Müharibə başlasa.. “Media hazır deyil” - Jurnalistlərdən gözlənilməz cavablar

11-03-2016, 14:05           
Müharibə başlasa.. “Media hazır deyil” - Jurnalistlərdən gözlənilməz cavablar
Müharibə itki, göz yaşı, dərd, şəhid... deməkdir. 1994-cü ildən bəri Azərbaycan Ermənistanla müharibəni atəşkəs rejimində aparır. Cəbhədə hər gün atəşkəs pozulur, tez-tez lokal toqquşmalar verir. Müharibə başlasa... Bu müharibəyə hazırıqmı? Bu, insanların psixoloji cəhətdən hazırlığını ehtiva edən sualdır.

Müharibə şəraitində olan ölkədə medianın da üzərinə böyük vəzifə düşür. İkinci Qarabağ müharibəsi başlasa, media necə davranmalı, ekstremal şəraitdə nə cür işləməlidir ki, peşəkarlığını qorusun, ictimai rəyi çaşdırmasın?

Modern. az saytı Azərbaycan jurnalistləri ilə bu mövzuda sorğu aparıb.

Telejurnalist Qulu Məhərrəmli hesab edir ki, müharibə zamanı media fərqli işləyir:

“Əvvəla, onu deyim ki, müharıbə başlayacağı təqdirdə media tamamilə fərqli iş rejiminə keçir. İlk növbədə müharibə qanunlarına görə cəbhə xəbərləri üzərində hərbi senzura qoyulur. Mətbuat azadlığı müəyyən dərəcədə məhdudlaşır. Təbii ki, bu şəraitdə media ordunun və xalqın yanında olur”.

Müstəqil jurnalist Seymur Kazımov bildirib ki, müharibə başlayarsa, Azərbaycan mediası peşəkar ola bilməyəcək:

“Azsaylı jurnalistləri çıxmaq şərti ilə Azərbaycan mediası müharibə başlayacağı təqdirdə peşəkar işləyə bilməyəcək. Bizim media peşəkarlıqdan daha çox, vətənpərvərlik nümayiş etdirəcək. Belə olan halda isə cəmiyyət balanslı informasiya ilə deyil, emosional, bəlağətli, vətənpərvər ruhlu materiallarla təmin olunacaq. Müharibə zamanı insanlar informasiyaya ac olurlar. Ona görə də insanlara dəqiq və dürüst məlumat lazımdır”.

“APA TV”nin xəbər müdiri, tarix üzrə fəlsəfə doktoru Cavid Cabbaroğlu deyir ki, müharibə başlayacağı təqdirdə “Dövlət Baba” nə qərar versə, elə də ediləcək:

“Müharibə dövrünün öz qanunları var və bu qanunlar hər bir sahədə olduğu kimi, media üçün də keçərlidir. Yəni “Dövlət Baba” nə qərar verəcəksə, media da ona riayət edəcək. Bu baxımdan "media ordunun yanında olacaq" ifadəsi əvəzinə, "media dövlətin yanında olacaq" ifadəsini tərcih edirəm. Çünki dövlət həm də Vətən deməkdir. Amma müharibəni işıqlandıra biləcək peşəkar jurnalistlərimizin sayının çox olduğunu iddia edəcək qədər optimist deyiləm. Nədən ki, isti otaqlarda peşəkar yetişdirə bilmiriksə, top-tüfəngin altında heç yetişdirə bilməyəcəyik. Xatırlayırsınızsa, 2014-cü ilin avqust hadisələri vaxtı bir sıra media orqanları elə bir çaşqın vəziyyətə düşdülər ki, cəmiyyəti də öz durumlarına saldılar. Açığı, mediamızın müharibə şəraitinə hazır olduğunu düşünmürəm”.

“Region Plyus” jurnalının baş redaktoru Namiq Mailov söyləyib ki, müharibə zamanı mediamız səfərbərlik nümayiş etdirib orduya dəstək olmalıdır:

“Əlbəttə, torpaqlarımız uğrunda müharibə başlayarsa, Azərbaycan mediası nəinki ordunun yanında, hətta bir əsgər kimi səngərdə olmalıdır. Ancaq ola biləcəkmi? Təbii ki, hərənin öz səngəri var və bizim işimiz ordumuza informasiya müharibəsində dəstək olmaqdır. Ancaq xatırlayırsınızsa, 2014-cü ilin avqust ayında biz bununla bağlı ciddi problemlər yaşadıq. Əsasən də onlayn resurslar və yeni media sırf özlərinin dar maraqlarından çıxış etdilər, sensasiya və İP xatirinə düşmənin xeyrinə işləyən məlumatlar yaydılar. Bəlkə də internet əsrində bu, qaçılmazdır. Lakin hesab edirəm ki, müharibə başlayarsa, peşəkar mediamız da bütün sağlam qüvvələrini səfərbər edib, orduya yük yox, dəstək ola bilər”.

