Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan

Bu gün, 10:29           
 Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan
Rusiya Politoloqlar Cəmiyyətinin Analitik Mərkəzinin direktoru Andrey Serenko cəfəng iddia ilə çıxış edib. Tribunainfo.az-ın xəbərinə görə, o, özünün Telegram kanalında yazıb ki, guya Pakistandan olan silahlılar Azərbaycana köçməyə hazırlaşır.

“Pəncab və pakistanlı puştunlar arasından 50 minə qədər yaraqlı Pakistandan Azərbaycana muzdlu kimi göndəriləcək. Köçürülmənin Əfqanıstan və Türkmənistan vasitəsilə həyata keçirilməsi planlaşdırılır”.

Serenkonun iddiasına görə, bu yaraqlılar Pakistanın İdarələrarası Kəşfiyyatının yardımı ilə təlim keçir: “Təlimatçılar kimi, Əfqanıstan bölgələrində Azərbaycan Ordusunun hərbi geyimli hərbi qulluqçuları var. Əsasən puştunların məskunlaşdığı Əfqanıstanın cənub-şərqi və şimal-qərbində”.

O, bir qədər də irəli gedərək iddia edib ki, Türkiyə və İsrail kəşfiyyat xidmətlərinin köməyi ilə pakistanlı muzdluların Azərbaycana sonrakı köçürülməsi planlaşdırılır. “Muzdlu əsgərlər toplayan Pakistan və Əfqanıstan Talibanı arasından vasitəçilərə komissiyalar Türkiyə xüsusi xidmət orqanları tərəfindən Azərbaycana 750 dollar həcmində verilir. Eyni mənbələr iddia edir ki, Türkiyə də 2000-ə qədər pakistanlı muzdlu əsgəri əlavə və daha dərin hərbi və dəniz təlimləri üçün köçürmək niyyətindədir”.

Rus politoloq sonda bu məsələni belə izah edib: “İsrail rejimi Əfqanıstan və Azərbaycan üzərindən İrana qarşı dağıdıcı partizan quru müharibəsi başlatmağı planlaşdırır. Mənbələrə görə, 50 min pakistanlı muzdlunun hamısı Əfqanıstandakı bütün təlim kursunu bitirməli və sonra 2026-cı ilin yazının əvvəlində tamamilə Azərbaycana köçürülməlidir”.

Serenko həqiqətən politoloqdursa, o zaman onun əqli problemləri var. Ən azından ona görə ki, belə bir şeyin mümkün olmamasını yaxşı bilməli idi. Əvvəla, Azərbaycanın özünün yetəri qədər güclü ordusu var və bu kifayət edir. İkincisi, Azərbaycan heç bir şəkildə və halda İrana qarşı müharibədə iştirak etmək fikrində deyil. Qeyd edək ki, bu absurd iddiaları SEPAH-ın Telegram kanalları yayıb.

SEPAH-ın Azərbaycana qənim kəsildiyi bəlli, bəs rus politoloq bu təxribatçı açıqlaması ilə nə demək istəyir?

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a şimal və cənub qonşularımızın Azərbaycanı qısqanmalarının səbəblərini açıqladı: “Rusiya və İran yaxın gələcəkdə Zəngəzur dəhlizinin əsas logistika xətti olmasını həzm edə bilmir. Azərbaycanın şimal və cənub qonşularının bizi qısqanmalarının əsas səbəbi məhz budur. Çünki qlobal layihəyə qarşı hər hansı sərt tədbirlər görməkdə acizdirlər. Ona görə də bu cür cəfəng açıqlamalar verirlər. Bu kimi açıqlamaların heç bir məntiqi əsası yoxdur. Absurd və cəfəng sərsəmləmələrdir. Əslində Rusiyadakı dairələr bu kimi mesajlarla qapalı, şifrəli dillə ultimatum verirlər ki, Azərbaycanın da daxil olduğu meqa layihələri məhz Taliban yaraqlılarının, eləcə də digər islamçı radikalların əli ilə məhv edə bilərlər. Amma bu da mümkün olmayacaq. İstənilən halda "Bir kəmər, bir yol" layihəsi Çindən Britaniyaya uzanan nəhəng marşrutdur. Rusiya və İran Çin kimi müttəfiqləri ilə düşmən olan bilməzlər. Çini qarşısına almaq Tehran və Kreml rejimlərinə baha başa gələ bilər. Çünki Çin sanksiyalar məngənəsində boğulan İran və Rusiyanın yeganə iqtisadi nəfəsliyi sayılır. Bu baxımdan Tehran və Kremlə bağlı üçüncü, dördüncü dərəcəli dairələr bu cür sərsəm bəyanatlar verməklə öz içlərindəki yanğını söndürməyə çalışırlar".

