“Dupont Hotel”də oliqarx cəsədi: eks-nazirin sirli qətli, casus filmlərindəki kimi...
12-03-2016, 19:54
Rusiyanın keçmiş mətbuat naziri, Kremlə çox yaxın oliqarx-milyoner, “Qazprom-Media” şirkətinin keçmiş səhmdarı Mixail Lesinin ötən il noyabrın 5-də, Vaşinqtondakı “Dupont Hotel”də öz əcəli ilə ölmədiyi və intihar etmədiyi artıq şübhə doğurmur. Kremlin gözündən düşəndən sonra ABŞ-a məcburi mühacirətə gedən Lesinin cəsədi oteld tapılanda Rusiyanın Vaşinqtondakı səfirliyi tələsik “keçmiş nazirin ailəsinə yaxın mənbələrə” istinadən onun “qəfil ürək tutmasından öldüyünü” açıqladı. Və bu qəfil ölüm Rusiyada diqqəti o qədər də cəlb etmədi.
Küt alətlə zərbə
ABŞ KİV-ləri isə Lesinin ölümünün təbii səbəblərdən baş vermədiyinə dair hər hansı dəlillərin olmadığını qeyd etsələr də hər halda Kremlin bir çox düşmənlərinin mühacirətdə sirli şəkildə öldüklərini xatırladaraq bu ölümü şübhəli sayırdılar.
Aradan təxminən 4 ay keçmiş Lesinin qəfil ölümü yenidə gündəmə gəldi, bu dəfə sensasion dəlillərlə. Bir neçə gün əvvəl Amerika Məhkəmə-Tibb Ekspertizasının Vaşinqton baş idarəsi elan etdi ki, keçmiş nazirin ölümü ürək tutmasından deyil, başına küt alətlə endirilmiş zərbələrdən baş verib. Habelə onun cəsədinin ekspertizası nəticəsində bədəninin yuxarı hissəsində, boynunun arxasında da küt alətlə endirilən zərbələrin izlərinə rast gəlinib.
Oliqarxı kimlər və harada döyüb?
Amerika məhkəmə-tibb ekspertlərinin gəldiyi nəticə dərhal böyük rezonansa səbəb oldu. Rusiya XİN Lesinin ölüm səbəbinə dair yeni dəlillərin Moskvaya göndərilməsi üçün müraciət etdi və bu haqda diplomatik kanallarla daha ətraflı məlumat istədi. Daha sonra Rusiya hakimiyyəti bildirdi ki, Lesinin ölümünün təbii səbəblərdən baş vermədiyini təsdiq edir. Bununla belə Rusiya XİN-in rəsmisi Mariya Zaxarova bəyan etdi ki, Amerika tərəfi Mixail Lesinin ölümünə dair yeni nüanslar barədə əməkdaşlıq etməkdən yayınır.
Amerika mətbuatının yazdıqlarına görə Lesinin qaldığı oteldə onun ölümünə gətirib çıxaran cinayətin izlərinə rast gəlinməyib. Ümumiyyətlə məsələnin sirli tərəflərindən biri də Lesinin qalmaq üçün “Dupont Hotel”i seçməsidir. Bu, Vaşinqtonda nisbətən ucuz oteldir və keçmiş nazirin sifariş verdiyi nömrənin qiyməti cəmi 200 dollardır. Lesini yaxından tanıyanlar deyirlər ki, o, zəngin həyat tərzi keçirməyə adət etmiş adam idi və həmişə dəbdəbəli otellərdə qalırdı. Bəs necə ola bilərdi ki, Lesin səviyyədə adam Vaşinqtonda bu cür ucuz otel seçib, bunu bilən yoxdur.
Otelin administrasiyasından bildiriblər ki, videomüşahidə kameralarının qeydə aldığı görüntülərə əsasən Lesin həmin axşam otelə yorğun-əzgin halda daxil olub. Ertəsi gün onun cəsədini tapıblar. Ehtimal edilir ki, Lesini oteldə yox, kənarda döyüblər və o, otelə qayıdandan sonra aldığı xəsarətlərdən ölüb. İnd Vaşinqton polisi eks-nazirin otelə qayıtmazdan əvvəl harada və kimlərlə mübahisə etdiyini araşdırmağa çalışır. Ağ Evin rəsmisi Coş Ernest jurnalistlərə deyib ki, bu hadisənin istintaqına Federal Təhqiqatlar Bürosu da cəlb olunub.
Lesin kim idi və Vaşinqtonda nə gəzirdi
Mixail Lesin 1999-cu ildən 2004-cü ilə qədər Rusiyanın mətbuat naziri olub. Onun təşəbbüsü ilə 2005-ci ildə “Rossia Today” dövlət televiziyası yaradılıb. Hazrda bu telekanal Kremlin əsas təbliğat ruporudur. Lesin həmçinin “Video İnternational” şirkətinin əsasını qoyub. 2013-cü ildən 2015-ci ilin yanvarına qədər “Qazprom-Media” holdinqinin rəhbəri olub.