“101 FM” radiosunun xəbər spikeri Əzizə İsmayılova hesab edir ki, müharibə zamanı şou-biznesdən yazan sayt hərbi xəbərləri yaymaq həvəsinə düşməməlidir:

“Əvvəlcə “müharibə başlayarsa, media ordunun yanında ola biləcəkmi” sualından başlayaq. Müharibə heç bir halda olmayacaq. Media isə hər bir halda ordunun yanında olub və olacaq – söhbət professional mediadan gedir. Digərlərin olmaması ordu üçün ən böyük köməkdi. Medianın mövqeyi-təbii ki, dövlətin mövqeyi nədirsə, o da olacaq. Cəbhə bölgəsində başqa mövqe sərgiləmək düşünürəm ki, düşmən dəyirmanına su tökmək olar.

Medianın müharibə şəraitində işləməyə hazır olub-olmamasına gəlincə, bu suala konkret cavab vermək çətindi. Mənim baxışımda –xeyr, media buna tam olaraq hazır deyil. Çünki 2014-ün avqust hadisələri də göstərdi ki, bu işdə bir nizam-intizam yoxdu. Hər əlinə planşet alan cəbhəyə xəbər dalınca getməməlidir. Sarı mətbuatın cəbhə xəttindən “operativ xəbər” yayma istəyi bir xaos yaratdı və bu, belə olmamalıdır. Cəbhə ilə professional jurnalistlər-reportyorlar, operatorlar və fotoqraflar işləməlidir. İnsanlar cəbhə ilə bağlı dolğun xəbəri hardan almaq lazım olduğunu dəqiq bilməlidirlər.

Yəni, şou-biznes ulduzlarının həyatından yazan hər hansı bir sayt cəbhə xəbəri yayımlamaq həvəsinə düşməməlidir. Əgər ölkədə hər əlində jurnalist vəsiqəsi olan kəs cəbhəyə xəbər dalınca getməyə qalxarsa, bu, böyük bir xaos yaradar. Bu gün isə o boşluq görünür. Məsələn, bu gün cəbhə xəttindən aldığımız xəbər ancaq Müdafiə Nazirliyinin çox vaxt hərbi deyil, ədəbi dildə yazdığı pres-relizdən ibarətdir ki, bu da sanki şablon bir çərçivə daxilindədir. İllərdir eyni şeyi oxuyuruq: “Düşmən hücuma keçib. Orumuzun əsgərləri rəşadətlə düşmənə cavab atəşi endirib”- bu, hərbi jurnalistika deyil. Və yaxud müdafiə naziri cəbhə xəttinə gedir və onun cəbhə xəttindəki şəkillərinin fotosessiya formatında verilməsi də hərbi jurnalistika deyil.

Başqa hər hansı bir tutarlı reportaja, yazıya və ya çəkilişə mən öz adıma rast gəlməmişəm. Zənnimcə, ordu ilə işləmək üçün hərbi jurnalistlər yetişdirilməlidir. Hərbi jurnalist isə Müdafiə Nazirliyindən hansısa məlumatı alıb onun şəkilçilərini dəyişməklə “xəbər” deyə yazana demirlər. Hərbi jurnalist, hərb işini anlayan, bilən, nəyin nə olduğunu müəyyən edib yazana deyirlər. Bakının mərkəzində oturub cəbhə xəttindən yazılan yazı isə ancaq elə yazan üçün maraqlı görünə bilər”.

“Demokratik Jurnalistlər Liqası” nın sədri Yadigar Məmmədli mediamızın müharibə zamanı dövlətin yanında olacağına şübhə etmədiyini deyib:

“Medianın əhəmiyyətli hissəsinin, yəni, ciddi və məsuliyyətli olanların milli təklükəsizlik və dövlətçilik məsələlərində dövlətin yanında dayanacağına şübhə etmirəm. Əslində media həm KİV sahəsində olan qanunlara, həm də vətəndaşlıq mövqeyinə görə bu məsələlərdə millətinin, dövlətinin yanında olmalıdır”.