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayevin sözlərinə görə, keçən ilin sonlarından Rusiyanın Azərbaycana qarşı müxtəlif vasitələrlə təxribatçı təbliğatlarının şahidi olmuşuq: “Azərbaycanla Ermənistan arasında onların vasitəçiliyi olmadan danışıqların aparılması, nəticədə Vaşinqtonda sülh müqaviləsi mətninin paraflanmasından sonra rəsmi Kremlin guya bu addımı dəstəkləməsi əslində saxta bəyanatlar idi. Rusiya özü üçün Cənubi Qafqazda gedən proseslərdən kənarda qalmağı imkansız hesab etdiyindən regionda yenidən eskalasiya yaradılmasında maraqlıdır. Ermənistan daxilində olan müxalifət vasitəsilə bunları həyata keçirmək istəyi alınmadığından prosesə cəlb etmək istədiyi qüvvələrin coğrafiyasını genişləndirməyə çalışır. Kremlin yüksək rütbəli məmurları hələlik nisbətən sakit görünməyə çalışsalar da, xidmətlərində olan insanlar, TV kanalları, saytlar vasitəsilə panik vəziyyətdə Azərbaycana qarşı kampaniya aparırlar. Andrey Sarenko da bu kampaniyanın çoxsaylı icraçılarından biridir. Rusiya İranda Azərbaycana qarşı kəskin münasibəti olan, eyni zamanda Ermənistanla kommunikasiya xətlərinin açılmasını istəməyən güclərin fəaliyyətinə yön vermək məqsədilə bu şəkildə fikirlər yayır. Azərbaycan qonşuları ilə hər hansı müharibəyə hazırlaşmır, əksinə, Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində ciddi işlər görür. Kənardan hər hansı hərbi müdaxilə olduğu bir zamanda özünün hərbi potensialı ilə cavab verməyə hazırdır. Ehtiyac yaranarsa, Türkiyə ilə ikitərəfli müqavilənin şərtlərindən irəli gələn qarşılıqlı öhdəliklər də işə düşə bilər. Pakistandan da eynilə, istədiyi vaxt yardım ala bilər. Amma dedikləri sərsəm fikirlərdə olduğu kimi, dost dövlətlərin hərbi kontingentini gizli şəkildə Azərbaycana gətirib, guya İrana qarşı əməliyyatlara hazırlıq aparılması iddiaları gülünc, eyni zamanda zəiflik əlaməti kimi dəyərləndirilməlidir. Azərbaycan regionda davamlı sülhün yaranması, beynəlxalq iqtisadi layihələr üzərində çalışdığı bir vaxtda Rusiya tərəfindən bu şəkildə kampaniyaların aparılması, İran tərəfindən də bəzi güclərin buna reaksiyalar verməsi onların açıq şəkildə Cənubi Qafqazda sabitlik və iqtisadi inkişafı istəməməsinin göstəricisidir. Amma bu cür məkrli planların həyata keçməsi ehtimalları da yoxdur. O səbəbdən aqressiv davranışlar sərgiləyirlər”.

“Yeni Müsavat”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru