Yekaterinadan Putinədək oynanan “kürd kartı”:Rusiya kürdlərdən niyə möhkəm yapışıb? –TƏHLİL

12-03-2016, 23:46           

Maykl Reynolds

The National Interest (ABŞ)





Rəcəb Tayyib Ərdoğan keçən il noyabrda Rusiyanın Su-24 bombardmançısını vurmaqla Putinin Yaxın Şərq iddalarını qısaldacağını düşünürdüsə, indi dəqiq şəkildə buna təəssüf edir. Qəzəblənmiş Putin söz verdi ki, Türkiyə öz əməlinə heyfslənəcək. O, xəbərdarlıq etdi ki, Türkiyə ilə dartışma iqtisdi tədbirlərlə məhdudlaşmayacaq: “Biz nə etməli oldğumuzu bilirik”.

Rusiya prezidentinin nəyi nəzərdə tutduğu aydın olur. Suriya Kürd Demokratik Birliyi (KDB və ya PYD) bu ayın əvvəlində Moskvada öz təmsilçiliyini, Ankaraya qorxunc siqnal kimi qiymətləndirə biləcəyimiz ilk missiyasını açdı.

Bu arada PYD Suriyanın özündə Rusiya silahı və hava dəstəyindən istifadə edib Suriya-Türkiyə sərhədi boyunca ərazini öz nəzarətinə götürdü. Ankara həyəcan qaldırdı və buna tam əsası var. Özəl adına baxmayaraq, KDB partiyası son zamanlar Türkiyənin güney-şərqində qiyamçı fəaliyyətini gücləndirmiş PKK-nın qız törəməsidir. PKK fəalları orada kürd idarəçiliyi elan edib, PKK fəalları isə şəhərlərdə gizlənir, səngərlənir və Türkiyə təhlükəsizlik qüvvələrinə hücum edirlər.

Ərdoğan PKK-nı məhv etmək qətiyyətini açıqlayıb, lakin buna heç kimin xüsusi ümidi yoxdur. Türkiyə hökuməti otuz il boyunca PKK-nın kökünü kəsməyə cəhd etdi. Lakin PKK heç vaxt özünü bugünki qədər möhkəm və diplomatik-hərbi planda inamlı hiss etməyib. PKK İraq və Suriyada mərkəzi hökumətlərin zəifləməyindən yararlanıb on beş il öncə öz mənzil-qərargahını şimali İraqın çətin əlyetən Qəndil dağlarında yerləşdirdi. PYD lap bu günlərdə Suriyanın şimalında əslində Rojava muxtariyyətini təşkil edib. Qiyamçı hərəkat Türkiyənin cənub-şərqində yenidən tam gücüylə alovlanıb.

Bəlkə də, ən mənalısı bu oldu ki, PKK İŞİD-lə mübarizədə görünməmiş beynəlxalq etiraf qazandı.

Vaşinqton, ardınca isə Avropa parlamenti bir vaxtlar – 1997-ci ildə PKK-nı terrorçu qurum elan etdi, bu gün isə Amerika xüsusi təyinatlısı Suriyada PKK-nın törəmə təşkilatını silahlandırır və öyrədir. Vaşinqton bu əməkdaşlığa bununla haqq qazandırır ki, PYD PKK-dan ayrı bir strukturdur və hər şey ona doğru gedir ki, həm ABŞ, həm də Avropa “terrorçu” damğasını bu təşkilatın üzərindən götürəcək. Bu cəhdlər uğurla nəticələnsə, PKK üçün çox böyük hədiyyə olacaq. Lakin müstəqil Kürdüstanın yaradılması üzrə niyyətin həyata keçirilməsi üçün Qərbin yardımı və ya xeyirxah iradəsi PKK-ya gərək olmaya da bilər. İŞİD-lə müharibədə PKK-nın rolu kürdlərə hamilik edən böyük dövlət Rusiya ilə münasibətləri canlandırdı. Moskva kürdlərlə əməkdaşlıq edərək İŞİD-lə müharibə apara, Türkiyəni cəzalandıra, Suriyada ABŞ-ı uda bilər və Amerika-Türkiyə münasibətlərini qəlizləşdirib NATO-nun zəifləməyinə şərait yarada bilər.