“AzPolitika.info” saytının baş redaktoru Elnur Məhərrəmli düşünür ki, müharibə vaxtı medianın üzərində dövlət nəzarəti güclənəcək:

“Fikrimcə, indiki medianı müharibə mediası kimi qəbul etmək mümkün deyil. Müharibə başlayarsa, şübhəsiz ki, media tamamilə yeni keyfiyyət qazanmalıdır. Hər bir müharibənin öz qəhrəmanları olur. Bu qəhrəmanları əvvəlcədən müəyyənləşdirmək mümkün olmadığı kimi, medianın müharibə dövründəki sınağını da indidən proqnozlaşdırmaq mümkün deyil. Amma ümumilikdə hesab edirəm ki, kifayət qədər peşəkar media subyektlərimiz var və müharibə zamanı onlar lazımı təbliğatın qurulması, əhalinin düzgün məlumatlandırılması işini yüksək səviyyədə həyata keçirməyə qadirdirlər. Onu da düşünürəm ki, müharibə dövründə dövlətin media üzərində nəzarətinin gücləndirilməsinə də ehtiyac yaranacaq”.

“Korrespondetn.az” saytının baş redaktoru Aygün Muradxanlı deyir Azərbaycan mediası müharibəyə hazır deyil:

“Azərbaycan mediasının müharibəyə hazır olduğunu düşünmürəm. İndiyəqədərki təcrübə göstərdi ki, media aktiv hərbi əməliyyatlar dönəmində daha çox özfəaliyyətlə məşğul olur. Media ordunun yanıda olmaq istəyir, ancaq buna professionallığı çatmır.

Professional yanaşma hərbi xarakterli informasiyaların yayılması zamanı "olay yerində olan əməkdaşımızın verdiyi xəbərə görə" şablonunu qəbul etmir. İnformasiyalar Müdafiə Nazirliyinin yaydığı rəsmi xəbərlərə uyğunlaşdırılmalı, durumun təsviri zamanı qarşı tərəf üçün önəmli ola biləcək xəbərlərə qəti yer verilməməlidir. Ermənistanın Azərbaycana hərbi təcavüzü 1988-ci ildən başlayıb.

Ancaq çox təəssüf, aradan keçən yetərincə böyük zamanda Azərbaycan ehtiyac olduğu qədər hərbi jurnalist yetişdrməyib. Düşünürəm ki, savaş başlasa, bu boşluğu hiss edəcəyik. Jurnalistlərin hərb dönəminə hazırlığı ilə bağlı bir sıra tədbirlər keçirilir. Düşünürəm ki, Məbuat Şurası bu sahəyə xüsussi diqqət ayırmalıdır”.

“Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı müharibə zamanı xəbərlərin yalnız rəsmi qurumla - Müdafiə Nazirliyi ilə razılaşdırmağın vacib olduğu qənaətindədir:

“Məncə media son iki ildə baş verən hadisələrdən sonra bir qədər ayıldı. Biz həqiqətən müharibə şəraitində nə edəcəyimizi bilmirdik. “Avqust hadisələri” göstərdi ki, yalan və panika dolu xəbərlər daha geniş yayılır və rəsmi şəkildə bunun qarşısını almaq, medianı doğru xəbərlə təmin etmək mümkün deyil. O zaman başıpozuq bir sistem meydama çıxdı və hətta yalandan da olsa, işğal olunmuş rayonların azad edilməsi xəbərlərini eşitdik. Bu, düzgün yanaşma deyildi.

Reytinq xatirinə insanların hissiyatı ilə oynadılar. Biabırçı mənzərə idi. Hətta çox ciddi adamlar belə, o yalan xəbərlərə inanmışdı. İndi isə vəziyyət bir qədər fərqlidir. Hamı ordu ilə bağlı məsələlərə həssas yanaşır. Amma yenə də yerindən durub jurnalist olmağa çalışanlar ağzına gələni yazır.

Düşünürəm ki, Müdafiə Nazirliyi bu məsələləri hərbə-zorba ilə yox, qanun çərçivəsində və ictimai birliklərin dəstəyi ilə indidən həll etməlidir. Çunki qəfil nəsə bir hadisə olanda yenə qarışıq vəziyyət yaranacaq. Nazirlik müharibəyə necə hazırlaşırsa, ehtiyat səngərlər, artilleriya qurğuları və başqa bazalar necə hazır vəziyyətdə saxlanılırsa, media mərkəzi d o cur döyüşə hazır olmalıdır.

