“OMON” hadisələri baş verməyə bilərdi, əgər...

16-03-2016, 09:57           
“OMON” hadisələri baş verməyə bilərdi, əgər...
Rövşən Cavadovun öldürülməsindən 21 il ötür; “OMON” hadisələrinin izləri isə qalmaqda davam edir...
Sabah Rövşən Cavadovun başçılığı ilə yaradılmış Xüsusi Təyinatlı Polis Dəstəsinə (“OMON”) qarşı həyata keçirilən əməliyyatdan 21 il ötür. OMON-la Daxili Qoşunlar arasında davam edən silahlı mübarizə sonda Rövşən Cavadovun öldürülməsi və XTPD-nin tamamən ləğvi ilə nəticələndi.

Qeyd edək ki, proseslər 1995-ci ilin 13 martında Qazaxda başladı, 16-dan 17-nə keçən gecə Bakının 8-ci kilometr qəsəbəsindəki döyüşlərlə başa çatdı. Qarşıdurma nəticəsində rəsmi statistikaya görə, 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olub, 8 XTPD əməkdaşı öldürülüb, 105 nəfər yaralanıb. XTPD rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat edib.

Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, “OMON” hadisələrinin izləri hələ də qalmaqdadır. Hazırda həbsxanalarda üç ömürlük “OMON”-çu məhbus var. Onlar XTPD-nin Qazax bölməsinin rəhbəri olmuş Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovdur. Bu şəxslərin özləri, yaxınları və hüquq müdafiə təşkilatları dəfələrlə aidiyyəti orqanlara müraciət etsələr də, onlar hələ də həbsdə qalmaqda davam edirlər.

“OMON” hadisələri ilə bağlı ictimaiyyət arasındakı mövqelər də birmənalı deyil. Cavadov və tərəfdarlarının suçlu olduğunu deyənlər də var, həmin hadisələrin qarşısını itkisiz şəkildə almağın mümkün olduğunu düşünüb, hökuməti suçlayanlar da.

Mart hadisələri vaxtı dövlət müşaviri postunda çalışan politoloq Qabil Hüseynli həmin dövrdə ölkədə qeyri-qanuni dəstələrin meydan suladığını bildirdi: ““OMON”-a dəfələrlə təkid edilmişdi ki, DİN-in daxilində qeydiyyatdan keçsin və bu qurumun tabeçiliyinə verilsin. Amma “OMON”-çu dəstələr bütün cəhdlərə baxmayaraq, hakimiyyətə müqavimət göstərmək qərarına gəldilər. Açıq şəkildə qəzetlərə verdikləri müsahibələrdə Dövlət Şurası yaradacaqlarını, orada Elçibəy və Mütəllibovun iştirak edəcəklərini bəyan edirdilər. Üstəlik, bəzi vəzifəli şəxslərin istefasını təkidlə tələb edirdilər. Konkret dövlətin himayəsi ilə yaradılmış silahlı dəstə sonradan dövlətin əleyhinə olan qiyamçı dəstəyə çevrildi. Dövlət başçısının çağırışlarına məhəl qoymayaraq, dövlətə tabe olmaqdan boyun qaçırdılar.

Dəfələrlə cəhdlər edildi, arada vasitəçilər “OMON”-un qərargahına getdilər. Rəhmətlik şairimiz Bəxtiyar Vahabzadə, Rövşənin atası Bəxtiyar Cavadov mərhum prezident Heydər Əliyevin irəli sürdüyü şərtlər daxilində “OMON”-un silahı yerə qoymasını, qərargahdan çıxmalarını onların nəzərinə çatdırdılar. Heydər Əliyev onların hamısına nazirlik sistemində qeydiyyatdan keçdikdən sonra vəzifələrə götürüləcəkləri barədə vəd verdi. Amma təəssüf ki, “OMON”-çular hökumətə meydan oxumaqda, müəyyən şəxslərin istefaya getməsində qərarlı görünürdülər. Belə olan halda istənilən hökumət bu addımı atardı. Həmin ana qədər Surət Hüseynovun da silahlı dəstəsi zərərsizləşdirilmiş, ölkədə quruculuq prosesi gedirdi. Ona görə məsələnin hərbi yolla həll olunması variantı gündəmə gəldi. Üç gün ərzində “OMON”-a və onun rəhbərinə televiziya, mətbuat vasitəsilə tabe olmaqla bağlı çağırışlar edildi. Bu çağırışlara məhəl qoyulmayandan sonra silahlı dəstəni zərərsizləşdirməklə bağlı hərəkətə keçildi. Dövlət öz vəzifəsini yerini yetirdi və prosesləri nəzarəti altına aldı. Bu zaman hər iki tərəfdən həlak olanlar oldu. Bütün bunlara baxmayaraq, mart hadisələri ölkədəki qeyri-qanuni silahlı dəstələrin aradan qaldırılmasına və strukturların tam şəkildə işləməsinə meydan açdı. Bundan sonra ölkəmizdə silahlı birləşmələr tam şəkildə aradan qaldırıldı".

Sabiq dövlət müşaviri mart hadisələrinin baş verməməli olduğu ehtimallarına toxundu: “Həmin hadisələr o zaman baş verməyə bilərdi ki, ”OMON" hakimiyyətə tabe olardı, çağırışlara məhəl qoyub silahı təhvil verərdi. Amma bunların heç biri olmadı. Nəticədə toqquşma yaşandı və proseslərin başa çatması ilə nəticələndi. Qarabağ münaqişəsinin gərgin zamanlarında dövlətçiliyimizə qarşı qiyam qaldırmaq yolverilməz idi. Dövlət özünü qorumaq məcburiyyətindədir. Bu onun konstitision hüququdur".

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, “OMON” hadisələri baş verməyə də bilərdi: “Bu proseslər 1993-cü ildən özünü açıq şəkildə büruzə verməyə başladı. AXC-nin hakimiyyətdən getməsi və Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Rövşən Cavadov, Surət Hüseynov kimi məsələlər ortaya çıxdı. Rövşən Cavadov ideal şəxs idi. O, qarşıdurmalara getmək istəməmişdi və getmədi də. Amma bu, müvəqqəti xarakter daşıyırdı. Hər iki tərəf üçün bu, belə idi. Rövşən Cavadov o zaman geri çəkilmişdi, amma yarıyoldan. Tam geri çəkilsəydi, iddialarından vaz keçsəydi, əlbəttə, bu hadisələr baş verməzdi. Amma o, bunu etmədi. Demək olar ki, sona qədər mübarizəsini apardı. Məntiqi nəticəsi kimi, 17 mart hadisələri qaçılmaz olmuşdu. İş orasındadır ki, həmin dövrdə Azərbaycanda siyasi-hərbi müxalifət mövcud idi, o cümlədən Rövşən Cavadovun dəstəsi. Bu yolverilməz idi. Heç bir dövlət, ölkə başçısı bununla barışa bilməzdi. 1993-cü ildən başlayan proseslər bu sonucla nəticələndi. Bundan sonra Azərbaycanda hərbi müxalifət anlayışı tamam tarixdən silindi”.musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.