Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi – “Razıyıq!”

Bu gün, 10:06           
Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi – “Razıyıq!”
Cənubi Qafqazda regional əməkdaşlıq baxımından mühüm hesab olunan “3+3” formatı yenidən gündəmə gətirilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu platformanın bərpasına ümid etdiyini bildirib. Ötən gün Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan isə bununla bağlı növbəti görüşün İrəvan və ya Bakıda keçirilə biləcəyini deyib.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, “3+3” formatı Cənubi Qafqaz ölkələri – Azərbaycan, Ermənistan, Gürcüstan – və üç qonşu dövlət – Rusiya, Türkiyə, İran – arasında regional əməkdaşlıq platforması kimi nəzərdə tutulmuşdu:

“Lakin Gürcüstanın Rusiya ilə soyuq münasibətlərinə görə bu format tam fəaliyyət göstərə bilmədi. Lavrovun “3+3” platformasını yenidən gündəmə gətirməsi Rusiyanın bölgədə mövqelərini gücləndirmək niyyətindən xəbər verir. Moskva Ukrayna müharibəsi fonunda təcrid olunduqca, Cənubi Qafqazda təsirini qorumağa çalışır. Bu təşəbbüs Rusiya üçün həm də Qərbin vasitəçilik cəhdlərinə alternativ yaratmaq vasitəsidir”.

Politoloq qeyd edib ki, ABŞ və Avropa İttifaqı Azərbaycan–Ermənistan sülhündə aktivləşib:

“Bu məqamda Moskva regional çərçivədə əsas oyunçu statusunu itirmək istəmir. Lavrovun çıxışı Türkiyə və İrana da mesaj kimi qiymətləndirilə bilər. Rusiya bu formatla göstərmək istəyir ki, regionun gələcəyi ilə bağlı qərarlar üç qonşu dövlətin birgə təşəbbüsləri əsasında qəbul olunmalıdır. Ermənistan tərəfinin növbəti görüşün İrəvan və ya Bakıda ola biləcəyini deməsi onun prosesə tamamilə qapalı olmadığını göstərir. Lakin Gürcüstanın iştirakı olmadan format yalnız “3+2” səviyyəsində qalacaq və nəzərdə tutulan gücü tam əldə edə bilməyəcək.

Nəticə etibarilə, “3+3” platformasının bərpası mümkündür, amma onun uğuru Gürcüstanın mövqeyindən və böyük güclərin maraqlarının uzlaşmasından asılı olacaq. Lavrovun mövzunu indiki mərhələdə qaldırması isə Rusiyanın regional təşəbbüslərdə liderlik iddiasını yenidən təsdiqləmək cəhdi kimi qiymətləndirilir”.

Qeyd edək ki, “3+3” formatının müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru