Erməni şərhçi:"Ermənistan silahlı qüvvələri arxaik görünür, çağdaş müdafiə tələblərinə cavab vermir”.
13-03-2016, 12:15
Ermənistanın hərbi sahədə uğurları çox şübhəlidir.
ANS-in məlumatına görə, erməni şərhçi İqor Muradyan bu barədə bu gün yazdığı məqalədə vurğulayıb.
Avropa ilə münasibətlər balansında Azərbaycanın və Ermənistanın yerinə həsr olunmuş məqalədə İqor Muradyan uğurlarını dəfələrlə şişirtməyin ermənilərə xas adət ollduğunu vurğulayıb: “Rusiya ilə hərbi əməkdaşlıq çağdaş silahlı qüvvələr yaratmağa imkan vermədi, Rusiya ilə birtərəfli əməkdaşlıq üzündən çox sayda problemlər var. Ermənistan silahlı qüvvələri arxaik görünür, çağdaş müdafiə tələblərinə cavab vermir”.
Muradyanın fikrincə, Ermənistan hərbi məsələdə özünü çətin vəziyyətə salıb və bu, onun iqtisadi inkişafına, insan resurslarına uyğun gəlmir: “Ermənistan silahlı qüvvələri qarşısında duran öhdəliyi yerinə yetərməsi üçün 100 min şəxsi heyətə, xeyli artıq hərbi-hava və zirehli tank qüvvələrinə malik olmalıdır”.
Erməni şəhrçi bu məsələdə, təbii ki, haqlıdır. Toplam əsgər sayı 35-40 mini keçməyən Ermənistan ordusu Azərbaycan ordusuna iki dəfədən çox uduzur. Ermənistan ordusunun texnikası da İkinci Dünya Müharibəsindən sonrakı dövrləri andırır.
İqor Muradyan həm də düşünür ki, kəskin münaqişə şəraitində qalmış Ermənistan regiondakı silahlanma yarışını uduzur: “Bu işin öhdəsindən gəlmək üçün Ermənistan hərbi xərcləri iki dəfə artırmalıdır. Hətta diasporun yardımı ilə belə bu, mümkün deyil. Ermənistanın siyasəti silahlanma yarışından uzaqlaşıb, regionda fərqli münasibətlər rejiminə daxil olmağa əsaslanmalıdır”.
Bütün bu etirafları ilə yanaşı, İqor Muradyan da özü bəhs etdiyi erməni xasiyyətindən əl çəkə bilmir. Erməni şərhçi Avropa və ABŞ ilə münasibətlərdə ölkəsinin imkanlarını həddindən artıq dəyərləndirir: “Ermənistan ABŞ və Avropada Cənubi Qafqaz üzrə sabitliyə təsir edə biləcək yeganə ciddi hərbi tərəfdaş sayılır. Ermənistanın NATO ilə tərəfdaşlığı çox sayda regiondaxili məsələlərlə yanaşı, bir sıra strateji məsələlərin həllinə də imkan verər. Ermənistanın Cənubi Qafqazdakı qonşuları müdafiə sahəsində daha zəif təşkilatlanıblar və yetərincə dinamik deyillər”.
Azərbaycan Müdafiə Nazirliyinin sabiq işçisi, polkovnik-leytenant Üzeyir Cəfərov ANS-ə müsahibəsinə İqor Muradyanın NATO - Ermənistan münasibətlərinin perspektivi barədə dediyi bu cümlələri əsassız adlandırıb: “İqor Muradyan Ermənistanda həqiqəti etiraf etməyi bacaran nadir şəxsiyyətlərdəndir. Ermənistan ordusunun vəziyyəti ilə bağlı dediklərində tamamilə haqlıdır, amma NATO ilə münasibətlər barədə dediklərində erməni ədəbazlığından əl çəkə bilmir”.
Üzeyir Cəfərovun fikrincə, Muradyan böyük ehtimalla ermənilərin xristian olmasına işarə vurur: “Bu yenilik deyil. Ermənistan bu illər ərzində Qarabağı bu amilin hesabına işğal altında tuta bilib. Serj Sərkisayan bir neçə gün əvvəl Moskvada Qarabağ məsələsində Rusiyanın verdiyi dəstəyə görə Putinə minnətdarlıq elədi. Bu, əslində, Minsk Qrupunun həmsədr ölkələrinə edilən minnətdarlıq idi”.
Lakin polkovnik-leytenant düşünür ki, xristianlıq amili Ermənistanı NATO üçün maraqlı etməyə yetərli amil deyil: "Ermənistan öz ərazisini 49 illiyə başqa dövlətə (Rusiyaya) icarəyə verib, 49 il Ermənistanın sərhədlərini başqa dövlət qoruyacaq. Təbii ki, 49 il ərzində Ermənistan NATO ilə Rusiyanın icazəsi olmayan heç bir əməkdaşlıq edə bilməz".
Amma buna baxmayaraq, ermənilərin Rusiyanın gələcəyinə elə də inanmadıqlarını görmək olur. Buna görə də Qarabağ klanı Muradyan kimi keçmiş firqədaşlarının dili ilə Qərbə potensial əməkdaşlıq mesajları verir. Təsadüfi deyil ki, prezident Serj Sərkisyanın Moskvaya səfərindən bir neçə gün öncə müdafiə naziri Seyran Ohanyan və xarici işlər naziri Edvard Nalbandayan Brüsselə səfər edib, Qərb dairələrinin könlünü almağa çaldışıblar.
Amma 1915-ci ildə baş vermiş Van hadisələri göstərdi ki, ermənilərin bu cür ikili oyunları başlarında çatlayır. İndi Muradyan kimi şərhçilər soydaşlarını nə qədər xəbərdar etsə də, bunun xeyri yoxdur - erməni xalqı həmişə çoxbilmişlik göstərərək öz faciəsini öz əli ilə hazırlayır. Çoxbilmiş quş, adətən, dimdiyindən tələyə düşür. Ermənilər də indi dimdiklərini uzadıb eyni vaxtda iki hində dənlənmək istəyirlər.