Səhiyyə vahid mərkəzdən idarə ediləcək? - TƏBİB -də birləşmə haqqında nə bilirlər?

16-09-2021, 15:06           
Səhiyyə vahid mərkəzdən idarə ediləcək? -
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının tutduğu vəzifədən azad edilməsi üçün ərizə yazması sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.

Hər kəsi maraqlandıran məsələ ölkənin ən önəmli qurumlarından biri olan TƏBİB-də nə baş verməsidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumatda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası Vüqar Cavanşir oğlu Qurbanova həvalə edildiyi açıqlanıb. Sosial şəbəkələrdəki müzakirələrdə TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdiriləcəyi, ölkənin səhiyyə sisteminin vahid mərkəzdən idarə ediləcəyi deyilir. Deyildiyi kimi, ölkə səhiyyəsini vahid mərkəzdən idarə etmək üçün TƏBİB və Səhiyyə Nazirliyi birləşdirilə bilərmi?

TƏBİB- dən Cebhe.info-ya verilən cavabda qeyd edilən mövzu ilə bağlı qurumda hər hansı məlumatın olmadığı deyilib. Qurum hazırda fəliyyətini davam etdirir.

Mövzu ilə əlaqəli Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Kamilə Əliyeva da Cebhe.info-ya danışıb. Deputat bildirib ki, son günlər istər sosial şəbəkələrdə, istərsə də kütləvi informasiya vasitələrində TƏBİB-in fəaliyyəti çox tənqid olunur:

“Bunların arasında həqiqət olan fikirlərlə yanaşı, qərəzli fikirlər də yer alır. Düzdür, TƏBİB-in işində nöqsan və çatışmazlıqlar var. Ancaq onu da unutmaq olmaz ki, Vətən müharibəsində və koronavirusla mübarizədə TƏBİB-in müsbət xidmətləri olub, bu danılmazdır. Vətən müharibəsində bilikli həkimlərimizin birbaş ön cəbhədəki fəaliyyəti, xəstəxanalarımızın dərman preparatları ilə təminatı da buna misal ola bilər”.

Kamilə Əliyeva bildirib ki, hər bir sahəsinin fəaliyyəti zamanı orda nöqsan və çatışmazlıqlar araşdırılır və islahatlar aparılır: “Güman edirəm ki, TƏBİB-in fəaliyyəti bundan sonra da araşdırılacaq. Səhiyyə Nazirliyi ilə TƏBİB- in birləşdirilməsi məsələsində son qərarı ölkə başçısı verəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.