“Polkovnikin evi”, hasarlanan magistral yol: Blokadaya alınan dəniz sahilindən REPORTAJ - FOTOLAR, VİDEO

11-03-2016, 00:58           
“Polkovnikin evi”, hasarlanan magistral yol: Blokadaya alınan dəniz sahilindən REPORTAJ - FOTOLAR, VİDEO
Bəzi Bakıətrafı qəsəbələrdə dənizin yüksək vəzifəli şəxslər tərəfindən “özəlləşdirilməsi” və hasara alınması son günlər yenidən gündəmə gəlib. Hətta bu məsələ bir neçə dəfə Milli Məclisdə də qaldırılıb. Bir çox millət vəkilləri dənizin xalqa məxsus olduğunu bildirərək, hasarlanmaya etiraz ediblər.

Düzdür, 2008-ci ildə verilən sərəncama əsasən, dəniz sahilindən 20-50 metrə qədər məsafədə hasar çəkmək qadağan edilib. Həmin sərəncamda o da qeyd olunub ki, əhalinin dənizə girmə hüququnu məhdudlaşdırmaq olmaz. İnzibati Xətalar Məcəlləsində də dəniz kənarının hasarlanması qadağandır. Lakin bu gün Mərdəkan, Şüvəlan və Türkan qəsəbələrində dənizə gedən yollar demək olar ki, hasarlanıb və əhali ilə dəniz arasında “Çin səddi” çəkilib.

Musavat.com-un əməkdaşı Şüvəlan qəsəbəsinin dənizkənarı ərazisində sözügedən durumun şahidi olub. Qəsəbə hasarlarla elə blokadaya alınıb ki, dənizi görmək üçün hündür hasarların üzərinə çıxmaq belə, kifayət etmir.

Şüvəlan qəsəbəsinin Mayak küçəsi adı ilə tanınan ərazisinin dənizə baxan hissəsi tamam qapadılıb. Qəsəbə sanki blokadaya alınıb. Əksər küçələrin sonu daş hasarlara dirənir. Küçələrdə isə səssizlik hökm sürür. Burada digər qəsəbələrdə olduğundan daha fərqli ab-hava var. Nə kilometrlərlə uzanan magistral yolda, nə də ara küçələrdə insana rast gəlmək olmur, dəbdəbəli villaların qarşısında mühafizəçilərdən başqa kimsə yoxdur.

Çoxmərtəbəli villalar və onların ətrafına çəkilmiş hündür hasarlar dənizə olan çıxışları bağlayıb. Ərazidə olduğumuz zamanı avtomobillə 1 saata yaxın dəniz kənarına çıxmaq üçün yollar axtardıq. Əlacsız qalıb, Kuba qəhrəmanlarının xatirəsinə ucaldılmış abidənin üstünə çıxıb, dənizin hansı istiqamətdə olduğunu öyrənə bildik.

Ən təəccüblüsü isə küçədə çox az sayda insana rast gəlməyimiz oldu. Nəhayət, qəsəbə sakinlərindən iki şəxslə danışa bildik. Adlarının çəkilməsindən ehtiyat edən sakinlər qəsəbənin məmurlar və oliqarxlar tərəfindən özəlləşdirildiyini dedilər: “Ərazidə olan sakinlərin əksəriyyəti torpağını, evini atıb, gediblər. Əvvəllər bu küçədə həyat qaynayırdı. İndi isə heç kim yoxdur. Dənizkənarı ərazilər özəlləşdirilib. Yay gələndə dənizə həsrət qalırıq. Villalar dənizin qarşısını kəsdiyindən dənizin təmiz havasına həsrətik. Dənizə yeganə çıxış qumluq deyilən ərazidəndir. O yolda isə nəqliyyatın hərəkət etməsi mümkün deyil. Küçələrin dənizə çıxan hissəsi hasarlanıb və özəlləşdirilib”.

Ərazidə olduğumuz zaman əsas magistral yolun da bağlandığını öyrəndik. Yol hərəkəti nişanlarından da bəllidir ki, yol nəqliyyatın dənizkənarına çıxışı üçün nəzərdə tutulub. Magistral yolun sonunu izləyib hara çatacağımızı gözləyirik. Bir xeyli irəlilədikdən sonra yolun sonu bizi əzəmətli bir villa ilə qarşılaşdırır. Magistral yolun üzəri hündür hasarla örtülüb və milyonlar hesabına başa gələn çoxmərtəbəli villa ucaldılıb.

Yolun nə üçün hasarlandığını və kimin olduğunu öyrənmək üçün villanın gözətçisini danışdırmağa çalışdıq. Özünü mühafizəçi kimi təqdim edən şəxs dərhal ərazini tərk etməyimizi tələb etdi: “Geri qayıdın, buradan yol yoxdur”.

Villanın kimə məxsus olduğunu öyrənməyə çalışsaq da, mühafizəçi “vəzifəli adamındır” dedi və bizi uzaqlaşdırmağa çalışdı.

Şüvəlan qəsəbəsində olduğu kimi, Türkan qəsəbəsində də vəziyyət eyni idi. Dənizin ətrafı boydan-boya hasarlanıb, villalar tikilib. Dənizin kənarında kafelər, restoranlar da az deyil. Bir sözlə, dəniz özəlləşdirilib, yüzlərlə metr uzunluğunda hasarlar çəkilib. Hətta dənizin bir neçə metrliyində evlərin tikintisi gedir.

Qəsəbə sakinləri yay aylarında dənizə həsrət qaldıqlarını dedilər: “Yay və payız aylarında dəniz qəsəbə sakinləri üçün faydalı idi. Yayda dəniz kənarına gedib dincəlirdik. Payız aylarında isə balıq tuturduq. Lakin son zamanlar dəniz kənarını zəbt ediblər. Tilov atmağa belə, yer yoxdur. Kimin imarətinin yanına gedirsən, həmin dəqiqə uzaqlaşdırırlar, adamı... Dənizin bir addımlığında “polkovnikin evi” adı ilə tanınan villa açıq-aşkar dövlətin qoyduğu qanunlara qarşı çıxır. Hələ bu azmış kimi dənizin üzərində bünövrə salaraq üzərində şüşəli oturacaq da inşa etdirib. Görünür, polkovnik kimdisə qanunlara tabe olmaq niyyətində deyil. Televiziyalardan və mətbuatdan nə qədər gəlib yazırlar, amma bunlara heç bir təsiri olmur”.





















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.