Rusiya çoxdan kürdlərə hamilik edir



PKK ilə Rusiya arasındakı bugünki alyansın müşahidəçiləri hər şeydən öncə anlamalıdır ki, bunda yeni və ya qəribə heç nə yoxdur. 1787-ci ildə Böyük Yekaterina kürd qarammatikasının nəşrini sifariş etdiyi vaxtdan bəri Yaxın Şərqdə Rusiya-kürd alyansı iki yüz ildən çox müddətdə adi bir hadisədir. Yekaterinanın kürdlərə marağı təkcə akademik deyildi. Rusiyanın rəsmən tanıdığı kürd tayfaları cənub hüdudlardakı olayların mühüm iştirakçıları idilər. Kürdlər 1804-cü ildən başlayaraq, Rusiyanın Qacar İranı və Osmanlı imperiyası ilə müharibələrində mühüm rol oynayıblar. Kürdləri çar ordusu tərəfdən vuruşmağa təhrik edən səbəblər Qacarların və Osmanlıların bu tayfaların daxili işlərinə qarışması və yaxud adi opportunizmlə bağlıydı. Lakin kürdlər keçən yüzilliyin başlanğıcına doğru həm xarici müdaxilədən qurtuluş, həm də köçəri və savadsız əhalinin iyirminci əsrin ruhuna uyğun müasir cəmiyyətə çevrilməsi üçün Rusiyanı getdikcə daha çox yeganə ümid yeri kimi görməyə başladılar.

Rusiyayönlü kürd xadimlərdən ən məşhuru Türkiyənin şərqindəki Cizrə əmirliyinin son kürd əmirinin oğlu Əbdürrəzzaq Bədirxan idi. O, mülk və malikanədən məhrum olub Osmanlı diplomatiyasına xidmətə girir və XIX əsrin 90-cı illərindən başlayaraq, Sankt-Peterburqda türk səfirliyində qulluq edur. Qulluq illəri onu etiqadlı russevər etdi və 1910-cu ildə Rusiyanın tərəfinə keçir, Rusiya pulları, silahı və kəşfiyyatının yardımı ilə kürd tayfa başçılarının Osmanlı idarəçiliyinə qarşı qiyamını təşkil edir. Onun cəhdləri təkcə üsyanların təşkili ilə məhdudlaşmır. Sankt-Peterburq kürd araşdırmaları üzrə dünya mərkəzinə çevrildi.

Bədirxan Rusiya Elmlər Akademiyası və Xarici İşlər Nazirliyi ilə birlikdə 1914-cü ildə kürdlər üçün rus məktəbi açdı və gənc kürdlərin yoxsulluq və cəhalətdən çıxıb sonradan Avropa təhsili alaraq kürd milli elitasını formalaşdırmasından ötrü daha bir neçəsini açmaq niyyətində idi. Lakin başlanan I dünya savaşı bu planlara mane oldu.

Əbdürrəzaq Bədirxan heç də tək deyildi. I dünya savaşının son illərində müxtəlif kürd rəhbərləri Rusiya ilə əməkdaşlıqda Anadolunun şərqində həmişə Osmanlı idarəçiliyinə qarşı üsyanlar təşkil edirdilər. Rusiya təsirinin dərinliyi xüsusən Bitlis üsyanında (1914-cü ilin aprelində) üzə çıxdı. Kürdlər şəhəri vaxtından əvvəl tutdular. Bədirxan məhz bu vaxt uzaq Sankt-Peterburqda danışıqlar aparırdı. Üsyan boğuldu, iştirakçılar Rusiya sərhədini keçdilər, rəhbərlərdən dördü isə müharibə başlanana qədər Rusiya konsulluğunda gizləndilər.
Yekaterinadan Putinədək oynanan “kürd kartı”:Rusiya kürdlərdən niyə möhkəm yapışıb? –TƏHLİL
Sovet İttifaqı və kürdlər: Qırmızı Kürdüstan, Mahabad respublikası və Kürdüstan Fəhlə Partiyası



1917-ci ildə Rusiya imperiyasının sonu heç də Rusiyanın kürdlərə münasibətdə iddialarının sonu demək deyildi. Sovet hökuməti 1923-cü ildə Ermənistan-Azərbaycan sərhədində nominal muxtar “Qırmızı Kürdüstan” adlı kürd əyaləti yaratdı. Bu, ilk etnik kürd dövlət qurumu idi. Kurmanci dilində qəzet buraxmaq və kürd məktəblərini yaradılması ilə yanaşı, sosialist ideyalarının Yaxın Şərq kürdləri arasında yayılması da muxtariyyətin vəzifəsinə aid idi. Lakin İosif Stalin inqilab ixracının Sovet İttifaqına əks-inqilab idxalına səbəb olacağını qət edib “Qırmızı Kürdüstanı” 1930-cu ildə ləğv etdi.

