Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA
17-09-2021, 15:28
İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür?
Məsələ ilə bağlı Sonxeber.az-a infeksionist Nicat Əzimli açıqlama verərək bildirib ki, əslində insanlar vaksin vurdurduqları üçün deyil, orada yaranan sıxlıq zamanı yoluxurlar:
"Bu, təkcə bizdə belə deyil. Heç bir ölkədə vaksinasiyada iştirak edəcək şəxsdən PZR müayinəsi götürülmür. Çünki "COVID-19" analizi pozitiv olan şəxsin vaksin vurdurmasının onun sağlamlığına hər hansı bir təhlükə olduğu ilə əlaqəli heç bir mənbədə bildirilmir və bu hallar hər gün yüzlərlə dəfə baş verir.
Hətta bir çox insan vaksinasiya məntəqəsində digər bir şəxsdən virusa yoluxub eyni gündə də vaksin olunur.
Bu xəstələrdə hər hansı bir statistik əhəmiyyətli xüsusi hal baş verməyib. Lakin yenə də xəstəlik simptomlarını özündə hiss edən şəxslərin vaskinasiyada iştiraklarını təxirə salmaları tələb olunur".