Rusiyada Azərbaycana qarşı növbəti təxribat – FOTOLAR
12-03-2016, 23:40
Ermənilər növbəti dəfə Rusiyada Azərbaycana qarşı təxribat törədiblər.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, martın 11-də Qızıl Meydanda yerləşən Moskva Dövlət Tarix Muzeyində açıqlan “Ermənistan. Yaşam Əfsanəsi” (“Армения. Легенда Бытия”) adlı sərgidə erməni tarixi adı altında Qərbi Azərbaycanda arxeloji qazıntılar zamanı aşkar edilən daş abidələr, gil qablar, qılınc, qalxan və digər bu kimi arxeoloji tapıntılar və “Artsax” adlandırdıqları tarixi Azərbaycan torpaqları olan Dağlıq Qarabağ ərazisində toxunduğu iddia olunan xalçalar, qadın milli geyim nümunələri nümayiş olunur.
Bundan başqa, ermənilər Azərbaycan ərazilərini “Böyük Ermənistan”ın ərazisi kimi göstərən “tarixi» xəritələr də nümayiş etdirirlər.
İki bölmədən ibarət olan sərgidə nümayiş olunan eksponatlar İrəvanda yerləşən Tarix Muzeyi, Müqəddəs Eçmüədzin Muzeyi və Mesrop Maştots adına Mazandaran Əlyazmalar İnstitutundan gətirilib.
Ermənilər Ön Asiya və indiki Qafqaz ərazisində mövcud olmuş Urartu (bizim e.ə IX-VI əsrlər), Albaniya və digər dövlətləri qədim erməni dövlətləri kimi qələmə verirlər
Kilsə əfsanə və rəvayətlərinə söykənərək, “Böyük Ermənistan” uydurması ilə yaşayan ermənilər bununla kifayətlənməyib, Ön Asiya və indiki Qafqaz ərazisində mövcud olmuş Urartu (bizim e.ə IX-VI əsrlər), Albaniya və digər dövlətləri qədim erməni dövlətləri kimi qələmə verirlər.
Ermənilər nümayiş etdirdiyi eksponatlardan birini “memorial yazılı daş lövhə “Nor Naxçıvan 1875-ci il” adı altında təqdim edir, bununla da, Naxçıvanın Ermənistan ərazisi olması barədə Rusiya ictimaiyyətində yalan məlumatlar çatdırırlar.
“Böyük Ermənistan» xəritəsində isə Türkiyənin Şərq hissəsi bütünlüklə, indiki Azərbaycan ərazisinin yarıdan çoxu, Dağlıq Qarabağ, Kür-Araz ovalığı, Talış dağları, Xəzər dənizinə qədər olan hissə, Cənubi Azərbaycan ərazisinin bir hissəsi, Urmiya gölü I-IV əsrlərdə Ermənistan ərazisi kimi göstərilir.
Xristian dinini qəbul etmiş ilk dövlət olduğunu iddia edən ermənilər qədim Alban kilsəsinə aid abidələri də erməni kiləsləri kimi nümayiş etdirilir.
Məsələn, sərgidə qədim Albaniya ərazisində tapılan xaç daşları erməni xaçkarları kimi qələmə verilir. Lakin tarixdən məlumdur ki, ermənilər arasında xristianlığın albanlara nisbətən gec yayılması onların qədim Alban xaç daşlarını erməni xaçkarları kimi qələmə vermək istəklərini boşa çıxaran faktlardan biridir.
Xristianlığın Qafqaz Albaniyasında Ermənistana nisbətən daha erkən yayılmasını sübut edən dəlillər alban tarixçilərinin (Moisey Kalankatlı, Mxitar Qoş) əsərlərində və eləcə də erməni katolikosu Avraamın Qafqaz albanlarına məktubunda da var. Həmin məktubda deyilir:
“Bizdən (ermənilərdən) qabaq mövcud olan Alban kilsəsi, əvvəllər bizimlə (ermənilərlə) razılaşırdı». (Kalankatlı, II, 47). Mətndə söhbət Alban Apostol Kilsəsi və Erməni Qriqoryan Kilsəsinin diofizit və monofizit olaraq bir-birinə qarşı cəbhədə durmasından gedir.
“Ermənilər yunan tarixi ilə 43-cü ildə, albanlardan 270 il sonra xristianlığı qəbul etmişlər”. (Kalankatlı, II, 47). Bu məlumatın qiymətli olmasının səbəbi ondadır ki, ermənilərin xristianlığı qəbul etməsinin dəqiq tarixi ortaya çıxır. 43-cü il+ 270 = 313-cü il. Bu Romada din, məzhəb azadlığının təsdiq edildiyi Milan fərmanının tarixidir. Ermənilər Roma İmperiyasının vassalı olduqlarından məhz həmin dövrdə xristianlığın qəbuluna başlamışlar və Erməni Qriqoryan Kilsəsinin (eləcə də xaçkarların) də tarixi o dövrdən başlanır.
“Böyük Ermənistan” xəritəsində isə Türkiyənin Şərq hissəsi bütünlüklə, indiki Azərbaycan ərazisinin yarıdan çoxu, Dağlıq Qarabağ, Kür-Araz ovalığı, Talış dağları, Xəzər dənizinə qədər olan hissə, Cənubi Azərbaycan ərazisinin bir hissəsi, Urmiya gölü I-IV əsrlərdə Ermənistan ərazisi kimi göstərilir
Deməli, IV əsrin ortalarına qədər olan xaç daşlarının ermənilərə aid edilməsi ən azı ona görə mümkün deyil ki, ermənilər bu dövrdə xristianlığı qəbul etməmişdilər və onların heç bir xaçkarı ola bilməzdi. Ümumiyyətlə, XV əsrin axırlarına qədər Qafqazın istənilən bölgəsində hansısa erməni xaçkarı axtarmaq absurddur. Çünki bu dövrə qədər Qafqaz ərazisində ermənilərin hansısa ərazidə kompakt şəkildə yaşaması məlum deyil.
Lakin ermənilərin Kremlin bir addımlığında sərgilədiyi xaçkar daşlarının II-III əsrlərə və ondan sonrakı dövlərə aid olduğu göstərilir.
Ermənilər sərgidə XIX əsrin sonunda “Artsax”da toxunduğu iddia olunan xalçalar da nümayiş etdirirlər. Həmin xalçaların Dağlıq Qarabağ ərazisində toxunduğu da şübhə doğurur.
Bundan başqa, eksponatlar arasında “Artsax”ın qadın geyim forması da var. Bununla da, ermənilər “Artsax” adlandırdıqları əzəli Azərbaycan torpağı olan Qarabağın onlara məxsus olduğunu Rusiya ictimaiyyətinin nəzərinə çatdırmağa cəhd edirlər.
Qeyd edək ki, sərginin martın 11-də baş tutan açılış mərasimində Rusiya və Ermənistanın mədəniyyət nazirləri iştirak ediblər.
Martın 10-11-də Moskvada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan da sərgini ziyarət edib.
İyunun 13-dək üç ay müddətində davam edəcək sərgidə ermənilər tarixi sərgilərə, ümumilikdə mədəni hadisələrə böyük marağı olan Moskva sakinlərini, eləcə də Rusiya paytaxtına gələn çoxsaylı xarici turistləri qondarma tarixləri ilə tanış edəcəklər.