Bununla belə, sovet lideri kürdlərdən geopolitik alət qismində yaralanmaqdan heç də imtina etmədi. Uinston Çörçillə birlikdə 1941-ci ildə İranı təsir zonasına bölüb Mahabad şəhəri (İranın şimalı) mərkəz olmaqla regional kürd administrasiyası yaratmağı nəzərdə tutdu. Mahabad administrasiyası 1945-ci ildə özünü suveren kürd respublikası elan etdi və bir il sonra Stalin formal razılaşma əsasında İrandan qoşunu çıxartmağa məcbur oldu. O özündən sonra burada sovet hərbi müşavirlərinin pərçimləndiyi, lakin zahirən kürd milli özlüyünü müəyyən etmə libasına bürünmüş dövlət buraxdı. Mahabad respublikası cəmi bir il yaşadı. Şah İran ordusunu kürd respublikasını darmadağın etməyə göndərəkən ABŞ-ın yeni prezidenti Harri Trumen sovet həmkarını mümkün müdaxilədən xəbərdar etdikdən sonra respublika məhv oldu.

Lakin SSRİ kürdlərlə maraqlanmağı davam etdirdi. Mahabad respublikasının ordusuna komandanlıq edən İraq-kürd lideri (və Kürdüstanın indiki prezidenti Məsud Bərzaninin atası) Mustafa Bərzani 1947-ci ildə daha iki min silahlı tərəfdarı ilə birlikdə SSRİ-də sığınacaq aldı. Bərzani Sovetlər ölkəsində on ildən çox qaldı və bundan sonra İraqa döndü.

SSRİ DTK-nın o zamankı sədri Aleksandr Şelepin “müstəqil kürd dövlətinin yaradılması uğrunda İran, İraq və Türkiyənin kürd əhalisinin fəallaşdırılması” üçün Bərzanidən və digər kürd liderlərdən istifadə etmək naminə fəal şəkildə çıxış edirdi.

Türkiyə 1952-ci ildən başlayaraq NATO-nun cənub cinahının dayaq məntəqəsi oldu və Moskvanın xarici fəaliyyətinin əsas yönlərindən birinə çevrildi. Türkiyənin zəiflədilməsi kimi nəzərdə tutulan kürd bölücülüyü oradan qidalandırıldı.

Bundan əlavə, SSRİ Ermənistan ərazisindən kürd dilində radio yayımına başladı, bolqar kəşfiyyatı ilə birlikdə Türkiyədəki kürd üsyançıları silahlandırdı, həmçinin Türkiyədən və digər ölkələrdən Sovet İttifaqında təhsil alan tələbələri ələ alıb onları özünün təsir agenti etdi.

Türkiyənin ərazi bütövlüyünə ən ciddi təhlükə PKK-nın yaradılması ilə meydana çıxdı. Gənc kürd siyasətçisi Abdulla Öcalan onu 1978-ci ildə – Sovet İttifaqının bütün dünyada azadlıq hərəkatlarına dəstəyinin çiçəkləndiyi dönəmində yaratdı. PKK tam şəkildə SSRİ tərəfindən yaradılmasa da, partiya ideoloji cəhətdən “sovet düşərgəsi”nə məxsus idi. Qurum marksizm-leninizmdən istifadə etdi, Öcalanın özü isə PKK-nı kürd sosialist inqilabının avanqardı hesab edirdi. PKK sovet yardımı aldı və 1984-cü ildə müstəqil kürd dövlətinin yaradılması naminə Türkiyəyə qarşı mübarizəyə başladı.

Hafiz Əsədin başçılığı ilə Suriya da PKK-nın hərbi birləşmələri üçün baza təminatı, həmçinin PKK-nın Türkiyə əməliyyatlarına logistik və hərbi dəstək verib onun əsas dayaqlarından biri oldu.

PKK döyüşçüləri o illərdə Almaniyanın “Qırmızı ordu fraksiyası”, Yaponiyanın “Qırmızı ordusu” və SSRİ-nin dəstəklədiyi başqa terror təşkilatları ilə birlikdə Livanda və onun hüdudlarından kənarda hazırlıq keçirdi.



kurd primakov



Postsovet Rusiyası və kürdlər



Səciyyəvidir ki, 1991-ci ildə SSRİ-nin dağılması heç də Moskva-PKK münasibətlərini kəsmədi. Əksinə, 90-cı illərdə Rusiya paytaxtında PKK təmsilçiliyi fəaliyyət göstərirdi, Roj TV kürd sputnik televiziyası üçün proqramların hazırlandığı Yaroslavlda isə “mədəni-maarif düşərgəsi” işləyirdi.

