirlər. Rayona Nəzarət Qrupu üzvləri “Tvitter” sosial şəbəkəsində xüsusi mühafizə olunan hesaba problemlər, cinayətlər barədə məlumatlar verirlər. Xüsusi e-mail qrupları vasitəsilə məlumat mübadiləsi edir, telefonla polisi məlumatlandırırlar. Bir çox iri şəhərlərdə Rayona Nəzarət Qrupunün üzvü olmaq üçünsə polis mənətəqələrində hazırlıq keçmək gərəkdir.

Böyük Britaniyada da xüsusi “Gözətçi qruplar” formalaşdırılıb. Bu qruplar yaşayış yerləri üzrə yaradılır. Bir çox yerli polis strukturlarında xüsusi bölmələr yaradılıb ki, hazırlıq keçmiş vətəndaşlar həftədə minumum 4 saat orada könllü şəkildə işləyirlər.

Almaniyada hər bir federal torpaq (vilayətlər) vətəndaşların asayişin qorunmasına cəlb edilməsi üçün proqram hazırlayır. Bu proqramlarda vətəndaşların polislərin tərəfdaşı kimi asayişin qorunmasına cəlb olunması üçün tədbirlər nəzərdə tutulur. 2016-cı ildənsə miqrantların axını ilə cinayətlərin sayının artmasından sonra könüllü vətəndaş patrulları təşkil olunub. Almaniya rəsmiləri bəyan ediblər ki, bu patrullar polisə yardım etmək istəsə, onlara heç kim mane olmayacaq. Amma onlar polisin funksiyalarını mənimsəyə bilməzlər.

Polşada asayişin qorunmasına vətəndaşların fəal cəlb olunması üçün “Təhlükəsiz şəhər”, “Təhlükəsiz məktəb” proqramları həyata keçirilir. Bu proqramlar yaşayış yeri üzrə əmək kollektivlərinin asayişin qorunmasına cəlb edilməsini hədəfləyib...

Yaponiyada 20 mindən çox polisə fəal dəstək qrupu fəaliyyət göstərir. Bu qrup üzvlərinə velosipedlərinə vurulması üçün xüsusi lövhə verilir. Bu löhvədə qeyd olunur ki, löhvənin sahibi yerli Antikriminal Qrupun üzvüdür. Son illər isə, xüsusən paytaxtda bu qrup üzvləri polislə birgə növbətçiliyə də cəlb olunur.

İsraildə 1974-cü ildən “Mişmar Ezarxi” adlanan drujina yaradılıb. Bu təşkilatın üzvləri polisin bütün fəaliyyət növlərində onlara birbaşa yardım göstərirlər. Hazırda “Mişmar Ezarxi” İsraildə ən böyük könüllü təşkilatıdır. 2002-ci ildə onun sıralarında 70 min vətəndaş qeydə alınıb. Bu təşkilatda rütbələr, vəzifələr də peşəkar polisdə olduğu kimidir.

Qardaş Türkiyənin ən böyük şəhərlərində – İstanbulda, Ankarada, Antalyada da “İctimai polis” layihəsi həyata keçirilib…

Bir daha xatırladaq ki, “Cəmiyyət dəstəkli polis” modelinin tətbiqi ilə bağlı ATƏT tövsiylərində də vətəndaşların asayişin qorunmasında polisə birbaşa dəstək verməsi məqbul yanaşmalardan biri kimi qeyd olunur. ATƏT Baş Katibinin polis məsələləri üzrə Baş Müşaviri tərəfindən “Polis və cəmiyyət arasında tərəfdaşlığın qurulmasının ən yaxşı praktikası” adlı tədqiqatın “Strateji yanaşmalar” bölməsində, 24-cü bənddə qeyd olunur: “Əməkdaşlığın möhkəmləndirilməsi yerli əhalini cinayətkarlığın qarşısının alınması tədbirlərində fəal iştiraka səfərbər edilməsinə, ümumi təhlükəsizliyin səviyyəsinin yüksəldilməsində kollektiv məsuliyyət düşüncəsinin möhkəmlənməsinə kömək edə bilər.

Yerli əhalinin fəal cəb olunması nümunələri kimi, aşağıdakıları göstərmək olar:

– əhali tərəfindən ictimai nəzarətin gücləndirilməsinə yönəlik tədbilər;

– Qonşu nəzarəti qruplarının yaradılması;

– “İctimai patrul qrupunun əməkdaşı” proqramının inkişafı. Bu proqram forma geyinmiş mülki şəxslərə əməliyyat işi ilə əlaqəli olmayan fəaliyyətlərdə polisə yardım etməyə icazə verir.

– Özünümüdafiə tdəbirlərindən istifadə, yaxud yerli münaqişələrin həlli zamanı vasitəçilikdən istifadə edilməsi”.

Asayişin qorunmasında vətəndaşların səlahiyyətləndirilməsi

Göründüyü kimi, ictimai asayişin qorunmasında vətəndaşların cəlb olunması ilə bağlı Azərbaycan praktikasında dünya təcrübəsi və ATƏT-in tövsiyələri kifayət qədər dolğun şəkildə nəzərə alınıb.

Dünya təcrübəsində olduğu kimi, Azərbaycan yanaşmasında da asayişin qorunmasında, əməliyyat işi ilə əlaqəli olmayan fəaliyyətlərdə vətəndaşların könüllü əsaslarla polisə birbaşa yardım göstərməsi nəzərdə tutulur. Bu addım, yuxarıda qeyd edildiyi kimi, əhaliyə polis xidmətinin, asayişin qorunmasında vətəndaş iştirakçılığının təşviqi və təmin edilməsinin daha səmərli təşkilini nəzərdə tutur.

Azərbaycanın hazırda tətbiq etmək istədiyi yanaşma da ATƏT-in tövsiyələrinə uyğun olmaqla, polis funksiyasının əvəzlənməsini deyil, asayişin qorunmasında əhalinin iştirakçılığını və səlahiyyətləndirilməsini ehtiva edir. Prezident İlham Əliyevin imzaladığı Fərman və bu fərmanla təsdiqlənmiş qaydalar da asayişin qorunmasında polisə könüllü yardım göstərilməsi, bu sahədə geniş vətəndaş iştirakçılığının təmin edilməsi üçün müvafiq normativ və institutsional əsasların yaradılması deməkdir.

Məlumat üçün bildirək ki, “Polis və cəmiyyət arasında tərəfdaşlığın qurulmasının ən yaxşı praktikası” adlı tədqiqatın 35-ci bəndində qeyd olunur ki, “yerli əhaliyə səlahiyyətlər verilməsi polis orqanlarına səlahiyyətlər verilməsi qədər vacibdir”. Bu səlahiyyətləndirmə prosesi məhz əhaliyə polis xidmətinin daha yaxşı təşkil olunamasına, asayişin qorunmasında kollektiv məsuliyyət hissinin gücləndirilməsinə, vətəndaşların özlərinin asayıin qorunması məsələlərində real təsir imkanları əldə etməsinə hesablanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.