Quba axundunun məsələsi və bu işin pərdəarxasında qalan məsələlər.. Cəmil Məmmədli yazır

12-09-2021, 13:14           
Quba axundunun məsələsi və bu işin pərdəarxasında qalan məsələlər.. Cəmil Məmmədli yazır
Heç vaxt belə mövzulara qarışmasam da, son günlər qubalı din xadimi Elnur Əfəndi barədə yayılan söz-söhbətlərə susmağı da bacarmadım.
Əgər nəyisə danışırıqsa, gəlin onda elə hər şeyi, özü də lap əvvəldən danışaq.
Əvvəla bildirim ki, Əfəndiyev Elnur barədə sosial şəbəkələrdə yayılan məlumatlar İsazadə Nübar Əlimurad qızının şər və böhtan xarakterli şikayətləri əsasında yayılıb.
Nübarın da daxil olduğu təxribatçı qrupun şikayətlərinə əsasən Quba Rayon Prokurorluğu tərəfindən 08 fevral 2020 ci il tarixində istintaq aparılıb və müəyyən edilib ki şikayətlər əsassızdır. Beləliklə bu şər kompaniyasının böhtanları rədd edilib.
Prokurorluq tərəfindən iddiası rədd edilən bir məsələni şou yaratmaq üçün körükləyən sosial şəbəkə "qəhrəmanları" bundan ailələrini saxlamaq üçün pul qazanan zavallılar bilərəkdən və ya bilməyərəkdən şərh yazan fitnəkarlar görəsən bilmirlər ki, təsir əks təsirə bərabərdir?
Görəsən bilmirlər ki, başqasını ləkələmək üçün palçıq atanların ilk əvvəl öz əlləri həmin palçığa batır?
Ucuz şöhrət, üç-beç manat pul üçün bu şər kompaniyasına ortaq olanların, dövlətçiliyə, mənəvi dəyərlərə uzun illər xidmət edən bir el ağsaqqalını ləkələmək üçün bu canfəşanlığı, görəsən kimlərin mənafeyinə xidmət edir?
Elnur Əfəndiyev öz həyətində şimal bölgəsində ən böyük və bir milyon manata yaxın dəyəri olan məscidi tikdirib (öz vəsaiti və xalqın ianələri ilə) təmənnasız olaraq dövlətə bağışlayanda, məscidin nəzdində cumhuriyyətin 100 illiyinə həsr olunmuş muzey açanda, prezidentin sərəncamını rəhbər tutaraq hər ildə elan edilən mədəniyyət tədbirlərinə uyğun olaraq yığıncaqlar keçirəndə, respublikanın hər yanından qonaqlar dəvət edərək minlərlə insanların iştirakı ilə Peyğəmbərə (s.ə.v) mövlud keçirəndə, az təminatlı ailələrə məktəb ləvazimatı, yüzlərlə kasıb ailələrə hər ay yardım paylayanda, qurban bayramında çox sayda qaramal kəsdirib xalqa paylayanda, Mədəniyyət Nazirliyi dövlətin əmlakını mənimsədiyi vaxtda mədəni-dini irsimizin nümunələri olan qədim məscidləri, türbələri əsaslı təmir edəndə, radikal dini qruplara qarşı mübarizə aparanda, narkomaniya və alkoqolizmə qarşı apardığı təbliğat işlərində və daha bir çox bunun kimi ictimai fəaliyyətə başçılıq edəndə niyə belə canfəşanlıqla bu xəbərləri paylaşmırdınız?
Quranın təbirincə desək niyə " gözləriniz kor, qulaqlarınız kar, dilləriniz lal " olmuşdu?
2012-ci il mart ayının 1-də baş verən Quba hadisələrində cavanları bu təxribatdan uzaqlaşdırmaq üçün günlərlə xalq arasında maarifləndirmə işi aparanda, başqa din xadimləri qaçıb gizləndiyi halda, öz canını təhlükəyə ataraq kütlənin qabağına çıxanda niyə onun fəaliyyətini işıqlandırmadınız?
Azərbaycanın 30 ildir ərazisinin işğalına üç meymun rolu oynayan bəzi ikiüzlü beynəlxalq qurumlar kimi niyə ədalətsiz mövqe tutursunuz?
Başqasının şəxsi həyatını güdmək, ayıb axtarmaq, böhtanın yayılmasina vəsilə olmaq və bu yolla pul qazanıb ailə, uşaq saxlamaq bir insana yaraşmadığı kimi bir müsəlmana heç yaraşmaz.
Isa peyğəmbərin təbirincə desək "qoy günahkara daşı o adam atsın ki, onun öz günahı yoxdur".
Amma təcrübə onu göstərir ki, belə xəbərləri yayanların özlərinin həyatlarında və ailələrində belə problemlər olduğundan bu əməlləri ilə sanki həyatdan intiqam alırlar.
Uzatmaq istəmirəm, qısaca problemin mahiyyəti barəsində məlumat verirəm.
Sosial şəbəkələrdə yayılan məlumat İsazadə Nübar Əlimurad qızının şikayət məktubundan götürülüb ki, onun iddiaları da istintaqda öz təsdiqini tapmayıb.