Yeni müharibə şəraitində jurnalistlər bilməlidirlər ki, Müdafiə Nazirliyinin vahid media mərkəzi var. Oradan xəbərləri idarə etmək lazımdır. Jurnalist bilməlidir ki, özbaşına olaraq cəbhə xəttinə girmək lazım deyil. Döyüş bölgəsində media mərkəzinə getmək lazımdır. Oradan hansı xəbəri necə yaymaq lazımdırsa, hamısını razılaşdırmaq lazımdır. Yoxsa yenə hansısa hadisə baş verərsə, media mərkəzini qurana qədər media ağzına gələni yazacaq. Bu da bizə xeyir gətirmir”.

“Turkustan.info saytının baş redaktoru Aqil Camal bildirib ki, müharibə vaxtı internet mediasında çalışan jurnalistlər özləri özlərinə senzura tətbiq etməyə borcludurlar:

“Aktiv hərbi əməlyyatlar olmasa da, hazırda da müharibə dövrünü yaşayırıq. Bu, həm hərbi cəbhədə, həm də informasiya cəbhəsində baş verir. Ona görə də Azərbaycan mediasının hazırlığını gələcək zamanda deyil, indiki zamanda da qiymətləndirmək mümkündür. Bir zamanlar informasiya müharibəsi dedikdə mediada hərbi-vətənpərvərlik təbliğatının aparılması, şəhidlərin gənclərə tanıdılması, işğal olunmuş rayonların anım günlərinin geniş şəkildə işıqlandırılması nəzərdə tutulurdu. Ancaq bu gün medianın müharibə məsələsinə yanaşmasında yeni meyarlar, şərtlər və reallıqlar ortaya çıxıb.

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı, onlayn medianın, sosial medianın sürətli inkişafı bu məsələlərə yanaşmada yeni tələbləri diqtə edir. Bu sahədə özünü göstərən problemlərdən biri düşmən mediasına istinad etməkdir. Bəzən, saytlarımız ekskülzivlik xatirinə Ermənistan mediasından müəyyən xəbərləri təqdim edirlər. Amma bu xəbər Ermənistanın informasiya siyasətinə xidmət edir. Bu cür məsələlərdə diqqətli olmaq lazımdır.

İkincisi, Azərbaycan ordusunun imkanları, dislokasiya yerləri ilə bağlı rəsmi xəbərlərin kənarında hər hansı öz fəaliyyətə yol verməmək, üçüncüsü isə daim toplumla işləmək, gənc nəsildə vətənpərvərlik duyğularını yüksəldən materialları müasir üslubda hazırlayıb çatdırmaq. Müvafiq qurumların televiziya və qəzetlər üzərində informasiya təhlükəsizliyinin təmin edilməsi üçün müəyyən rıçaqları var. Lakin, internet və sosial media üçün bunu demək çətindir. Ona görə, internet mediasında çalışan jurnalistlər artıq, hərbi mövzuda işlədikləri materiallarla bağlı özünə senzura tətbiq etməyə borcludurlar”.

"AzeriDefence" hərbi-texnoloji jurnalın redaktoru Ramil Məmmədli ordu ilə medianı üz-üzə qoyan jurnalistləri qınadığını söyləyib:

“Bu məsələdə birmənalı fikir söyləmək olmaz. Bəzi həmkarlarımız və hərbi strukturların nümayəndələri Azərbaycan mediasının bu istiqamətdəki fəaliyyətini tənqid atəşinə tuturlar. Fikrimcə, bu belə deyil və hesab edirəm ki, mətbuatımız müharibəyə hazırdir. Əlbəttə hərbi əməliyyatlar başlayan zaman ortaya bəzi neqativ hallar çıxacaq. Lakin bunu faciə hesab etmək lazım deyil. Digər tərəfdən Azərbaycan mediası hər zaman ordunun yanında olub. Silahlı Qüvvələrdə baş verən pozuntuları media səhifələrinə çıxartmaq mətbuatımızın orduya düşmən mövqedə olması kimi xarakterizə etmək də yanlışdır. Bu baxımdan hesab edirəm ki, mediamız hərbi əməliyyatlar başladığı andan ordumuzun yanında olacaq. Jurnalistlərimizin vətənpərvərliyinə bələd olan biri kimi bunu əminliklə söyləyirəm. Mediamız öz milli mövqeyini müharibə başlayanda da nümayiş etdirəcək. Ordu ilə medianı zaman-zaman qarşı-qarşıya qoyanları isə yumşaq desək, qınayıram”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.