Hacı Məmmədovun danışmasına niyə imkan verilmədi?
12-03-2016, 10:24
Müzəffər Baxış: “Zakir Nəsirovu yaxından tanıyıram, onun həmin cinayətlərlə əlaqəsinə əvvəllər də, indi də inanmıram”
Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılan DİN-in sabiq baş əməliyyat müvəkkili, qanqster Hacı Məmmədovun şikayətinin Ali Məhkəmədə təmin olunmaması geniş müzakirələrə səbəb olub.
Məlumat üçün bildirək ki, Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun imzaladığı qərarla Hacı Məmmədovun ərizəsində göstəridiyi hallar yeni hal kimi qəbul edilməyib və müvafiq olaraq ərizə üzrə Ali Məhkəmənin plenumunda məhkəmə araşdırmasının aparılması da aradan qalxıb.
Hacı Məmmədov ərizəsində Zakir Nəsirovun ömürlük həbsinə, Məmmədəli Əliyevin barəsində müvafiq qərarın verilməsinə gətirib çıxaran ifadələri MTN generalları Akif Çovdarov, Mövlam Şıxəliyev və digəriləri tərəfindən təzyiq, təhdidlərə məruz qaldığına görə verdiyini qeyd etmişdi.
Məsələ ilə bağlı “Hüquqi Dövlət” Araşdırmalar mərkəzinin rəhbəri Müzəffər Baxışın fikirlərini soruşduq. Tanınmış hüquqşünas bildirdi ki, Hacı Məmmədovun cinayət məsuliyyətinə cəlb olunması və barəsində çıxarılan məhkəmə hökmü Azərbaycan cəmiyyətində və onda ilk gündən çox ciddi şübhələr yaradırdı: “Bu iş məhkəmədə araşdırılan illərdə KİV-dəki çıxışlarım zamanı dəfələrlə demişdim ki, bu iş tam, hərtərəfli, obyektiv istintaq olunmayıb, müvafiq olaraq məhkəmədə də obyektiv nətəcəyə gəlinməsi mümkün deyil. Sadəcə müəyyən sifarişlər əsasında, müəyyən bir mərhələdə bu işin istintaqı məhdudlaşdırılıb və iş məhkəməyə ötürülmüşdü.
Bu günün özündə də iş üzrə bəzi məsələlər hüquqi həllini tapmayıb. Hacı Məmmədovun işi üzrə tam, hərtərəfli, obyektiv araşdırma aparılmayıb. Ölkədə məhkəmə hakimiyyəti deyilən hakimiyyət yoxdur. Bunu tam məsuliyyətlə bildirirəm. Problemin kökü buradadır. Normal dövlətdə əgər təqsirləndirilən şəxs bildirirsə ki, məni yalan ifadə verməyə məcbur ediblər, mən Akif Çovdarov, Mövlam Şıxəliyev və MTN-in digər yüksək çinlilərinin təzyiq və təhdidləri qarşısında kimlərəsə qarşı ifadə vermişəm, bunu mütləq şəkildə araşdırarlar. Hacı Məmmədov ərizə yazıb və konkret yeni hallar haqda məlumat verir və araşdırılmasını istəyir. Ali Məhkəmədə işi hakimə verdilər və cinayət kollegiyasının sədri bir cavab yazdı ki, yeni hallar üzrə işə baxılması üçün hallar mövcud deyil. Əslində isə işin araşdırlması üçün ərizədə göstərilənlər tam ciddi əsaslardır. Məhkəməyə yuxarıdan göstəriş verilsə idi ki, Hacı Məmmədovun işini yeni açılmış hallar üzrə icraata qəbul edin, dərhal iş icraata qəbul olunacaqdı. Ortada belə göstəriş olmayınca Hacı Məmmədovun nələr deməsindən, hansı əsaslı faktları ortaya çıxarmasından asılı olmayaraq ərizəsi yeni açılmış hallar üzrə Ali Məhkəmənin plenumuna çıxarılmayacaq.
“Belə ehtimallar da var ki, Hacı Məmmədovun ərizəsinin araşdırlmasında vaxtilə onun və digərilərinin barəsində hökm çıxarmış, hazırda Ali Məhkəmənin hakimi olan Əli Seyfəliyevdən də məsləhətlər alına bilərdi. Bu belədirsə, araşdırmanı nə dərəcədə qanuni hesab etmək olar” sualına onun cavabı belə oldu: “Əli Seyfəliyevdən məsləhət alınmasına inanmıram. Çünki vaxtilə o, Hacı Məmmədov və digərilərinin işini Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə araşdırarkən tam, hərtərəfli öyrəndiyinə belə inanmıram. O sadəcə işə zalda baxıb və sonda hökm çıxarıb... Hacı Məmmədov ifadə vermək istəyirsə, CPM-in tələbinə görə belə hallarda iş Ali Məhkəmənin plenumuna çıxarılmalıdır. Azərbaycanda məhkəmə hakimiyyəti yox səviyyəsidədir deyə CPM-i olduğu kimi tətbiq etmirlər və nəticədə belə problem ortaya çıxır. Hacı Məmmədovda çox şəxslər barəsində kifayət qədər məlumatlar var. Onun işi üzrə zərərçəkmişlərin dairəsinə baxsaz, çox məsələləri aydınlaşdıra bilərsiz. Həmin dövrdəki ictimai-siyasi vəziyyəti və zərəçəkmişlərin dairəsinə baxın. Həmin vaxt Bakının ən varlı insanlarının övladları oğurlanıb. Ölkədə məhkəmə hakimiyyəti bərqərar olsa, o zaman yeni hallarla bağlı tam, hərtərəfli, obyektiv araşdırma aparıla bilər...Zakir Nəsirovu yaxından tanıyıram, onun həmin cinayətlərlə əlaqəsinə əvvəllər də, indi də inanmıram”.musavat/