2019-cu ilin iyun ayında Elnur Əfəndiyevi nüfuzdan salmaq və fəaliyyətini dayandırmaq üçün Ağayev İftixar Vaqif oğlu və İsazadə Nübar Əlimurad qızının başçılıq etdikləri təxribatçı dəstə Elnur Əfəndiyevdən 100 min manat pul tələb edərək, Azərbaycandan çıxıb getməklə hədələyiblər.
Bunları etməyəcəyi təqdirdə həmin bu sosial şəbəkələrdəki informasiyanı yaymaq ilə hədə-qorxu gəliblər.
İstədikləri baş tutmadıqda musiqi, əxlaqsız ifadələrlə montaj edilmiş görüntüləri həm ölkə daxilindən, həmdə xaricdən yayıblar. Eyni zamanda bu məlumatların bəzi saytlarda yayılmasına müvəffəq olublar.
İsazadə Nübarın WhatsApp vasitəsi ilə Elnur Əfəndiyevdən hədə-qorxu ilə pul tələb etmə mesajlarına istinadən İsazadə Nübar və Ağayev İftixar barəsində Azərbaycan Respublikası CM- nin 182.3.2 ci maddəsi ilə cinayət işi açılıb.
Şərəfdən, namusdan, qeyrətdən danışan, kəndbəkənd, evbəev gəzərək təxribat aparan dəstə üzvləri istintaqa ifadə verdiklərində, həmiçinin məhkəmədə yalan danışaraq belə bir şeyi xatırlamadıqlarını deyəndə özlərinin nə zad olduqlarını nümayiş etdiriblər.
Həm də 19 avqust İmam Hüseynin və tərəfdarlarının qətl edildiyi Aşura günündə...
"Düşünənlər üçün bunda böyük bir ibrət vardır." (Qurani Kərim)
Bunlar sadə camaatı aldada bilərlər, amma yüzlərlə onlar kimi ikiüzlü adamı bir kəlimə sözündən tanıyan, işində professional hakimləri aldada bilməzlər.
Bu işin ana xətti olan bir məsələni də qeyd etmək istəyirəm. Nübarın subay vaxtından tanıdığı və ailə qurduqdan sonra da bu "tanışlığı" davam etdirdiyi və bu tanışlığın eşq macərasına döndüyü və bu macəranın görüşmələrlə, yazışmalarla davam etdiyi əsərin baş qəhramanı Anar Əyyubovdur, hansı ki, bu yazışmalar Nübarın həyat yoldaşı tərəfindən bilinib, bu səbəbdən də yoldaşı onu boşayıb.
Bu yazışmalarda Anar Eyyubovu evinə dəvət edib, gizlindən görüşmək təklif edən, gəlməyəcəyi təqdirdə özünü öldürəcəyini bildirən Nübar, izahatlarında Anar barəsində bir kəlmə də məlumat vemir. Anar isə öz növbəsində bu yazışmalarda boşanacağı təqdirdə onu alacağına söz verir. Nübarın boşanma səbəbinin Anar Eyyubovun olduğu 2015-ci ildə polisə verdiyi izahatlar və məhkəmə qərarları mənə məlum idi.
Amma nədənsə DQİDK-nin bölgə əməkdaşları və QMİ-nin Quba qaziliyi tərəfindən Anar Eyyubov canfəşanlıqla qorunub. Görəsən bu iki mühüm orqanın nümayəndələrinin Anarı 2015-ci ildən qorumalarının səbəbi nə idi?
Səbəb isə 2019-cu il oktyabr ayında Elnur Əfəndiyevin əleyhində əks təbliğat kompaniyası başlayanda məlum oldu.
Dərhal Anar Eyyubov bölgə qaziliyinin daxili əmri ilə Elnur Əfəndiyevin yerinə imam təyin edildi və hər iki orqanın təqdimatı ilə Elnur Əfəndiyevin səlahiyyətləri Anar Eyyubova verilərək QMİ tərəfindən təsdiq edildi.
Görünür, bu qurumların gözündə "işindəki səhvlərə" görə azad edilən Elnur Əfəndiyevin yerinə təyin edilən Anar Eyyubov Nübarla olan eşq macarasında professionallıq nümayiş etdirib ki, qısa müddətdə Şeyxin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.
Onu da qeyd edim ki, bu orqanların baş idarələrinə yerli nümayəndələr tərəfindən qəsdən qərəzli olaraq səhf məlumatlar verilib. Burada Həzrəti Əlinin kəlamı yada düşür "Ya ov ol, ya ovçu, amma tula olma."
Hazırda bu işlərlə bağlı Ağır Cinayətlərə dair Məhkəmədə proses davam edir və bu məqamda yayılan informasiyalar yalnız və yalnız adıçəkilən şəxslər tərəfindən məhkəməyə və hakimlərə təzyiq kimi düşünülüb, buna hesablanıb.
Bu prossesdə xırda və maraqlı məqamlar çoxdur, məhkəmə bitdikdən sonra geniş məlumat verə bilərəm.
Cemil Memmedli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.