Toyuq ayaqlarından lüləkabab...

14-03-2016, 02:17           
Toyuq ayaqlarından lüləkabab...
Restoran və şadlıq evlərində yediklərimiz dəhşət saçır; ekspertlər xəbərdarlıq edir; Azərbaycanda hələ də qida təhlükəsizliyi ilə bağlı qanun yoxdur...

Sosial şəbəkələrdə yayılan Bakıdakı şadlıq saraylarının birində lüləkababın hazırlanmasını əks etdirən görüntülər insanları dəhşətə gətirib. Sən demə, toylarda yediyimiz lülə kababın içinə həm də, toyuq ayağı (dırnağı ilə birlikdə), toyuq qanadı, dəri və sair də qatılırmış. Üstəlik, həmin ətlərin keyfiyyətsiz olduğu ilk baxışdan anlaşılır.

Bu durum sağlamlığımızın nə dərəcədə təhlükədə olmasından xəbər verir. Digər bir problem isə odur ki, restoranlarda verilən yeməklərin təhlükəsizliyinə heç bir qurum tərəfindən nəzarət olunmur. Təəssüflər olsun ki, insanlar restoranlarda yedikləri qidadan zəhərlənəndə belə kimsə məsuliyyətə cəlb edilmir.

Azad İstehlakçılar Cəmiyyətinin rəhbər Eyyub Hüseynov “Yeni Müsavat”a danışarən bildirdi ki, restoranlarda mümkün olan nə varsa, hamısını farşlara qarışdırılır, keyfiyyətə isə heç kim nəzarət etmir: “Elə olur ki, farşlar ətdən daha ucuz başa gəlir. Çünki içinə nə gəldi qatırlar. Bu problem bütün dünyanın diqqətindədir. 15 mart Beynəlxalq İstehlakçılar Günüdür. Beynəlxalq İstehlakçılar Təşkilatı bütün ölkələrə bəyanat yayıb ki, heyvan ətləri ilə ümumiyyətlə, ehtiyatlı olmaq lazımdır. Çünki onların tərkibindəki antibiotiklər, yəni baytarlıq dərmanlarının qalıqları qalır. Belə getsə, yaxın 20 ildə insanların dərmanlara adaptasiyası əmələ gələcək və dərmanlar insanlara heç cür təsir etməyəcək, böyük problemlər yaşanacaq”.

E. Hüseynov təəssüflə qeyd etdi ki, ölkə prezidentinin yaratdığı bu cür rahat şəraitdən 4 aydır sahibkarlar tam sui-istifadə edir: “Ona görə bu yaxınlarda Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov da bu məsələyə toxundu. Hesab edirəm ki, bu məsələdə dövlət qurumları da konkret iş görməlidir və bunun qarşısı alınmalıdır. Bu məsələdə dövlət orqanları tam biganəlik göstərir. Belə getsə, insanların səhhətində ciddi mənada problemlər olacaq, onları apteklərdə daha çox görəcəyik. Odur ki, ictimai nəzarəti həyata keçirmək üçün mütləq KİV də bu yoxlamalarda təmsil olunmalıdır. Yaxşı olar ki, bu, Komitənin nəzdində olsun. Dövlət orqanı media və ictimai təşkilatlarla birgə işləməlidir. Çox təəssüf ki, biznes qurumları hazırda insanları ölümə aparır”.

Ekspertin sözlərinə görə, Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı qanun hələ də qəbul olunmayıb və bu durum qidaların keyfiyyətinə nəzarət etməyə imkan vermir: “Dəfələrlə bu qanun layihəsi hazırlanıb, beynəlxalq təşkilatlar tərəfindən tövsiyələr verilib. Lakin Milli Məclisdə bu qanun nə müzakirə olunur, nə də qəbul edilir. Ümumiyyətlə, heç gündəliyə də salınmır. Bunun iki səbəbi ola bilər. Əhalinin səhhətində problemlərin olmasında maraqlı qüvvələr var. Çünki hazırda klinikalar, apteklər insanlarla doludur. İnsanın yediyi birbaşa səhhətinə təsir edir. Hippokratın dediyi kimi, biz nə yeyiriksə, oyuq. Heç bir qanun yoxdur ki, ölkədə qidanın keyfiyyətini tənzimləsin. Dövlət orqanları bəzən rayonlarda gətirilən 20 ton əti müsadirə edir. Lakin soruşmurlar ki, bunu hara aparırsan. Deməli, buna tələb var ki, təklif də ortaya çıxır. Məlumatlar var ki, murdar olmuş heyvanların ətlərini şadlıq evlərinə verirlər. Lakin bu hansı şadlıq evləridir, bununla maraqlanan yoxdur Anormal vəziyyətdir”.