Abdulla Öcalan Suriyanı tərk edərkən nüfuzlu parlamentarların dəstəyini aldığı Moskvada dayandı. Lakin Rusiya dəstəyi hüdudsuz çıxmadı: ABŞ və Türkiyə Öcalanı fəal şəkildə axtarırdı, belə bir simanın gəlişini gizlətmək çətin idi, buna görə də Moskva onu geri qaytardı.

Postsovet Rusiyasının PKK ilə əməkdaşlığının səbəbləri ikilidir. Rusiya kürdlərlə iki yüz ildən artıqdır əməkdaşlıq edir, bu münasibətlərin tarixi yaddaşı və hazırlanmış infrastrukturu var. Bütün bunlara dəstək Rusiyanın Yaxın Şərqdə təsirini saxlamaqda yetərincə asan üsul deməkdir. Hətta “kürd kartı” Rusiya üçün çeçenlərə və Qafqazın başqa yaraqlılarına türk dəstəyinə qarşı çıxmaq üçün olduqca effektli vasitədir.



Rusiyanın "kürd kartı": ABŞ-a xəbərdarlıq



Rusiya bu gün kürd milli hərəkatını yenidən fəal şəkildə dəstəkləyir. Onun kürdlərlə davamlı münasibətləri nəzərə alınsa, heç də təəccüblü deyil ki, Rusiya xarici siyasəti hədəflərinə çatmaq xatirinə Putin kürdlərlə fəal şəkildə əməkdaşlıq edir. Kürdlər Rusiya ilə əməkdaşlığın uzun tarixini yaxşı xatırlayırlar. Bu ölkənin bu gün kürdlərə təklif ediləsi nəyisə var. O, təkcə silah tədarükü və kəşfiyyat məlumatları qaynağı deyil və ABŞ-dan fərqli olaraq, Suriyada indiki şəraitdə özünü açar oyunçulardan biri kimi göstərdi.

Bundan başqa, Rusiya – zəngin diplomatik təcrübəli və BMT TŞ-nın daimi üzvü olan dövlət kimi müxtəlif səviyyələrdə kürdlərə dəstək verə bilər. Amerikalılar qarşısında başlıca üstünlük bundan ibarətdir ki, Rusiyanın kürdlərlə münasibəti NATO üzvü kimi ABŞ-a vacib olan Türkiyə ilə yaxşı münasibətlərlə buxovlanmır. Bu, qətiyyən onu bildirmir ki, Rusiya kürd dövlətçiliyinin formalaşmasına mütləq təkan verəcək. Rusiya-kürd münasibətlərində tərəflərdən hər birinin öz siyasi təmənnası var. Moskva üçün prioritet Əsəd rejiminin xilası və saxlanmasıdır və Əsəd hələlik Rojavanın Suriyadan ayrılması və ölkə sərhədlərinin dəyişdiləcəyini qəbul edəcəyi haqda aydın işarə verməyib.

Kürdüstanın suverenliyinə birmənalı dəstəyi əngəlləyən daha bir amil İran və onun bu prosesə qarşı çıxmağıdır. Tehran Moskva və Dəməşqin önəmli tərəfdaşıdır. Digər tərəfdən, İran öz ərazisində ideyaca PKK-ya yaxın və Abdulla Öcalanı lider kimi qəbul edən “Azad Həyat” kürd patiyasının (PJAK) başılığı ilə İranda kürd üsyanına məruz qala bilər. Bu qurumun hərbi qanadı var və buna görə də Əsəd gerçəklikdə Kürdüstanın müstəqilliyini görmək istəmir.

PKK-nın güclənməsinin kürdlər üçün müsbət amil olub-olmayacağı hələlik görünə biləcəyi qədər də yəqin deyil. Yüksək intizamlı və iyerarxik struktur, ideoloji baxımdan nə liberal, nə də demokratik olan PKK hətta kürdlər tərəfdən də yekdil dəstəkdən məhrumdur və bundan başqa, Kürdüstan bölgə dövləti üçün ölümcül təhlükə daşıyır, çünki bu iki stukturun kürdlərin gələcəyinə baxışı tamamilə müxtəlifdir.

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.