Rusiya KİV-lərinin məlumatlarına görə Lesin “Qazprom-Media” holdinqinin iri səhmdarı, prezident Vladimir Putinin dostu Yuri Kovalçukla mübahisə edəndən sonra holdinqdən ayrılıb. Və bəziləri ehtimal edirdi ki, o, qüdrətli oliqarxla toqquşandan sonra ABŞ-a könüllü sürgünə qaçıb.
Lakin Lesinin ölümü kimi onun ABŞ-a getməsinin səbəbləri də sirlidir. Dövlət Departamentinin rəsmisi Con Kirbi Lesinin ölümünü şərh edərkən keçmiş nazirin Vaşinqtonda nə axtardığı, ABŞ-a nə üçün gəldiyi və ölkədə hansı viza ilə qaldığı haqda jurnalistlərin suallarına cavab verə bilməmişdi.
Senator Uikerin ittihamları
Bununla belə məlumdur ki, Lesin hələ ABŞ-a getməmişdən əvvəl Federal Təhqiqatlar Bürosunun diqqət mərkəzində olub. 2014-cü ilin iyulunda respublikaçı-senator Rojer Uiker FTB-yə müraciət edərək Mixail Lesinin Kaliforniyada on milyonlarla dollara villalar alarkən çirkli pulların yuyulması haqda qanunu pozub-pozmadığını araşdırmağı istəmişdi.
Habelə senator Lesinin qüdrətli oliqarx, Kremlə çox yaxın Yuri Kovalçukla əlaqələrinə diqqəti cəlb etmişdi. Senator bu məsələni Ukraynaya görə ABŞ-la Rusiya arasında münasibətlərin kəskinləşdiyi, Moskvaya, Kreml elitasına qarşı sanksiyaların tətbiq olunduğu bir vaxtda gündəmə gətirmişdi. Habelə Lesinin Avropada və Britaniya Virgin adalarındakı daşınmaz əmlaklarından danışmışdı. Lesin isə “Forbes”ə açıqlamasında demişdi ki, daşınmaz əmlakı onun oğlu və ailə üzvləri qanuni şəkildə alıb, ittihamlar yalandır.
FTB-ilə əməkdaşlıq?
Bəs Lesin ABŞ-da onun barəsində çirkli pulların yuyulması şübhəsi ilə təhqiqat aparıldığını bilə-bilə bu ölkəyə niyə getmişdi? O, Vaşinqtonda həbs olunacağından ehtiyat etmirdimi?
Bu suallar açıq qalır. O cümlədən senator Uikerin müraciəti əsasənda təhqiqatın başlandığı məlum deyil. Lakin ABŞ-da bir çoxları ehtimal edir ki, Lesinin Vaşinqtona getməkdə məqsədi FTB ilə sövdələşməyə girmək və Kaliforniyanın Los-Anceles şəhərindəki mülklərini qoruyub saxlamaq ola bilərdi. Çünki FTB çirkli pulların yuyulması ilə bağlı araşdırmaya başlasa bu mülklərə həbs qoyula, yaxud müsadirə edilə bilərdi. Mülklərdən ikisində hazırda onun oğlu və qızı yaşayır. Məlumatlara görə onlar kino sahəsində istedadlarına görə Hollivud kinoprodüserlərinin diqqətindədir.
Sövdələşmə nədən ibarət ola bilərdi? Ehtimal edilir ki, Lesin Kremlə balı bir çox oliqarxların ABŞ-dakı mal-mülkü və hesabları barədə kompromatları FTB-yə sızdırmağı planlaşdıra bilər.
Yuri Kovalçuk
Ehtimallar, qəsd nəzəriyyələri: bəlkə heç ölməyib?
Digərlərinə görə, Lesini ABŞ-a Rusiya hakimiyyətində Vaşinqtonla münasibətlərin korlanmasında maraqlı olmayan qruplaşma göndərə bilərdi. Hər halda Lesinin ölümünün təbii səbəblərdən baş vermədiyinin açıqlanması Qərbdə bir çox qəsd nəzəriyyələrinin irəli sürülməsinə səbəb olub. Keçmiş nazirin ölümünü KQB polkovniki Aleksandr Litvinenkonun Londonda radioaktiv maddə ilə zəhərlənərək öldürülməsi, Kremlin düşmənlərindən Boris Berezovskinin və onun çevrəsindən daha bir neçə adamın müəmmalı ölümü ilə müqayisə edirlər.
Bütün bu ehtimallar əsasında baş verənlərə dair iki versiya daha çox məntiqli hesab edilir: Lesini ya “ağzını qapatmaq üçün” düşmənləri aradan götürüb, ya onun ölümü FTB-nin mühüm şahidlərin müdafiəsi proqramı çərçivəsində səhnələşdirilib. Hər halda görünən odur ki, Lesinin sirli ölümü barədə bundan sonra da çox danışılacaq, ola bilsin daha sensasion dəlillər ortaya çıxacaq...
F.Məmmədov