Eyyub Hüseynov əhaliyə səslənərək, onları ehtiyatlı olmağa çağırdı: “Elə restoranlar var ki, onların mətbəxi açıqdır. Türkiyədə əksər restoranların monitorlarında mətbəx əks olunur. Yaxşı olar ki, insanlar açıq mətbəxi olan restoranlara üstünlük versinlər. Yedikləri ətin mənşəyini soruşsunlar, sağlamlıq sertifikatını tələb etsinlər. Hərçənd ki, o sənədlər də məhsulların sağlamlığını təmin etmir. Restoranlar da çalışmalıdırlar ki, istehlakçılarla onlar arasında şəffaf mühit yaransın”.

Tibb elmləri doktoru Adil Qeybulla isə “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, ət məhsullarının təmiz və təzə olmaması insan səhhətinə böyük ziyan vura bilər: “Əvvəla, hər bir ət məhsulu baytarlıq xidmətinin nəzarətindən keçməlidir. Burada ən önəmlisi heyvanda xəstəliyin, zooloji infeksiyaların olub-olmamasıdır. Brüselyoz, toksoplazma və sair kimi infeksiyalar var, bu həmin ətdən insana da keçə bilər. Bundan başqa, ətin nə dərəcədə təzə olması da önəmlidir. Vaxtı keçmiş ət mikroblar üçün qida mənbəyidir və laboratoriya şəraitində ətin bulyonundan mikrobları artırmaq, onların növünü müəyyən etmək üçün istifadə olunur. Mikroblar ət üzərində çox tezliklə artıb-çoxalırlar. Ətin saxlanma şərtləri pozulduğu halda, orada hər cür mikrooqranizmlər inkişaf edə bilər. Bu da insan orqanizmində toksik infeksiyalar yarada, qida zəhərlənmələrinə yol aça bilər, o cümlədən botulizmə gətirə bilər. Ona görə də ət məhsullarında keyfiyyət parametrlərinə çox ciddi fikir vermək lazımdır”.

A.Qeydulla ölmüş heyvan ətlərinin yeməklərə vurulmasını istisna etmədi və bu durumun dəhşətli xəstəliklərə yol açacağını bildirdi: “Lüləkababda ət qatqı məhsulu olduğu üçün şadlıq evlərinin əksəriyyətində ona mümkün olan hər cür əti qatırlar. Məlumatlar var ki, şadlıq evlərinə ölmüş heyvanlar gətirilir. Xarici ölkələrdə təbii fəlakət zamanı seldə boğulan heyvanlar Azərbaycana gətirilir. Eləcə də, at əti, müxtəlif heyvanların ətləri istifadə olunur. Təəssüf ki, şadlıq evlərində yeməklərlə bağlı bu cür şayiələrin yayılması əsassız deyil. Ancaq bunlar müvafiq orqanların işləridir. İnsanlar buna nəzarət edə bilmir. Sadəcə olaraq, insanlar həmin qidanın keyfiyyətinin dəyişdiyini görə bilərlər. Amma hesab edirəm ki, ərzaq təhlükəsizliyi baxımından bu məsələyə çox ciddi nəzarət olunmalıdır. O qidalardan uşaqlar, hamilə qadınlar da istifadə edir. Onların da səhhətində hər cür problemlər yaşana bilər”.

Qeyd edək ki, restoranlar da bu sektorda belə halların olduğunu etiraf edirlər. “Neon” restoranının adının çəkilməsini istəməyən administratoru bildirdi ki, bu kimi hallar mövcuddur: “Biz heç zaman müştəriyə keyfiyyətsiz məhsul təqdim etmərik. Heç vaxt da yeməklərimizdən şikayət gəlməyib. Lakin siz stolu 25 manat olan restorana da zəng vursanız deyəcəklər ki, Ağcabədidən əmlik quzular gətirilir. Heç kim öz malına pis deməz. Ancaq mən ad çəkə bilmərəm , bu antireklam olar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.